Ötən ilin noyabr ayında İran hökümətinin gözlənilmədən benzinin qiymətinin qaldırması və satışına məhdudiyyət qoyulması ilə başlanan ümumxalq etirazlar mövcud rejimin son dövrlərdə zəifləməkdə olan sütunlarını daha da silkələdi.
Doğrudur, bu etiraz daha çox iqtisadi xarakter daşısa da dünya praktikasından da məlum olduğu kimi, bu kimi etirazlar bir çox hallarda siyasi inqilablarla nəticələnir.Hökümətin benzindən əldə olunacaq gəlirlərin aztəminatlı ailələrə yardım etmək üçün sərf olunacağını bildirməsi, etirazçıları hec cür inandıra bilməməsi və ölkənin ali dini lideri Ayətullah Seyid Əli Hüseyni Xameneyinin höküməti dəstəkləməsi, sadə vətəndaşların lap hövsələdən çıxararaq irili-xırdalı şəhərlərin meydan və küçələrinə axınına səbəb oldu.
1979-cu il islam inqilabından sonra ABŞ və Qərbin sanksiyaları İranı dünyanın siyasi-iqtisadi səhnəsində bir çox hallarda özünütəcrid etməyə vadar edirdi. Düzdür, uzunmüddətli sanksiyalar İranda bir immunitent formalaşdırsa da bunula bərabər bu dövlətin təbii sərvətləri qarşılığında müdhiş inkişafına maneə törədir, onu ləngidirdi.
2018-ci ildə ABŞ-ın 2015-ci il İranla bağlanmış nüvə sazişini tərk etməsi və bu dövlətə neft satışı ilə bağlı güclü sanksiyaları mövcud vəziyyətin daha da ağırlaşmasına gətirib çıxardı.Və beləliklə uzun illərdir maddi sıxıntı içərisində yaşayan iranlılar üçün benzin qiymətinin qaldırılması üsyan üçün bir fürsət oldu. On minlərlə insanın başladığı etirazların inqilaba çevrilməməsi üçün hökümət ən kəskin metodlara əl atdı. Belə ki, hökumət ilk olaraq baş verəcək sonrakı hadisələrin dünya mediasına sızmaması üçün ölkədə interneti kəsdi, daha sonra isə SEPAH ETTALAAT və polisi əliyalın nümayişçilərin üzərinə yeritdi.
Hökümət nümayişçiləri bankları və yanacaqdoldurma, eləcə də ticarət obyektlərini qarət edib yandırmaqda ittiham edərək kütləvi həbslərə başladı. Sadə vətəndaşlar isə bu əməlləri hökümətin öz oyunu olduğunu bəyan edirdi. Qeyri-rəsmi mənbələrə mitinqlər zamanı minlərlə insan həbs olundu və 2000-ə yaxın mitinqçi isə hökümət qüvvələri tərəfindən öldürüldü. Rejim öz mövcudluğunu möhkəmləndirmək və itirilməkdə olan nüfuzunu bərpa etmək etməyin yollarını axtararkən bu ilin yanvarın 3-ündə İraqda Bağdad aeroportu ərazisinda ABŞ ordusu tərəfindən İranın İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds Qüvvələrinin başçısı, general Qasım Süleymani qətlə yetirilməsi İranda, o cümlədən, Yaxın Şərqdə vəziyyəti molla rejiminin xeyrinə dəyişməyə başladı.
