Elxan Şahinoğlu: “Bu cür yazıları Azərbaycan-Türkiyə əməkdaşlığından narahat olan qüvvələr sifariş verib”
Kremlə yaxın lenta.ru saytında Türkiyə-Azərbaycan dostluğu əleyhinə yazı dərc olunub. Materialda Türkiyə-Azərbaycan tarixi dostluğundan, Türkiyənin ümumən postsovet məkanında təsirinin güclənməsindən danışılır. Bildirilir ki, SSRİ-nin çöküşündən sonra Türkiyə üçün imkan yaranıb ki, öz ideyalarını genişləndirsin, Osmanlı dövlətinin bərpası istiqamətində işlər aparsın. Hesab edilir ki, bütün bu birgəliklər və eləcə də Azərbaycan-Türkiyə yaxınlaşması Rusiya üçün bir təhdiddir.Maraqlıdır ki, adətən bu cür yazıların Ermənistan mətbuatında dərcinə alışdığımız halda, bu dəfə Kremlə yaxın olan sayt belə bir mövzuya yazı həsr edib. Səbəb nədir?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyada bu cür xof 1990-cı illərdə də olub: “1990-cı illərin ortalarında Rusiyada böyük qorxu var idi ki, guya Türkiyə Mərkəzi Asiya da daxil olmaqla, bizim bölgədə Turan dövləti yaratmaq istəyir. Həmin zaman Çeçenistanda da müharibə gedirdi və Rusiya düşünürdü ki, çeçen mücahidlərinə Türkiyə və Azərbaycan dəstək verir. 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısına jurnalist kimi qatılan zaman Rusiyanın o zamankı müdafiə və fövqəladə hallar naziri Şoyqu mətbuat konfransı keçirdi. Çeçenistandakı müharibə ilə bağlı ona sualım zamanı mənə cavab verdi ki, sizin ölkəniz də daxil, çeçen mücahidlərinə dəstək verirlər. Mən ona dedim ki, fikrinizi əsaslandırmaq üçün faktla çıxış edin. Ancaq o, buna cavab vermədi. Demək istəyirəm ki, Rusiyada o zaman da belə bir fikir var idi ki, Azərbaycan və Türkiyə çeçen mücahidlərinə dəstək verir. Guya məqsəd də budur ki, Rusiya parçalansın, Turan dövləti yaradılsın. Ancaq hər bir dövlət öz təhlükəsizliyi haqqında düşünürdü və türkdilli dövlətlərin də əməkdaşlığı heç kimə qarşı deyildi. Sonradan onlar bunu özləri də başa düşdülər. Gördülər ki, türkdilli dövlətlərdən kimsəyə təhlükə yoxdur. Oktyabr ayında Bakıda da bu dövlətlər toplanacaqlar və sadəcə, iqtisadi əməkdaşlıq, regional layihələr barəsində danışacaqlar. Bunlar isə Rusiyaya qarşı deyil. Əksinə, orada Rusiyanın müttəfiqləri də yer alır. Başqa bir məsələdir ki, Azərbaycan Türkiyə ilə əməkdaşlığı genişləndirir, hər il birgə hərbi təlimlər keçirlər. Mən özüm də dəfələrlə qeyd etmişəm ki, Türkiyənin Azərbaycanda hərbi bazalar yaratması vacib haldır. Bütün bunlar da Rusiya əleyhinə deyil və Kremldə də bunu çoxları başa düşür. Sadəcə, içərilərində bəziləri var ki, Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı artırmasından ehtiyat edirlər. Düşünürlər ki, bu, Rusiyaya qarşı yönələ bilər”.
Ekspert bildirib ki, Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı Rusiyaya qarşı yönələ bilməz: “Bəli, bu əməkdaşlıq Rusiyanın müttəfiqi Ermənistana yönələ bilər. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Azərbaycanın başqa alternativi də yoxdur ki, bu torpaqlarını azad etsin və Türkiyənin də dəstəyindən istifadə edəcək. O da məlumdur ki, Rusiyada müəyyən qüvvələr Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsini də istəmirlər. Məhz bu yazı belə qüvvələrin maraqlarına xidmət edir. Ancaq mən elə hesab edirəm ki, Rusiyanın hakimiyyətində olan şəxslər və eləcə də prezident Türkiyə ilə çox sıx əlaqələr qurub. Buna görə də düşünürəm ki, onlar Türkiyə-Azərbaycan əməkdaşlığının Rusiyaya qarşı olduğunu hesab etmirlər. Əksinə, Azərbaycan Rusiya ilə də sıx əməkdaşlıq qurur. Azərbaycan balanslaşdırılmış siyasət yürüdür və NATO-nun da üzvü olmaq istəmir ki, bu, Rusiyanı narahat etməsin. Bu cür yazılardan böyük nəticə çıxarmağın da lehinə deyiləm. Rusiyada çoxsaylı mərkəzlər var. Azərbaycan-Türkiyə əməkdaşlığından narahat olan qüvvələr bu cür yazılar sifariş verirlər”.
