Türkiyədən işğalla bağlı qəti iradə... - Bakıya tarixi Qarabağ dəstəyi

Türkiyədən işğalla bağlı qəti iradə... - Bakıya tarixi Qarabağ dəstəyi backend

Rusiyalı politoloq: “İrəvanda əmindirlər ki, Bakı və Ankara Qarabağ planlarından əl çəkməyəcək”; erməni tarixçi: “Savaşda Rusiya Ermənistana açıq dəstək verməyəcək...”

Avqustun 10-da Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ortaq təlimlərinin birinci fazası başa çatdı. Naxçıvan da daxil olmaqla, ölkəmizin 5 bölgəsində keçirilən birgə hərbi manevrlərə bütün qoşun növlərinə aid qüvvələr, minlərlə şəxsi heyət və ilk dəfə olaraq, F-16 qırıcıları cəlb olunmuşdu. Təlimlər həm də iki ölkənin hərbi rəhbərliklərinin və yüksək rütbəli generallarının qarşılıqlı səfərləri və işğalçı Ermənistanın ünvanına səsləndirdikləri sərt bəyanatlarla yadda qaldı.

Bu bəyanat-mesajlar düşmən tərəfə artıq çatıb və gözlənildiyi kimi, yetərincə güclü təlaş və vahimə yaradıb. Həm də o səbəbə ki, Dağlıq Qarabağ konflikti boyu iki qardaş ölkə hərbi və hərbi-strateji sahələrdə bunca bir-birinə yaxınlaşmamış, müttəfiqlik bunca qabarıq və real mahiyyət almamışdı. Bu isə mümkün Qarabağ savaşı, daha doğrusu, antiterror əməliyyatları zamanı mütləq öz sözünü deyəcək. Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, general-polkovnik Məhərrəm Əliyevin haqlı vurğuladığı kimi, bu təlimlər işğalçı Ermənistana son xəbərdarlıq da sayıla bilər.

*****

“Bu açıq-aşkar güc nümayişi idi və məkan da təsadüfi seçilməmişdi”.

Musavat.com-un məlumatına görə, bu sözləri erməni mediasına müsahibəsində tarixçi Qagik Hambaryan söyləyib. O, Azərbaycan-Türkiyə birgə təlimlərinin əhəmiyyətli bir hissəsinin Naxçıvanda baş tutmasına məxsusi diqqət çəkib. “Naxçıvan Azərbaycan və Türkiyənin Ermənistana qarşı hərbi əməliyyatlara başlaması üçün ən əlverişli meydandır, ona görə ki, Naxçıvandan İrəvana cəmi 50 km-lik məsafə var”, - deyə o qeyd edib.

Erməni tarixçinin fikrincə, Azərbaycan və Türkiyə təlimlər zamanı həmçinin, bölgədəki oyunçuların əhval-ruhiyyələrini yoxlayıb. “Bəs İran və Rusiyanın təlimlərə reaksiyası adekvat oldumu” sualına o, belə cavab verib: “Rusiya Ermənistanın 1 nömrəli hərbi tərəfdaşı hesab olunur, bir çox müqavilələr var ki, onlara əsasən Rusiya Ermənistan sərhədlərinin təhlükəsizliyinin qarantıdır. Ancaq bir problem var. Rusiya Ermənistanı açıq şəkildə dəstəkləyərsə, Minsk Qrupu həmsədrləri formatında problemlər yaşanacaq, çünki həm Bakı, həm də Ankara Minsk Qrupunun həmsədri olan bir ölkənin Ermənistanı açıq şəkildə dəstəkləməsinə etiraz etməyə başlayacaq. Odur ki, hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə Rusiya Ermənistana hansısa köməyi edəcəksə belə, bu açıq şəkildə olmayacaq”, - deyə erməni tarixçi əlavə edib.

*****

“Tovuz hadisələrindən sonra yaranan yeni vəziyyət, daha doğrusu, siyasi tendensiya davam edir”.

Bunu isə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mətbuata açıqlamaısnda deyib. O bildirib ki, hərbi baxımdan toqquşmalar genişmiqyaslı olmasa da, ciddi mövqe dəyişiklikləri baş verməsə də, yaşananların hərbi-siyasi nəticələri çox ciddi olub: “Birincisi, Ermənistan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), nə də Rusiyadan umduğu dəstəyi almadı. Hiss edilir ki, ermənilər vəziyyətin bu şəkil almasından narazıdır. Doğrudur, məlumat getdi ki, ora Rusiyadan təyyarələr vasitəsilə silahlar göndərilib. Amma təyyarə ilə daşınan silahların miqdarı və təsiredici imkanları nisbidir. Azərbaycana isə Ermənistandan fərqli olaraq, ciddi hərbi-siyasi dəstək gəldi. Aydın görürük ki, Azərbaycanın mövqeyini dəstəkləyən bir sıra beynəlxalq təşkilatlar var. Ən əhəmiyyətlisi odur ki, Türkiyə tərəfindən verilən hərbi-siyasi dəstək güclü amil kimi özünü göstərdi. Üstəlik, Azərbaycan və Türkiyə planlaşdırılan hərbi təlimlər keçirdi. Naxçıvanda da baş tutan təlimlərlə Türkiyə göstərmək istədi ki, Moskva sazişi əsasında Azərbaycanın Naxçıvan hissəsinin təhlükəsizliyini təmin etməkdə israrlıdır. Eyni zamanda, təlimlərdə F-16 qırıcılarının istifadə olunması göstərir ki, Türkiyənin bu məsələ ilə bağlı qəti iradəsi var”.