Qasım Süleymani güclü hərbçi olmaqla yanaşı şiə təriqətinin Yaxın Şərqdə möhkəmlənməsi və genişlənməsinə,,Livandakı “Hizbullah” hərbi təşkilatına, Yəməndəki hökümət əleyhinə vuruşan husilərə, İraqdakı şiə təriqətli qruplaşmaların formalaşmasına və eləcə də Suriya lideri Bəşər Əsədə birbaşa dəstək verən İranın əsas siması idi. Eyni zamanda, İranda Ali dini lider və xalq arasında nüfuzlu bir şəxs idi. Onun ölümü hökümətlə xalq arasında mövcud olan küskünlüyü bir qədər zəiflətdi. Sözsüz ki, hökümət yaranmış fürsətdən maksimum dərəcədə bəhrələndi. Qətlə yetirilmiş generalın şəninə xoş sözlər, xatirələr danışıldı, Onun din, insanlıq, haqq- ədalət uğrunda və ən nəhayət, İran uğrunda şəhid “İmam Hüseyn əsgəri” olduğu vurğulandı. Və bu haqda əməli olaraq həm İran, həm də bu ölkə xaricində, özəllilkə müsəlman-şiə təriqətli insanların yaşadıqları ölkələrdə, o cümlədən, Azərbaycanda təbliğat aparıldı. İş o yerə çatdı ki, generalın dəfni zamanı yaranan insan izdihamı zamanı 40 nəfərə yaxın insan həlak oldu 50 nəfərə yaxın insan isə müxtəlif dərəcəli xəsarət almışdı. Dəfndə ölkənin dini lideri və dövlət, ordu və hökumət rəhbərlərinin də iştirakı bütün dünyaya, əsasən də xarici düşmənlərə İranın milli birliyini, bütövlüyünü bir daha göstərmək səciyyəsi daşıyırdı. Ölkə başçısı Həsən Ruhani, dini lider S.Ə.Xameneyinin və eləcə də digər rəsmilərin qətlə yetirilmiş “general Q.Süleymaninin intiqamını ABŞ alacağıq” çağırışları ölkə əhalisinin dini və milli vətənpərvərlik duyğularından tam şəkildə yararlanırdı. Sadə vətəndaşlar isə müharibə istəmədikləri halda belə müharibə olacağı təqdirdə ölkələrini müdafiə edəcəklərini bəyan edirdilər.
Biz buna oxşar hadisələri tarixdən, yəni 1980-88 İran-İraq müharibəsindən tanışıq. Qeyd etdiyimiz kimi, İranın intiqam alacağı anonsu verməsi ilə Yaxın Şərqdə vəziyyət bir qədər də dəyişir: bir sıra ölkələr İraqa aviareysləri dayandırır, bu ölkədə fəailyyət göstərən bəzi NATO ölkələri hərbiçilərini regiondan çıxarır. İraq parlamenti isə ABŞ ordusunu İraqdan çıxarılmasını tələb edən qətnamə qəbul edir. Rusiya, Çin kimi əks-alyans ölkələri ABŞ-ı general Q.Süleymanini qətlə yeritməklə İraqda, eləcə də Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə və siyasi sabitliyi pozmaqda ittiham edirlər. Bir sıra ölkələr, o cümlədən Azərbaycan dövləti də İrana generalın ölümü ilə bağlı başsağlığı verir və tərəfləri təmkinli olmağa səsləyir. Düzünü desək dövlətimizin sərgilədiyi bu mövqe qənaətbəxşdir. Çünki istənilən halda nə ABŞ kimi supergüc bir dövlətlə, nə də İran kimi qonşu dövlətlə münasibətləri korlamaq dövlətimizə yaxşı vəd etməz.
