Politoloq Elşən Manafov belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- İşğalçı tərəf son günlərdə cəbhə xəttində Azərbaycanın mövqelərinə qarşı təxribatların sayını artırıb. Koronavirus pandemiyasının bölgə və dünyada gərginlik yaratdığı bir vaxtda bunu təsadüf hesab etmək olarmı?
- Bu, təsadüfi hal sayıla bilməz. Çünki qlobal miqyasda yayılan koronavirus pandemiyası dünya nizamına yeni reallıqlar gətirir. Azərbaycandan olan hərbi ekspertlər əməliyyatların başlaması üçün münasib şəraitin yarandığını deyirlər. Koronavirus Ermənistan ordusunu da vurub, Dağlıq Qarabağdakı vəziyyət də məlumdur. Yəni beynəlxalq güclərin başlayacaq əməliyyatlara müdaxilə imkanları əvvəlki səviyyədə olmayacaq. Bu müdaxilələr bəyanatlardan o tərəfə keçməyəcək. Hesab edirəm ki, Rusiyanın özü də Ermənistan və Azərbaycan arasında başlayacaq döyüşlərə ciddi reaksiya verməyəcək. Bu vəziyyət, Dağlıq Qarabağda əməliyyatların başlanması üçün olduqca əlverişlidir. Bu fikirlər xüsusən də, hərbi ekspertlər tərəfindən dilə gətirilir.
Ermənistan tərəfinin təxribatlarına gəlincə, düşünürəm ki, bu, Aprel döyüşlərinin ildönümü ilə bağlıdır. 2016-cı ildə Azərbaycan ordusu qarşısında məğlub olan erməni tərəfi revanş götürmək istəyir. Bu baxımdan, belə təxribatların bundan sonra da olacağı istisna deyil. Habelə danışıqlarda yaranmış durğunluqdan istifadə edən Ermənistan rəhbərliyi bu kimi addımlarla Azərbaycanı təxribata çəkərək, bizi ittiham etmək üçün zəmin hazırlamaq istəyir. Əlbəttə Azərbaycan Prezidenti son çıxışlarından birində bir daha bildirdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, beynəlxalq birlik real vəziyyətin mahiyyətini gözəl anlayır.
Digər yandan, Ermənistan rəhbərliyinin uzun illər yaratdığı mif artıq reaksiya doğurmur. Bununla belə düşünürəm ki, yaranmış vəziyyətdə ehtiyatlı və təmkinli hərəkət etmək lazımdır. Azərbaycan tərəfi bütün hallarda bu təxribatlara getməyəcək. Amma erməni tərəfinin atdığı hər addıma yerində cavab verilməlidir, bunu da onlar çox yaxşı başa düşürlər.
- Pandemiya haqda belə bir fikir var ki, yeni dünya düzəninin formalaşmasını sürətləndirir. Bu baxımdan, postkoronavirus dönəmində bir sıra regional münaqişələrin həllində irəliləyişin olacağı da müzakirə mövzusudur. Bu nöqteyi-nəzər Dağlıq Qarabağ münaqişəsinə də aiddir?
- Məsələ bundadır ki, pandemiya dövlətlərarası münasibətlərdə müəyyən problemlər yaradır. Bu, eyni zamanda, münasibətlərin məsafəli – onlayn sistemdə idarə olunması məsələsini gündəmə gətirib. Bu baxımdan, pandemiyanı “Yeni Dünya Düzəni” adlı geosiyasi layihənin həyata keçirilməsi üçün növbəti mərhələ kimi dəyərləndirirəm. Şübhəsiz ki, MDB məkanındakı məlum regional münaqişələrin həlli hansısa beynəlxalq güclərin diqqət mərkəzindədir. İstisna deyil ki, bu, Çin və Rusiyanı çökdürmək üçün hazırlanmış bir layihə idi. Əlbəttə bunun əksini – bu proyektin arxasında Çinin özünün dayandığını deyənlər də var. Amma fakt faktlığında qalır ki, dünyanın neft bazarlarında yaranmış mövcud vəziyyət müəyyən beynəlxalq güclər tərəfindən əvvəlcədən hazırlanmış ssenarinin yaratdığı mənzərədir.