Politoloq həmsədrlərin passivliyinə də diqqət yönəldib. “Tovuz hadisələrinin üzərindən bir aydan çox vaxt keçməsinə baxmayaraq, biz onlardan hər hansı bir təşəbbüs görmürük. Bir neçə ay əvvəl verdiyimiz ”ermənilərlə üz-üzə dayanacağıq" kimi proqnoz artıq özünü doğrultdu. Ermənistan tərəfinin siyasətində hansısa dəyişikliklərin baş verəcəyinə inanmıram. İndiki erməni rəhbərliyinin siyasətdə əsas üslubu populizmdir", - deyə Zülfüqarov qeyd edib.

Onun əminliyinə görə, bütün bunların nəticəsində görünən odur ki, Ermənistan və Azərbaycan irimiqyaslı müharibəyə daha da yaxınlaşır: “Bu proses gedir. Ermənistanın rəhbəri Paşinyan 7 şərt irəli sürüb. Bizim prezidentimiz də bir şərt irəli sürüb ki, torpaqları azad edin. Belə məntiqi çərçivənin içərisində hansı diplomatik bacarıq göstərə bilərsən? Torpaqlarımı azad et! İstəyirsən sənin 15 şərtin olsun. Faktiki danışıqlar bu şəkildə baş verib. Nəticədən belə çıxır ki, daha realı hərbi əməliyyatdır. Ermənilərə ciddi şəkildə təzyiq və təsir göstərilir. Biz görürük ki, bunun qarşısında ruslar onlara yardım edəsi deyil. Düzdür, bizim təlimlərdən əvvəl onların təlimi olub. Amma orada təlimlərə cəmi bir neçə yüz adam cəlb edilib və onların da əksəriyyəti ermənilər olub. Ciddi təlimlər olmayıb. Sadəcə, bir alay səviyyəsində təlim keçiblər. Söhbət balaca birləşmədən gedir”.

*****

Öz növbəsində xarici siyasət, müdafiə və təhlükəsizlik sahələri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk hesab edir ki, Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar aparmağa məcburdur, çünki bunu istəmir, ona görə də gələcəkdə işğalçı tərəfin yalnız hərbi obyektləri gücləndirməsini gözləmək olar.

Onun sözlərinə görə, hər cür təxribatlar, eləcə də kiçik, orta və böyük müharibələr artıq həmişəlik Qarabağla yanbayandır və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayır: “Əsas da Qarabağ problemi həll olunmadığı üçün. Aprel 2016 və iyul 2020 olayları yalnız bu cür gələcək qaçılmaz prosesləri sürətləndirir. Ancaq indi vəziyyət daha mürəkkəb görünür: görəsən gözlənilmədən ilk zərbəni kim vuracaq. Kim yad ərazilərinin dərinliyinə hücuma ilk başlayacaqsa, o da həlledici üstünlüyə sahib olacaq. Axı, ”Tovuz", əslində heç bir şey həll etmədi, bitirmədi, yalnız gələcək silahlı münaqişələrə yol açdı".

Trofimçuk hesab edir ki, İrəvana indi müharibə lazım deyil, çünki işğal altındakı torpaqlar onun nəzarətindədir. “Ermənistan üçün əsas odur ki, bu mövzu ilə bağlı, ümumiyyətlə, ona toxunulmasın. O, Qarabağla bağlı danışıqları da çoxdan bitirərdi, di gəl, bu qaçılmaz reallığa dözmək məcburiyyətindədir. Ona görə də gələcəkdə yalnız Ermənistandan hərbi obyektlərin lazım olduğu yerlərdə gücləndirməsini gözləyə bilərik. İrəvanda başa düşürlər ki, dünyadakı hər hansı dəyişiklik, vəziyyətin pisləşməsi Qarabağ ətrafındakı etibarsız, “donuq” situasiyanı da qəfil dəyişdirə bilər. İrəvan Azərbaycanın Türkiyə ilə hərbi ittifaqını da nəzərə almaqla əmindir ki, Bakı Qarabağa və ona bitişik ərazilərə dair strateji planlarından əl çəkməyəcək", - deyə rusiyalı analitik sonda əlavə edib.

Buna işğalçı ölkənin havadarlarının, dünya birliyinin də şəkk-şübhəsi gərək olmasın. Zatən, beynəlxalq hüquq, Qarabağa dair BMT başda olmaqla, bütün nüfuzlu beynəlxalq və regional təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan, ölkəmizin haqlı mövqeyini müdafiə edən qərar və qətnamələrini, Azərbaycana öz ərazi bütövlüyü və suverenliyini müharibə yolu ilə bərpa etmək hüququ verən BMT Nizamnaməsini heç kim ləğv etməyib. Eləcə də Azərbaycan müharibə hüququndan imtina etməyib və etmək fikrində deyil.

“Azərbaycan rəhbərliyi Qarabağın müstəqilliyi ilə heç vaxt razılaşmayacaq”. Bu sözləri iki gün öncə Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canisi Serj Sərkisyan deyib. Onu da bildirib ki, “Dağlıq Qarabağ məsələsi yalnız beynəlxalq təzyiq nəticəsində həll edilə bilər”.

Beynəlxalq təzyiqlərin hansı tərəfə yönəlməli olduğu isə çoxdan bəlli: Sərkisyan bunu fərqli cür təsəvvür etsə də. Yox, dünya birliyi işğalçını sülhə vadar etməsə, bunu Azərbaycan Ordusu edəcək...

Diaspora