Xəzər dənizində baş verən qanlı hadisə ilə bağlı rəsmi Bakının notasına hələlik cavab verilməyib; politoloq: “Qazaxıstan-Azərbaycan münasibətlərindəki gərginlik birbaşa bizim düşmənimiz olan Ermənistanın maraqlarına xidmət edir”
Ötən həftə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib. “Yeni Müsavat” bununla bağlı Azərbaycan XİN-ə istinadən xəbər verir.Məlumatda deyilir ki, görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib. Görüş zamanı X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.
Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.
Səfir S. Abdıkarimov öz növbəsində baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verdi və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün səfirlik tərəfindən zəruri köməkliyin göstəriləcəyini ifadə edib.
Qeyd edək ki, aprelin 30-da Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları saxlanılıb. Sahil mühafizəçiləri Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovu saxlayan zaman silah tətbiq ediblər. Nəticədə 1 Azərbaycan vətəndaşı ölüb, 2-si yaralanıb.
Məsələ ilə bağlı Milli Məclisin sədr müavini, Azərbaycan-Qazaxıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev açıqlama ilə çıxış edib. “Azərbaycan-Qazaxıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq Qazaxıstan Respublikasının ərazisində 30 aprel 2020-ci il tarixdə bir nəfər vətəndaşımızın ölümü və iki nəfər vətəndaşımızın yaralanması ilə nəticələnən ağır insident ilə əlaqədar Qazaxıstan tərəfinə müraciət ünvanlamışıq. Müraciətdə yaralı vətəndaşlarımızın müalicəsinin təşkil edilməsini, habelə vəfat etmiş vətəndaşımızın nəşinin ölkəmizə geri qaytarılması ilə əlaqədar müvafiq tapşırıqlar verilmişdir”-açıqlamada bildirilir.
A.Əliyev vəfat edən soydaşımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyib. “Baş vermiş insidentdə günahkar olan şəxslərin müəyyən edilərək cəzalandırılması və nəticələri barədə Azərbaycan Respublikasına məlumat verilməsinin təmin edilməsi və gələcəkdə bir daha belə hadisələrin baş verməməsi üçün zəruri addımların atılmasının vacibliyi Qazaxıstan tərəfinin diqqətinə çatdırılmışdır”-daha sonra bildirilir.
Bəs, ötən günlər ərzində bu məsələ ilə bağlı hansı yeniliklər olub? Astana Bakının notasını cavablandırıbmı? Həmvətənimizin nəşi verilibmi? Bu suallarla müraciət etdiyimiz XİN-in mətbuat katibi Leyla Abdullayeva dedi ki, qurumun açıqlaması olacaq.
Təbii ki, baş verənlər acı təəssüf doğurur. Xüsusilə də iki türk respublikası arasında belə bir insidentin yaşanması heç xoşagələn deyil. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk dövlətləri arasında koronovirusla bağlı videokonfrans keçirilmişdi. Azərbaycan Türk dövlətləri ilə əməkdaşlığa daim önəm verir. İnsafən, eks-prezident Nursultan Nazarbayevin vaxtında Bakı ilə Astana arasında münasibətlər daim yüksələn xətlə inkişaf edib. Üstəlik, Nazarbayevin işğalçı Ermənistana münasibətdə prinsipial mövqeyi daim Azərbaycanda məmnunluqla qarşılanıb. Sonuncu dəfə biz 2016-cı ilin aprelində bunun şahidi olduq. O zaman Qazaxıstan İrəvanda KTMT-nin zirvə toplantısının keçirilməsində iştirakdan açıq şəkildə imtina etdi. Lakin Qazaxıstanın hazırki prezidenti Qasım-Jomart Tokayevin ötən il “Ermənistanın səsi” qəzetinə müsahibəsində “Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur. Ona görə də mən gələcək əməkdaşlığa optimist yanaşıram” deməsi bizdə məyusluq yaratdı. Bütün bunlardan sonra isə Xəzərdə Azərbaycan vətəndaşlarına – silahsız insanlara - qarşı silah tətbiq olunması şübhələr yaradır. İki Türk dövlətinin arasını vurmaq istəyənlərmi var?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında sərhəddə yaşanan insidentin xoşagəlməz olduğunu bildirdi: “Çünki iki qardaş ölkələr - Qazaxıstanla Azərbaycan arasında münasibətlər son illər kifayət qədər inkişaf edib. Ona görə də mən bu hadisəni qəsdən törədilmiş hadisə kimi qiymətləndirmirəm. Azərbaycan XİN haqlı olaraq Qazaxıstan səfirini çağıraraq ona notanı təqdim edib. Çünki 1 vətəndaşımız qətlə yetirilib, 2-si yaralanıb. Hətta sərhəd pozucusu olsalar belə, bu, qəsdən törədilən hadisə deyildi. İnsanları sərhəddə həbs etmək əvəzinə, onları qətlə yetirmək doğru sayıla bilməz. Bu insanlar sadəcə balıq tuturmuşlar və ola bilsin sərhədi bilmədən keçiblər. Xəzər dənizində belə hallar hər zaman olur”. E.Şahinoğlunun fikrincə, ona görə də tərəfi məsələni ciddi araşdırmalıdır ki, gələcəkdə belə hadisələr baş verməsin: “Qazaxıstan-Azərbaycan münasibətlərindəki gərginlik birbaşa bizim düşmənimiz olan Ermənistanın maraqlarına xidmət edir. Ona görə də Ermənistana belə bəhanə vermək olmaz. Qazaxıstan hakimiyyəti bu barədə ciddi düşünməlidir”.
Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Qazaxıstanın sərhəd mühafizə xidmətinin Xəzər dənizində Azərbaycan vətəndaşlarına qarşı silah işlətməsi, bu ölkədə son vaxtlar nə baş verir sualını ortaya qoyur: “Azərbaycan Mərkəzi Asiya ölkələri arasında daha sıx əməkdaşlıq etdiyi məhz bu ölkədir. Qazaxıstanla Xəzər dənizinin hüquqi konvensiyası üzrə heç bir problem yoxdur və tərəflər sahil xəttini müəyyənləşdiriblər. Azərbaycan daima dost və qardaş ölkəni bütün platformalarda dəstəkləyib və biz bunu Qazaxıstanın simasında da görürük. Nursultan Anzarabayevin prezidentliyi dönəmində bu ölkə KTMT və Avrasiya İttifaqı çərçivəsində Ermənistanın Azərbaycana qarşı bütün təxribatlarının qarşısını alıb və Bakı-Astana əlaqələri öz yüksəliş dönəminə daxil olub. Nazarbayev prezidentlikdən getdikdən sonra, bu ölkədə vəziyyət 180 dərəcə dəyişib. Ölkə daxilində Rusiya faktoru önə çıxıb. Həmçinin daxildə hakimiyyətə qarşı etirazlar baş qaldırır”. Ekspert xatırladıb ki, ötən gün Qazaxıstan senatının sədri N. Nazarbayevin qızı D. Nazarabyevin vəzifədən çıxarılması və bu kimi problemlər bu ölkənin Rusiya-Çin və ABŞ-ın maraq toqquşmasının nəticəsidir: “Görünür, Azərbaycanla Qazaxıstanın arasına girən müəyyən qüvvələr var. Onlar hər iki ölkənin əməkdaşlığından narahatdırlar. Qeyd edim ki, ermənilər Qazaxıstanda ruslarla birgə müəyyən gücə malikdir. Prezident Tokayevin məhz ermənilərlə müəyyən şəkildə yaxın əlaqələri, Rusiya ilə əməkdaşlığa üstünlük verməsi Azərbaycana qarşı münasibətdə müəyyən siyasətə təsir edə bilər. Məhz Xəzər dənizində bu insidentin baş verməsi təsadüfi deyil və rəsmi Bakı ciddi şəkildə bu problemlərin aradan qaldırlmasına çalışmalıdır”.
M.Əsədullazadə bütün bunlara baxmayaraq, hesab edir ki, Qazaxıstandakı mövqelərimizi gücləndirməliyik: “Bu istiqamətdə orada soydaşlarımızın potensialından istifadə edilməlidir. Hər vəchlə qardaş ölkə ilə münasibətləri yüksək səviyyədə qurmalıyıq. Qazaxıstan N. Nazarbayevin dönəmində millət kimi təşəkkül tapıb və milliliyini ortaya qoyub. Baxmayaraq ki, tarixi köklərə və dövlətçiliyə sahib olub. Amma, rusların burada uzun illər əsarəti bu xalqı ciddi şəkildə milli deqradasiyaya uğradıb. Bu ölkəyə rəhbər vəzifədə olanların çoxu türk və islam həmrəyliyindən uzaqdır. Ölkəmizin Qazaxıstana notası, bu ölkədə artıq rəsmiləri ayıltmalıdır”.
“Yeni Müsavat”