Yanvarın 8-nə keçən gecə İran intiqam üçün ABŞ qoşunlarının İraqın Anbar əyalətindəki Əynul-Əsəd aviabazasına və Bağdadın şimalındakı Ət-Tacı hərbi bazasına ballistik raketlərlə zərbələr endirir. Rəsmi Tehran zərbə nəticəsində ölən ABŞ hərbiçilərinin sayının 80 yaxın olduğunu açıqlayır. ABŞ rəsmiləri isə insan tələfatı olmadığını və hücumu öncədən bildikləri üçün hərbçilərin oradan evakuasiya olunduqlarını bir qisminin isə yeraltı zirzəmilərdə gizləndiklərini bildirir, cavab olaraq isə İranın 52 məntəqəsini zərbə endirəcəklərini vurğulayırlar. ABŞ prezidenti Donald Trampın cavabı isə gözlənilməz olur. O, İranla heç bir şərt irəli sürmədən danışıqlara başlamağa hazır olduqlarını bəyan edir. Dünya mediası bu addımı müxtəlif cür şərh edir. ABŞ-a müxalif qüvvələr isə bunu İranın qələbəsi kimi izah edirlər. Yaranmış bu vəziyyəti isə yanvarın 8-də İranın Pərənd şəhəri səmasında vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması xəbəri pozdu. Ukrayna hava yollarına məxsus Boeing 737-800 tipli sərnişin təyyarəsi 8 yanvar günü səhər saatlarında Tehran-Kiyev istiqaməti üzrə hərəkət etmək üçün Tehran İ.Xomeyni adına beynəlxalq hava limanından havaya qalxdığından 3 dəqiqə sonra qəzaya uğraması dünya mediasının əsas gündəminə çevrilir. Göyərtəsində olan Kanada, Ukrayna, Almaniya,İngiltərə,İsveç, Əfqanıstan və İran vətandaşları qəza nəticəsində həlak olur. Hadisəylə bağlı rəsmi Tehran açıqlama verir ki, qəza, çox güman, təyyarədə baş verən“yanğın” səbəb olub və araşdırma davam etdiriləcək. Amma ABŞ kəşfiyyatı peyk vasitəsi ilə iki raketin atıldığını və dərhal partlayışın olduğunu izlədiklərini bildirir. İran Mülkü Aviasia idarəsinin rəhbəri Əli Abedzadə ittihamları rədd edərək: “Elmi cəhətdən bir raketin Ukrayna təyyarəsini vurub salmağı mümkünsüzdür və bu iddialar məntiqsizdir” deyə təkzib edir. Çox keçmir ki, Kanada baş naziri Castin Trüdo mənbuat konfransında:”Əlimizdə müttəfiqlərimiz və öz mənbələrimizdən olan kəşfiyyat məlumatı var.Dəlillər təyyarənin İrana aid raketlə vurulduğunu göstərir. O, 176 şəxsin ölümünə səbəb olan bu qəzanın geniş və ədalətli araşdırmağın vacib olduğunu diqqətə çatdırır. Böyük Britaniya baş naziri Boris Conson da təyyarənin İrana aid raketlə vurulduğunu (qəsdən olmasa belə) səsləndirir. Və nəhayət, rəsmi Tehran yanvarın 11-də təyyyarənin səhvən İrana məxsus hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu etiraf edir. Həm ali dini rəhbər, həm prezident eləcə də bütün aidiyyati qurumlar bu səhvi etiraf edərək zərər çəkmiş dövlətlərdən üzr istəyirlər. Şübhəsiz, bu durumda da ABŞ-ı suçlayan rəsmilər təyyarənin vurulmasına səbəb kimi Birləşmiş Ştatların təhdidlərini ( ABŞ-ın İranı 52 məntəqəni vurmaq ilə bağlı cavab verəcəyini) əsas gətirirlər. Məhz bu səhv addım İranın dünyada onsuz da yaxşı görünməyən imicinə yeni bir zərbə oldu. Ən böyük zərbəni isə mövcud rejim yenə daxildə öz vətəndaşları tərəfindən almaqdadır. Belə ki, təyyarə qəzasının etirafı ölkədə yenidən geniş etirazlara, amma bu dəfə iqtisadi deyil, siyasi etirazlara səbəb oldu.
Yanvarın 12 sindən başlayaraq ölkənin bir sıra yaşayış mətnəqələrində, iri şəhərlərdə böyük etirazlara səbəb olub. Müqayisə üçün deyək ki, noyabr ayında baş vermiş mitinqlərə, necə deyərlər, təkcə kasib və orta təbəqə qatılmışdısa bu dəfəki etirazlara hətta hakim dairənin bəzi üzvləri gizli də olsa dəstək verirlər.
