Nəzakət Məmmədova: “Rusiyanın Ermənistana təzyiq diplomatiyası effektiv şəkildə Qarabağ məsələsini də əhatə edərsə...”
“Valday” Diskussiya Klubunun Soçidə keçirilən forumunda Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı bəyanatlarının dalana dirənmiş sülh danışıqlarının ölü nöqtədən tərpənməsi ehtimalını, yoxsa daha bir müddətə bu vəziyyətdə qalması ehtimalını yüksəldəcəyi mövzusu müzakirə edilir.Politoloq Nəzakət Məmmədova bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, “Valday” klubunun XVI forumu Azərbaycan və Qarabağ məsələsi nöqteyi-nəzərdən onun fəaliyyətə başlamasından indiyədək baş tutmuş ən diqqətəlayiq tədbir oldu. Xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyana layiqli cavabı bu forumun tarixə düşməsinə səbəb oldu. İlham Əliyevin mötəbər qonaq qismində foruma dəvət olunmasının özü Azərbaycana olan yüksək diqqətin göstəricisi idi.
Bundan başqa, İlham Əliyevə yüksək tribinadan Ermənistana və Paşinyana xəbərdarlıq, əslində isə təhdid imkanının yaradılması Rusiyanın öz cızığından çıxmağa cəhd etmiş forpostu Ermənistanı növbəti dəfə diplomatik yolla aşağılaması üçün tərəflər üçün yaxşı fürsət idi: ““Valday” forumu Rusiyanın və Azərbaycanın öz mövqeyini bir daha bəyan etməsi üçün əlverişli diplomatik müstəvi idi. Bildiyimiz kimi, bundan iki gün əvvəl İrəvanda Avrasiya İqtisadi Birliyinin toplantısı keçirildi. Lakin Putin və Paşinyanın görüşünün hər kadrını təkcə onların səs tonundan, dediyi sözlərdən deyil, üzlərindən, üz mimikalarından təhlil edən çoxsaylı fizioqnomika mütəxəssisləri, həmçinin jurnalistlər, psixoloqlar Putinin Soçidə Əliyevə münasibətdə Paşinyanla müqayisəolunmaz dərəcədə lütfkarcasına yanaşdığını qeyd edirlər.
İlham Əliyevin prezidentliyi müddətində etdiyi ən parlaq çıxışlardan biri kimi tarixə düşməyə layiq olan Valday çıxışındakı Qarabağa aid məqamlar oldu. Aydındır ki, prezidentin daxili auditoriyaya ünvanlanmış ölkədaxili çıxışlarından fərqli olaraq bu nitqi beynəlxalq ictimaiyyətə, güc mərkəzlərinə, o cümlədən Qarabağı Azərbaycandan qoparmaq üçün illərdir canfəşanlıq göstərən dünya erməniliyinə-kilsəyə, diasporaya, Ermənistan siyasi, hərbi hakimiyyətinə, Qarabağ separatçılarına, habelə onların havadarlarına ünvanlanmışdı. 48 saat ərzində bütün Cənubi Qafqazı nəzarəti altına almaq iqtidarında olan dövlətin Ali Baş Komandanı tərəfindən onlara birbaşa ciddi xəbərdarlıq idi. Bu çıxış Paşinyana diplomatik demarş xarakterində idi. İtaətdən çıxmağa çalışan Paşinyana Əliyevin həddini bildirməsi Putini narazı sala bilməzdi".
Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistana təzyiq diplomatiyası effektiv şəkildə Qarabağ məsələsini də əhatə edərsə, danışıqlarda irəliləyiş mümkün ola bilər. Yox, əgər Rusiya Qarabağ kartından və Azərbaycanla yaxınlaşmadan, sadəcə, Ermənistanı öz orbitində saxlamaq üçün təsir vasitəsi kimi istifadə edəcəksə, o zaman irəliləyiş mənasızdır: “Lakin görünən odur ki, Rusiya digər təzyiq vasitələrinin narazılıq yaratmasından narahat olaraq başqa yumşaq güc təsiri vasitələri seçməyə üstünlük verir və bu, Qarabağ məsələsinin həllini arxa plana ata bilər. Misal olaraq, Ermənistanla Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi diplomatiyanın genişlənməsi, Azərbaycanla ikitərəfli iqtisadi münasibətlərin genişlənməsindən əlavə AES inşası barədə danışıqlar onu göstərir ki, Rusiya regionun hər iki ölkəsi ilə öz arasında iqtisadi vasitələrlə balans yaratmağa çalışır və bu, siyasi məsələləri, xüsusilə münaqişələri arxa plana atmaq vasitələrindən biri ola bilər”.
“Yeni Müsavat”