Azərbaycanda “körpü böhranı” böyüməkdədir.
Bu dəfə gündəmin subyekti cəmiyyətdir, - o iqtidarı komfort zonasından çıxaran məsələni müzakirə edir, ittihamları isə sərtdir, - İranla bağlanan sazişi xəyanət adlandırır, ən yaxşı halda məsul şəxslərin istefasını istəyir...İqtidar cəmiyyətin ittihamlarına “böhran menecerlərini" səfərbər etməklə “ittihamlı inkaretmə” metodu ilə cavab verir. Bir nəfərdən ibarət dırnaqarası təhlil mərkəzlərinin “vəkil ekspertləri”, Milli Məclisin “əməkdaşları” cəmiyyəti savadsızlıqda, aşağıların fikir liderlərini isə populizmdə suçlayır. Hakimiyyətin “fikir fabrikləri” ən pis halda “İran və Ermənistanı” aşağılayıcı keçi kimi təqdim edib, iqtidara olan hiddətin səmtini dəyişməyə çalışır.
“Körpü böhranı” ilə bağlı təbliğat materiallarının başlıqları sadəliyi ilə seçilsə da, məzmunları qəliz üslübda təqdim edilir. Bu metod başlıqla tanış olub nəticə çıxarmağa hesablanıb. İqtidarın "spin doktorları" hələ ki, səriştəsizdir - virtual mənzərəni öz xeyirlərinə dəyişə bilmirlər.
Həm də ona görə ki, istifadə etdikləri alət rolunu oynayan KİV lərin reputasiyası cəmiyyətə bəllidir – iqtidar onların vasitəsilə özünü təkrarlayıb ictimai fikri dəyişə bilməz. Müdafiə xarakterli materiallarda qabardılan “sazişin uğuru” amili isə hələ ki, ən uğursuz seçimdir! Nəymiş sazişin uğuru? – “Sazişdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb”, - deyir Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov. Bunu deyən səfirə BMT nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini və onların nəyisə məgər dəyişdiyini xatırlatmaq yerinə düşür. Sanki İranın Azərbaycanın ərazi bütövlüyünün bərpası istəyi yenilikmiş, diplomatik uğurmuş! Cəmiyyətinsə “körpü böhranı” ilə bağlı sualları açıq olaraq qalmaqdadır:
1. İranla işğaldakı torpaqlar arasındakı körpüdən bu günə kimi ermənilərin istifadəsini sübut edən faktlar var və bu iş birliyinin dayandırılması üçün iqtidar nə edir?
2.Ərazi işğalda olduğu dövrdə bu sazişin imzalanmasının Azərbaycanın strateji maraqlarına nə faydası var?
Anar Həsənov, Moskvada yaşayan tanınmış jurnalist
moderator.az