"Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyi qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ediblər ki, koronavirusla mübarizədə Azərbaycana dəstək olmaq istəyirik".
Bu məlumatı Lent.az -a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli verib. Sədr bildirib ki, Milliyyətçi Həkimlər Dərnəyi ilə onun rəhbərlik etdiyi İctimai Birlik arasında sıx əməkdaşlıq mövcuddur:"Hər il Dərnəyin rəhbərliyinin qərarı ilə onların nümayəndələri Qurban bayramında cəbhəyanı rayonlarda qurbanlar kəsərək, ehtiyacı olanlara, şəhid, veteran ailələrinə paylayırlar. Eyni zamanda, Bakıda məskunlaşmış Xocalı köçkünləri və paytaxtda yaşayan şəhid, əlil, veteran ailələri üçün də qurbanlar paylanılır. Bütün bu işlər təşkilatımızla birgə keçirilir. Ötən il Ağdamda, Bərdədə, Tərtərdə bir neçə hərbi hissədə böyük görüşlər də keçirildi. Bunlar hamısı Azərbaycan Türkiyə qardaşlığının bariz nümunəsidir”.
E.Həsənli sədr olduğu İB ilə Dərnək arasındakı əməkdaşlıqdan danışıb: “Dərnəyin üzvləri ilə həm Türkiyədə, həm də Azərbaycanda dəfələrlə görüşlər keçirmişik. Planımız vardı ki, dərnəyin həkimləri cəbhəboyu rayonlarımızın sakinləri üçün pulsuz dərman paylasınlar və tibbi xidmət göstərsinlər. Bu tədbirlərin həyata keçməsi üçün Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və dəstək verirdilər. Bizim təşkilat həm Türkiyənin, həm Şimali Kiprin qazi, şəhid ailələri və s. vətənpərvər təşkilatları ilə sıx əlaqədədir. Bu əməkdaşlıq həm Ulu öndərin “bir millət, iki dövlət”, həm də Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ideyalarına söykənir.
Dərnəkdə birləşən həkimlər Türkiyənin ən savadlı mütəxəssisləridir. COVİD-19 meydana çıxandan həmin dərnəyin həkimləri müraciət edərək bildirirlər ki, qardaş ölkəyə hər cür yardım etməyə hazırıq. Bununla bağlı Azərbaycan prezidentinə də müraciət ünvanlanmışdı. Müraciətdə bildirilirdi: “Milliyyətçi Həkimlər Dərnəyinin üzvü olan və ötən illərdə Azərbaycanda tibb təhsili almış həkimlər olaraq, COVİD-19-la mübarizə aparan qəhrəman Azərbaycan həkimlərinin yanında olmaq üçün ehtiyac olduğu an oraya gəlməyi istəyirik, arzulayırıq, tələb edirik. Biz, əvvəllər də ortaq layihələrdə işlədiyimiz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə yenə bir araya gəlib, qardaş dəstəyimizi göstərməyə hazırıq!”
İyulun 7-də isə Dərnəyin rəhbərliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, COVİD-19-la mübarizədə qardaş Azərbaycana dəstək olmaq və Azərbaycan həkimləri ilə bir sırada olmaq istədiklərini bildiriblər. Prezident Ərdoğana ünvanlanmış məktubda həkimlər bildirir ki, iki qardaş ölkənin qeyri-hökumət təşkilatları bu bəşəri bəladan qorunmaq üçün yenidən bir araya gəlib: “Bu günün başlıca fəlakəti olan COVİD-19 pandemiyasına qarşı iki qardaş ölkənin həkimləri birlikdə çalışmaq əzmindəyik. Qardaş Azərbaycana yardım üçün hazırıq. Sizin təqdir və dəstəyinizi gözləyirik”.