“1994-cü ildə imzalanan “Əsrin kontraktı” XX əsrin kontraktı idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. Cənub Qaz Dəhlizi XXI əsrin kontraktıdır və məhz 1994-cü ildə imzalanmış kontrakt və ondan sonra əldə edilən uğurlar bugünki reallığı mümkün etmişdir”.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün 22-ci Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2015 və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2015 sərgilərinin açılış mərasimində çıxışı zaman deyib.İlham Əliyev bildirib ki, 1996-cı ildə Şahdəniz qaz yatağı üzrə beynəlxalq konsorsiumla kontrakt bağlanmışdır: “O vaxt dünyanın neft qaz sektorunda qaz amili o qədər də böyük əhəmiyyət daşımırdı. Ölkələrin enerji təhlükəsizliyi o vaxt bilavasitə qaz ehtiyatları ilə bağlı deyildi”.
Dövlət başçısı deyib ki, Şahdəniz qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir və onun işlənməsi bu gün Cənub Qaz Dəhlizinin əsas resurs bazasını təmin edir: “O vaxta qədər isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft kəmərləri inşa edilmişdir. Beləliklə tarixdə ilk dəfə olaraq Xəzər Dənizi Qara Dəniz ilə və Aralıq Dənizi ilə çoxşaxəli kəmərlər şəbəkəsi ilə bağlandı. Bu da tarixi hadisə idi. Xəzər Dənizi, Qara Dəniz, Aralıq Dənizi əməkdaşlığı formalaşdı. Bu əməkdaşlıq özünü başqa sahələrdə də biruzə verməyə başlamışdır və məhz bu dəhliz vasitəsiə bu gün böyük infrastruktur layihəsi olan Bakı-Tbilisi-Kars dəmir yolu layihəsi icra edilir. Bu da mümkün olmaya bilərdi, əgər biz enerji siyasətimizi düzgün qurmasaydıq. Beləliklə, 90-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəlində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft kəmərləri əlbəttə ki, böyük tarixi nailiyyət idi, imkan verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə etsin və ondan səmərəli istifadə edərək biz valyuta ehtiyatlarımızı ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik”.
Dövlət başçısı deyib ki, insanların rifah halı yaxşılaşdı, ölkəmizin iqtisadi inkişafı təmin edildi: “Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən yüksək templərlə inkişaf etmişdir, 300 faiz artmışdır, eyni zamanda ölkə qarşısında duran infrastruktur layihələri icra edilmişdir, sosial məsələlər öz həllini tapmışdır. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik, bu gün ümumdaxili məhsulıumuzda neft amili hardasa cəmi 30 faiz təşkil edir və beləliklə ölkə iqtisadiyyatının şaxələndirilməsi işində biz böyük nailiyyətlərə imza atmışıq”.
Dövlət başçısı vurğulayıb ki, bütün bunların təməlində əlbəttə ki, 90-cı, 2000-ci illərdə ölkəmizə qoyulan böyük sərmayə dayanır: “Beləliklə bu gün biz iqtisadi sahədə neft amilindən daha da az asılı vəziyyətdəyik. Məhz buna görə bu il iqtisadiyyatımız beş faizdən çox artmışdır, baxmayaraq ki, neftin qiyməti iki dəfəyə yaxın azalmışdır. Yəni ölkəmizin şaxələndirilmiş şəkildə inkişafı, iqtisadiyyatımızın dayanıqlığı artıq reallıqdır. Və bu gün bizim qarşımızda duran əsas vəzifələr əlbəttə ki, neft-qaz sektoru ilə bağlı deyil. Əsas vəzifələr iqtisadiyyatı şaxələndirmək, neft amilindən asılılığı daha da azaltmaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, hələki icra edilməmiş böyük infrastruktur layihələrini icra etmək və beləliklə uzun müddətli inkişaf üçün daha da güclü zəmin yaratmaqdır”.
İlham Əliyev bildirib ki, bununla bərabər enerji sektorunda əlbəttə ki, qarşımızda duran ciddi vəzifələr təbii ki, öz həllini tapacaq: “Çünki bunun çox böyük əsası var. Bir də demək istəyirəm k, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq bu gün onu göstərir ki, Azərbaycanın xarici tərəfdaşları ilə əməkdaşlığı çox sağlam zəmində qurulub. Burada xüsusilə mən SOCAR-BP əlaqələrini qeyd etmək istəyirəm. BP bizim əsas tərəfdaşımızdır, ən böyük sərmayə qoyan şirkətdir, həm “Əsrin kontraktı”nın icrasında, həm də Şah Dəniz layihəsində aparıcı xarici investordur, tərəfdaşdır. Digər layihələr üzrə SOCAR-BP əməkdaşlığı davam edir və bu əməkdaşlığın artıq 20 ildən çox tarixi var və bundan sonra on illiklər ərzində SOCAR-BP əməkdaşlığı davam edəcək. Bu həm dövlətimiz, həm də xarici tərəfdaşlar üçün fayda gətirir. Azərbaycanda bax belə gözəl mühit yaranmışdır. Bütün xarici sərmayələr layiqincə qorunur. Bildiyiniz kimi, bütün neft-qaz kontraktları qanuni qüvvəyə minir, Parlament tərəfindən təsdiq edilir. Bu əlbəttə ki, investorlarda bizə olan inamı daha da artırır”.
İlham Əliyev çıxışında deyib ki, bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri ləyaqətlə, vaxtı-vaxtında icra edib.