Bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Qarabağ qaziləri və müharibəyönlü QHT-lərin rəhbərləri ilə görüşüb
Qaziler.az bildirir ki, görüş Türkiyə səfirliyində baş tutub.Görüşdə general-mayor Yaşar Aydəmirov, "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, Milli Qəhrəman Vahid Quliyev, digər Qarabağ qaziləri və ehtiyatda olan zabitlər iştirak edib. Qarabağ qaziləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşdə türk ordusunun Suriyanın şimalında apardığı "Bahar qalxanı" hərəkatına öz dəstəklərini ifadə edərək əməliyyatlar zamanı şəhid olan türk əsgərlərinə görə böyük elçiyə başsağlığı veriblər.
Səfir E. Özoral Türkiyə-Azərbaycanın münasibətlərindən danışaraq bu əlaqələrin iki dövlət arasındakı münasibətlərdən daha çox qardaşlıq prinsipləri üzərində qurulduğunu vurğuladı. Elçi bu dəstək üçün Azərbaycan qazilərinə öz təşəkkürünü bildirdi. Qazilər də öz növbəsində daim Türkiyənin yanında olacaqlarını, lazım olarsa döyüşməyə hazır olduqlarını bildirdilər: "Biz həmişə Türkiyənin yanındayıq. Türk ordusu bu döyüşlərdə şəhidlər verib. Türkiyəmizin başı sağ olsun. Onun acısı acımız, sevinci sevincimizdir".
E.Özaral görüş zamanı maraqlı ifadə işlədib: "Azərbaycan yeganə dövlətdir ki, Türkiyə qardaş kimi ona etibar edərək kürəyini çevirə bilər. Bu, bizim üçün çox önəmlidir. Siz qazilər buradasız, elə bilirik ki, bütün Azərbaycan bizə dəstək verməyə gəlib".
Qaziler.az