Bu mərhələdə də, regional münaqişələrin həlli üçün atılacaq hərbi addımlar həmin beynəlxalq güclərin diqqət mərkəzindən kənarda qalmayacaq. Bununla belə hərbi ekspertlər münaqişənin hərbi yolla həll edilməsi üçün münasib şəraitin yarandığını deyirlər. Hesab edirəm ki, qısa zaman kəsiyində əməliyyatları bərpa edib, danışıqlara getmək üçün daha əlverişli şəraitin yaranmasına nail olmaq mümkündür. Azərbaycan ordusu və dövlətinin buna imkanı çatır. Bütün hallarda yekun qərarı qəbul etmək Azərbaycan iqtidarının səlahiyyətlərinə daxil olan məsələdir.
- Koronavirusun ağır fəsadlarına baxmayaraq, Ermənistan rəhbərliyi işğal bölgəsində qondarma seçkilər keçirdi. Hesab olunur ki, Baş nazir Nikol Paşinyan bununla Dağlıq Qarabağ üzərində hərbi-siyasi nəzarətini təmin etməyə çalışır.
- Əlbəttə Paşinyan çalışır ki, separatçı rejimin başına onun maraqlarına xidmət edən şəxs keçsin. Bəllidir ki, vaxtilə Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı”nın bölgədəki separatçı rejimə təsir imkanları daha çoxdur. İndiki separatçı rejim Robert Köçəryan və Serj Sərkisyanın hakimiyətləri vaxtı formalaşmış və bölgəyə nəzarət edən bir “qurumdur”. Bu baxımdan, separatçıların Paşinyan iqtidarı ilə bağlılığı yoxdur. Paşinyanın indiyə qədər bu separatçı quruma qarşı atdığı addımlar effektli nəticə verməyib. Düzdür, Paşinyan dəfələrlə Qarabağa gəlib, öz oğlunu bura “hərbi xidmətə” göndərib, Ermənistan Milli Təhlükəsizlik Şurasının bir neçə iclası Xankəndində keçirilib, amma reallıq budur ki, o, Rusiya ilə razılaşdırmadan separatçıları meydandan kənarlaşdırmağa malik deyil. Üstəgəl, bu, Paşinyanı dəstəkləyən Soros Fondunun maliyyə yardımları məsələsində ardıcıl addımlar atmamasından irəli gəlir.
Bölgədə yaranmış vəziyyət Paşinyanı müxtəlif manevrlər etməyə məcbur edir. Buna görə də, onun Qarabağla bağlı verdiyi bəyanatlar əvvəlki rejimlərdən öz radikallığı ilə seçilirdi. Hesab edirəm ki, bu da Paşinyan və “Qarabağ klanı” arasında Ermənistanın resursları üzərində gedən savaşın reallıqlarından irəli gəlir. Hesab edirəm ki, əgər indiki məqamda Qərbdən olan məlum maliyyə qurumları öz dəstəklərini davam etdirəcəklərsə, Paşinyan Qarabağa nəzarəti Ermənistanın indiki rəhbərliyinin xeyrinə dəyişə bilər. Bununla belə, Paşinyan Qarabağın işğal faktoru ilə bağlı siyasətçi deyil, o, praqmatik siyasətçidirsə, problemin beynəlxalq hüquq çərçivəsində həllində maraqlı olmalıdır. Çünki Ermənistan iqtisadi blokadadır, işğal faktoruna görə bölgədə həyata keçirilən bütün geosiyasi layihələrdən kənarda qalır. Üstəgəl, ölkədə sosial-iqtisadi problemlər yüksələn xətt üzrə artmaqdadır, əhalinin hökumətə olan əvvəlki etimadı kifayət qədər aşağı düşüb.
Ermənistanda hökm sürən ağır şərait Paşinyanı düşünməyə sövq edir. Yalnız Ermənistanın iqtisadi problemlərini həll etməklə, korrupsiyaya qarşı mübarizəni gücləndirib “Qarabağ klanı”nı küncə sıxışdırmaqla və əhalinin müharibə ritorikasına son qoymaqla hər iki tərəfin maraqlarına uyğun olan danışıqlara getmək mümkün ola bilər. Əlbəttə Paşinyanı buna vadar edən qüvvələr olmalıdır. Amma həmin qüvvələr ona təsir etməsə, düşünmürəm ki, bu qısa zaman kəsiyində Paşinyan bu addımları atacaq.