Türkiyənin İğdır şəhərində 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsinin 101-ci ildönümü münasibətilə konfrans təşkil olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, konfrans İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə təşkil olunub.Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər və ziyalıların iştirakı ilə ölkələrimiz arasındakı tarixi qardaşlığa və vətənpərvərliyə həsr olunan konfransda Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, İqdır valisi Ənvər Ünlü, İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və digər qonaqlar çıxış edərək 101 il öncəki tarixi anıblar.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib ki, bu səpkili tədbirlər qardaşlığı əbədi və sarsılmaz olan iki xalqın birliyini daha da möhkəmləndirir.
Qeyd edək ki, sentyabrın 16-da bu tədbirin tərkib hissəsi kimi İğdır vilayətinin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçirilib. Yürüşçülər Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəmanımız Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq M.İbrahimovun adı verilən zirvəyə qaldırıblar.
Baş konsul Nuru Quliyev Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bu yürüşü mənəvi birlik rəmzi adlandırıb.