Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən Türkiyə Böyük Millət Məclisində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan fotosərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında səfir Xəzər İbrahim və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop çıxış ediblər.Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladan çıxışçılar əminliklə bildiriblər ki, ölkələrimiz və xalqlarımız arasındakı tarixi qardaşlıq münasibətləri getdikcə daha da möhkəmlənəcək.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini xatırladan səfir bildirib ki, iki ölkə birgə səyləri davam etdirməklə gələcəkdə daha böyük uğurlar əldə edəcək. Digər məsələlərdə olduğu kimi, 20 Yanvar hadisələri ilə bağlı Türkiyənin sərgilədiyi doğma münasibət də qardaşlığımıza bariz nümunədir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycanda və digər ölkələrdə geniş şəkildə anma mərasimlərinin təşkil olunduğunu diqqətə çatdıran parlament sədri Mustafa Şəntop bildirib ki, hər zaman Azərbaycanın acısına şərik olan Türkiyə ölkəmizə qarşı qardaşlıq münasibətlərini bundan sonra da davam etdirəcək. O deyib ki, parlamentdə keçirilən bu tədbirin məqsədi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda törətdiyi ağır cinayəti dünyaya bir daha tanıtmaqdır. İyirmi Yanvar hadisələri tarixə qərənfillərin ağladığı gün kimi yazılıb. Bu hadisə Azərbaycan xalqının milli iradəsini və azadlıq sevgisini qırmaq üçün həyata keçirilən hərbi təcavüz və qətliamdır.
Çıxışlardan sonra sərgi ilə tanışlıq olub. İştirakçılara 20 Yanvar hadisələrini əks etdirən materiallar paylanılıb.
Sərgi bir həftə davam edəcək.