Türkiyəyə dəvət olunan Azərbaycan qazisi daha bir mühüm görüş keçirib

Türkiyəyə dəvət olunan Azərbaycan qazisi daha bir mühüm görüş keçirib backend

Emin Həsənli: “Onları Azərbaycan həqiqətləri ilə tanış etdim”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin Türkiyə səfəri davam edir. Qardaş ölkənin Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələrinin yaranması günü ilə bağlı baş tutan səfərdə E.Həsənli bir sıra görüşlər keçirib.

Görüşlər barədə E.Həsənli “Yeni Müsavat”a bunları dedi: “Son görüşlərimdən biri Rum-Balkan Dərnəkləri Federasiyasının mənzil-qərargahında oldu. Federasiyanın sədri Kamuran Atakan idi. Bu federasiya 55 dərnəyi özündə birləşdirir. Bunlar əsasən, Rum-Balkan elindən olan türklərdir ki, onlar Atilla və Osmanlı imperiyası zamanında bu ərazilərə köçüblər. I dünya müharibəsindən sonra onların bir çoxu Türkiyə ərazisinə köç edib. Digərləri hazırda müxtəlif ölkələrdə yaşayırlar. Türkiyədə çox böyük nüfuza malikdirlər. Eyni zamanda, Avropada çox güclü diaspor fəaliyyətləri var. Dərnəyin sədr müavini Sübeyi Çobanoğlu Azərbaycanda çalışıb. Ehtiyatda olan polkovnikdir. Azərbaycan Silahlı Qüvvələrinin formalaşdığı ilkin dövrlərdə ölkəmizdə xidmət edib. Ölkəmizi çox yaxşı tanıyır. Bizimlə edəcəkləri əməkdaşlıqdan çox məmnun oldu. Federasiyanın sədrini və üzvlərini Azərbaycana dəvət etdim. Onlar ölkəmizin diaspor fəaliyyətinə dəstək verməyə hazır olduqlarını bəyan etdilər. Eyni zamanda, Dağlıq Qarabağ, Xocalı faciəsi kimi məsələlərimizi daim gündəmlərində tutacaqlarını bəyan etdilər. Onlar bizim kimi acı yaşadıqlarından bizi daha yaxşı başa düşürlər. Bizim kimi onlar da zamanında çox acılar yaşayıblar.

Bunun üçün də acımızı yaxşı başa düşüb, bunu bizimlə bölüşürlər. Azərbaycan gənclərinin Türkiyədə təhsil almasına, QHT-lərimizlə birgə əməkdaşlıq, xarici ölkələrdə birgə piketlərin səfirliklər qarşısında keçirilməsinə hazır olduqlarını bəyan etdilər. Mən onları Azərbaycan həqiqətləri ilə tanış etdim. Regionumuzda artan nüfuzumuzdan söz açdım. Milli problemlərimizi qabartdım. Çıxışım zamanı bir neçə suallar ünvanlandı. Hər bir sualı ayrı-ayrılıqda cavablandırdım. Dərnəyin üzvlərinin Azərbaycana marağı böyükdür. Ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyalarına sadiq olduqlarını bildirdilər. Azərbaycan-Türkiyə arasındakı önəmli layihələrdən söz açıldı və iki ölkənin bir-birinə böyük dəyər verdikləri önə çəkildi. Ölkəmizin hər zaman yanında olduqlarını, bundan sonra da olacaqlarını bildirdilər. Dərnəyin gənc üzvlərinin də Azərbaycana həddindən artıq sevgiləri var. Səfərim hələ davam edir. Başqa mühüm görüşlər də nəzərdə tutmuşam”.

“Yeni Müsavat”
Diaspora