Rəsmi Türkiyə ATƏT Minsk Qrupunu və bütün beynəlxalq təşkilatları Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz Prezident və Parlament seçkiləri keçirməsini boykot etməyə çağırıb.
Türkiyənin Xarici İşlər Nazirliyindən APA-ya verilən açıqlamada bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan Prezident və Parlament seçkiləri, Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür: “Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır”.Açıqlamada daha sonra qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün, ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili, sülh yolunu və eləcə də davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür: “Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik.
Türkiyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yeni şəkildə pozulmasını təşkil edəcək bu qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə, ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”.