Bundan əlavə, bu dəfəki mitinqləri daha da gücləndiirən bir sıra univetsitet tələbələrinin etirazçılara qatılması oldu. Mövcud rejimə olan nifrətlərini göstərmək üçün etiraz edən minlərlə tələbə və sadə vətəndaşlar heç bir provakasiyaya getməmək üçün çox diqqətli hərəkət edirlər. Məsələn, yanvarın 12-si Tehranın Behişti universitetinin tələbələri etiraz zamanı yerə çəkilmiş Amerika və İsrail bayraqlarının şəkillərini həmişəki kimi tapdamayaraq bayraqları sadəcə dövrəyə alırlar. Adının çəkilməsini istəməyən həmsöhbətimiz yerə çəkilmiş bu bayraqların tələbələr tərəfindən deyil, mitinqdən öncə provakasiya xarakertli bir qrup “Bəsic Müqavimət Qüvvəsi”(bu təşkilat birbaşa dini liderdən əmr alır.Hal-hazırda rəsmi dini mərasimlərin təşkil edilməsi, sosial xidmətin təşkili, əxlaq polisi və müxalif toplaşmaların yatırılması kimi fəaliyyətlər də daxil olmaqla daxili təhlükəsizlik qoşunlarının yardımçı qoşunu kimi fəaliyyət göstərir) təşkilatının üzvləri tərəfindən çəkildiyini iddia edir. “Kütləni əsas hədəfdən yayındırmaq üçün yerə çəkilən bayraqlarda düşmən obrazı yaratmaqla insanların hissiyyatı ilə oynamaq istəyən içərimizdə dolaşan 5-10 nəfər bəsickinin bayraqları tapdamaq əməlinə heç kim qoşulmadı. Əksinə, tələbələr “bişərəf” “Xameneyiyə ölüm” (xatırladaq ki bu şüar noyabr ayında baş verən ümumxalq etirazlar zamanı da səslənmişdi) kimi sərt şüarlar səsləndirdi,-deyə bildirir həmsöhbətimiz.
Qeyd edək ,ki etirazçılar bir neçə gün öncə qətlə yetirilmiş general Q.Suleymaninin divardan asılmış böyük portretini də cırmışlar. Polis və xüsusi qüvvələr güc tətbiq etməklə etirazçıları dağıtmağa müyəssər oldu. Kütləvi mitinqlər Tehranla yanaşı Təbriz, Urmu, Ərdəbil, Şiraz, Kərəc, İsfahan, Həmədan, Kirman və başqa şəhərlərdə də baş tutub və davam etməkdədir. İran hökümətinin bütün səylərinə baxmayaraq mitinqlərdən şəkilmiş video və şəkillər insanlar tərəfindən sosial şəbəkələrdə paylaşılır. Əlbəttə ki, bu da nəticəsiz qalmır. Məsələn, ABŞ presidenti D.Tramp öz twitter hesabında mitinqdən şəkil paylaşaraq insanların Amerika və İsrail bayraqlarını tapdalamadıqları üçün çox şad olduğunu və cəsur İran xalqının haqlı etirazlarına dəstək olduğunu vurğulamışdır. Bəli, bu,1979-cu il İranda baş vermiş İslam İnqilabından sonra ilk belə hadisədir. 