“Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq formatı yaranmasını istəyirik” “Azərbaycanın təsdiqlənən qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bir neçə yataqda iş aparılır, inanıram ki, təsdiqlənən ehtiyatlar daha böyük olacaq”.
APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin (“Caspian Oil and Gas 2015”) rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.Dövlət başçısı bildirib ki, enerji marşrutlarının şaxələndirilməsinin böyük önəmi var: “Bu yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilir. Biz bunu yaxşı bilirik, öz rolumuzu yaxşı anlayır və məsuliyyətimizi dərk edirik. Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. Bütün bunlar Avropa və Azərbaycan arasında münasibətləri daha da yüksək səviyyəyə qaldıracaq. Biz istəyirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq formatı təşkil olunsun”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir: “Bu, ölkəmizi gücləndirəcək, yeni siyasi və iqtisadi dividentlər gətirəcək, nəticədə Azərbaycan xalqının daha yaxşı yaşaması təmin olunacaq”.
Dövlət başçısı Azərbaycanda islahatların davam etdiyini söyləyib: “Azərbaycanda böyük beynəlxalq tədbirlər, toplantılar da keçirilir. Biz qısa müddətdə - iki ildə Birinci Avropa Oyunlarına hazırlığı başa çatdırdıq. Bu, Azərbaycanın qüdrətini göstərir”.
Azərbaycan prezidenti deyib ki, artıq Cənub Qaz Dəhlizinin icrasına başlanıb və Azərbaycan bu sahədə də öz liderlik mövqeyini bir daha göstərib: “Xəzər qazının Avropaya ixracı ilə bağlı uzun müddət müzakirə getdi. Azərbaycan isə Türkiyə ilə TANAP layihəsinə imza ataraq əsas addımı atdı”.
Dövlət başçısı bildirib ki, artıq Cənub Qaz Dəhlizinin təməli qoyulub, bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilib: “Bu ilin mart ayında biz Türkiyədə TANAP layihəsinə start verdik. Artıq Cənub Qaz Dəhlizi reallıqdır, icra edilir. TANAP layihəsinin 3 ildən sonra icra ediləcəyinə əminəm. Beləliklə, "Şahdəniz" qazı Türkiyə və Gürcüstana ixrac ediləcək”.
Prezident İlham Əliyev TAP layihəsinin icrasında da problem yaşanacağına inanmadığını qeyd edib: “Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası göstərdi ki, bütün tərəflər məsuliyyətini dərk edir. Burada heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır. Çünki bundan hər kəs mənfəət götürür. Yunanıstan, Albaniya və digər Balkan ölkələri Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Bu, həm üstünlükdür, həm də müəyyən mərhələlərdə bir sıra məsələlər ortaya çıxa bilər. Gərək bu məsələlər müzakirə yolu ilə həll edilsin. Qarşımızda heç bir süni əngəl olmamalıdır. Yalnız bu halda Azərbaycan qazının Avropaya nəqlinə başlanacaq. Bu da bizim üçün böyük tarixi hadisə olacaq. Həm böyük ehtiyatlara malik Azərbaycan qazını Avropaya ixrac edəcək, həm də Avropa yeni enerji mənbəyi qazanacaq”.