Politoloq bildirib ki, bu yazı bizə və Türkiyəyə mesaj əhəmiyyəti daşıyır: “Güc mərkəzlərindən birinin sifarişi ilə yazılan bu yazı bizə və Türkiyəyə mesajdır. Görürük ki, yazıda Osmanlı ordusunun Azərbaycana gəlişindən, dəstəyindən və digər bu kimi faktlardan da danışılır. Anlamalıdırlar ki, Türkiyə bizim təbii müttəfiqimizdir. Ruslar anlayırlar ki, biz, məsələn, slavyanlarla qardaşlıq münasibəti qura bilmərik. Çünki dilimiz, dinimiz bir deyil. Bizim Türkiyə ilə əməkdaşlığımız normaldır. Ancaq o demək deyil ki, bu əməkdaşlıq elə mütləq kiməsə qarşı yönəlikdir. Rusiya ilə normal qaydada tərəfdaşlıq münasibətlərimiz var. Çox təəssüf ki, Rusiya işğalçını dəstəkləyir. Rusiya bunu etməyib, Dağlıq Qarabağ probleminin ədalətli həllinə çalışsaydı, o zaman bu ölkə indikindən daha çox bizə yaxın olardı. Onu hətta müttəfiq belə adlandırmağa hazır idik. Ancaq təəssüf ki, Rusiyanın bölgədəki hazırkı siyasəti buna imkan vermir”.
E.Şahinoğlu söyləyib ki, Rusiya ilə Türkiyənin münasibətlərində gərginlik hiss olunmur: “Məlumdur ki, bu iki dövləti bir-birinə yaxın edən əbədi maraqlardır. Rusiya ilə Türkiyənin maraqları hazırda diktə edir ki, strateji tərəfdaşlıq qursunlar. Eyni problemlər, eyni təhlükələr Rusiya ilə Türkiyəni yaxınlaşdırır. Rusiya-Türkiyə tarixində indiki kimi yaxınlıq tarixən olmayıb. Əgər maraqlara xidmət etsə, bu, uzun müddət davam edəcək. Rusiyadan turist kimi Türkiyəyə 6 milyon adam gəlib. Bu, Türkiyə üçün çox vacibdir və büdcəyə daxilolmaları artırır. Eləcə də Atom Elektrik Stansiyasının inşası da hər iki tərəfə faydalıdır. Bununla yanaşı, müasir silahların satışı məsələsi də var ki, hamısı maraqları birləşdirir. Bu, o demək deyil ki, gələcəkdə hansısa fikir ayrılığı olmayacaq. Məsələn, Suriya ilə əlaqədar hazırda fikir ayrılığı mövcuddur. Ancaq Rusiya və Türkiyə liderləri onu da başa düşürlər ki, bir İdlibə görə münasibətləri gərginləşdirmək olmaz. Tam əksinə, gələcəkdə Qarabağ, Azərbaycan mövzusu Türkiyə ilə Rusiyanı daha da yaxınlaşdıra bilər. Suriyadan sonra Rusiya-Türkiyə ittifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində də rol oynaya bilərlər. Münaqişənin həlli əslində Rusiyanın, işğalçı Ermənistanın da xeyrinədir ki, burada bir əməkdaşlıq forması yaranar. Ona görə də düşünürəm ki, Rusiyadakı mərkəzlər normal məntiqlə çıxış etsələr, Türkiyəni bölgədə rəqib kimi görməli deyillər. Tərəfdaş kimi görməlidirlər ki, Türkiyənin Azərbaycana, Rusiyanın isə Ermənistana təsirləri, əlaqələri mövcuddur. Bu, hətta regionda ATƏT kimi əməkdaşlıq formatının da yaranmasına səbəb ola bilər”.
“Yeni Müsavat”