40 ildən artıq müddətdə demək olar ki, hər dəfə baş vermiş ümümxalq mitinqlərdə təhqir edilən ABŞ və İsrail bayraqları bu dəfə nə tapdalandı, nə də yandırıldı. Buradan belə nəticəyə gəlmək olar: 1) İranda mövcud rejim öz nüfuzunu itirmək üzrədir, 2)İnsanlar teokratik dövlət modelindən imtina etmək niyyətindədir, 3) Azad və demokratik cəmiyyət qurmaq, söz və vicdan azadlığı uğrunda mübarizə aparmaq əzmindədirlər. Əlbəttə, əgər Qərb və eləcə də ABŞ bu proseslərin həyata keçməsini istəyirsə o zaman bununla xüsusi isntitutlar konkret və əməli olaraq durmadan çalışmalıdır. Çünki İrana hərbi yolla “demokratiya” bəxş etmək heç cur mümkün deyil. Əvvəla İrana hərbi müdaxiləni Rusiya və Çin kimi nəhəng əks-alyans dövlətləri, eləcə də digər anti-Amerika və bitərəf dövlətlər belə dəstəkləməzlər. ABŞ və müttəfiqlərinin 2003-cü ildə Əfqanistana, 2004-cü ildə İraqa müdaxiləsini, eləcə də 2011-ci ildə bir sıra ərəb dövlətlərinə bəxş etdiyi “Ərəb baharını” və “bəhrəsini” sivil dünya və region dövlətləri hələ də yaşamaqdadır. İnqilab xatirinə inqilab etməklə heç bir demokratik cəmiyyət qurula bilməz. Biz bunu “ərəb baharı” yaşamış dövlətlərdə, eləcə də Suriyada izləməkdəyik. İran, yaşı minillilkərlə ölçülən tarixə, mədəniyyətə və dövlətçilik ənənəsinə malik olan polietnik-çoxmillətli bir dövlətdir. Uzun illərdir ki, dini cərəyan ideologiyası ilə idarə olunur. İstənilən xarici hərbi müdaxilə məğlubiyyətlə nəticələnə bilər. Haqqında bəhs etdiyimiz bu dövlət tədarüklə yanaşı, həm də silah istehsal edən, yaxın Şərq və dünyanın bəzi bölgələrində müəyyən dini təsir gücünə malikdir. Sözsüz ki, müharibə olacağı təqdirdə İranı dostları tək qoymayacaq. Bu dövləti məğlub etməyin ən yolu iqtisadi blokadadır. Zənnimcə, ABŞ-ın İranı “zərərsizləşdirmək” üçün buradakı mövcud rejimi dəyişmək uğrunda mübarizəsi artıq özünü büruzə verməkdədir. Uzun illər tətbiq olunan çoxsferalı sanksiyalar İranın dövlət büdcəsinin milli gəlirlərinin kəskin azalmasına gətirib çıxarıb. Kütləvi işsizlik və insanların həyat şəraitinin pisləşməsi sözsüz ki, rejimi də zəiflədib. Belə ki çoxmillətli İranda 80 milyonluq ölkə əhalisinin yarısını 40 milyon nüfuza malik soydaşlarımızı, eləcə də digər xalqları - kürdləri, lorları, tatları, ərəbləri, bəlucları, türkmanları, giləkləri və s. nəzarətdə saxlamaq üçün şiə məzhəbindən maksimum dərəcə istidafə edən rejimi məğlub etməyin ən rahat və təhlükəsiz yolu məhz iqtisadi sanksiyalar olduğunu bilən ABŞ institutları dayanmadan fəaliyyət göstərir. Əgər ABŞ tərəfindən bu siyasət davam etdirilsə düşünürəm ki, yaxın zamanlarda İranda teokratik dövlət dünyəvi dövlətlə əvəzləniləcək.(Əgər kənardan möcüzəvi bir müdaxilə yardımı olmazsa).
O zaman ortaya yeni bir məsələ çıxır: İranın gələcək siyasi xəritəsi. Müsəlman-sünni məzhəbli ərəb, bəluc, bir qisim kürdlər və ya milli ayrı-seçkiliyə məruz qalan türk soylu azərbaycan türkləri, türkman və qaşqayların fars və digər farsdilli xalqlarla müştərək dövlət qurmaları heç də inandırıcı görünmür.
Nicat İlyas