Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan Nikol Paşinyana Qarabağ danışıqlarıyla bağlı suallar verməyə başlayıb ki, özünün korrupsiya əməllərini diqqətlərdən yayındırsın.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Mənim Addımım Blokunun deputatı, Nikol Paşinyanın qayını Qraçya Akopyan paylaşıb.“Yəqin bir gün Vanetsyanın vəzifədən xarici xüsusi xidmət orqanları tərəfindən təsir altına salındığına görə çıxarılması aydınlaşacaq. Bəlkə də Baş nazir Nikol Paşinyan təzyiq altında ona xarici xüsusi xidmət orqanları tərəfindən casusluğa cəlb edildiyini etiraf etdirə bilib?” – deyə o bildirib.
Akopyanın sözlərinə görə, Vanetsyan Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyana sərvəti qarşılığında onun həbs edilməyəcəyi və Respublikaçılar Partiyasını gələcəkdə Ermənistanda hakimiyyətə gətirəcəyi vədini verib.
“Çoxları deyə bilər ki, əgər bütün bunlar həqiqətdirsə, Vanetsyana münasibətdə niyə cinayət işi açılmır. Dünya praktikası belədir ki, xarici agentlər yalnız ölkələrlə münasibətlər pozulmaq istəyəndə həbs edilir. Əgər münasibətləri pozmaq istəmirlərsə, onu sadəcə neytrallaşdırırlar ki, fəaliyyət göstərə bilməsin. Ermənistan indi heç bir ölkə ilə münasibətini pozmaq istəmir”.