Millət vəkili Qənirə Paşayeva İsveçrədə Azərbaycan həqiqətlərindən danışıb - FOTO

Millət vəkili Qənirə Paşayeva İsveçrədə Azərbaycan həqiqətlərindən danışıb - FOTO backend

Millət vəkili Qənirə Paşayeva İsveçrədə Ümumdünya Qadın Sammitində Azərbaycan həqiqətlərindən danışıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva İsveçrənin Bazel şəhərində dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya Qadın Sammitində iştirak edib, müzakirələr zamanı təkliflərlə çıxış edib. Dünyanın 70-dən artıq ölkəsindən 1000-dən artıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən vitse-prezident, baş nazir qadınlar, nazir qadınlar, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar, millət vəkilləri, işgüzar qadınlar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət rəhbərləri xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər. Sammitdə Azərbaycandan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İradə Hüseynova, Fitoterapevtlər cəmiyyətinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, "İşgüzar qadınlar" cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Yeganə Əliyeva, Zenfira Musayeva, Janilya Qafarova, Cəmilə İsmayılova, Ramilə Şirinova, Tehran Nağıyeva, Könül Əfəndiyeva, Lətifə Əliyeva, Nəhayət Əliyeva, Sona Qələndərli iştirak ediblər.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva sammitin işində iştirak etməklə bərabər, müzakirələr zamanı təkliflərlə çıxış edib və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Millət vəkili sammit çərçivəsində ABŞ, Fransa, Almaniya, İslandiya, Qazaxıstan, Meksika, Hindistan, Malayziya, Çin, Cənubi Koreya, Yaponiya, Filippin, Polşa, Sloveniya, Slovakiya, Veytnam, Afrika, Kamerundan gəlmiş nümayəndə heyətləri ilə görüşüb və Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib və fikir mübadiləsi aparılıb. Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Qənirə Paşayeva görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib.

Millət vəkili Q.Paşayeva ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınların cəmiyyətdə rolu ilə bağlı da danışıb və fikir mübadiləsi olub. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Qənirə Paşayeva tədbir və görüşlər zamanı ölkəmizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də məlumatlar verib. Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Qənirə Paşayeva tədbir iştirakçıları ilə yanaşı işgüzar xanımları da Azərbaycana dəvət edib. ABŞ, Fransa, Almaniya, İslandiya, Qazaxıstan, Meksika, Hindistan, Malayziya, Çin, Cənubi Koreya, Yaponiya, Filippin, Polşa, Sloveniya, Slovakiya, Veytnam, Afrika, Kamerundan olan fəal xanımlar Azərbaycan haqqında məlumatlı olduqlarını və böyük məmnuniyyətlə Azərbaycana səfər etmək və daha yaxından tanımaq istədiklərini bildiriblər.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva və nümayəndə heyəti üzvləri sammitdə və sammit çərçivəsində keçirilən görüşlərdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları xarici ölkələrin fəal xanımlarına təqdim etmiş və geniş məlumatlar vermişlər. Qeyd edək ki, dünyanın 70 ölkəsindən 1000-dən artıq nümayəndənin iştirakı ilə keçiriləcək sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilir. Tədbirin açılışında bir sıra yüksək səviyyəli rəsmi şəxslər çıxış edərək qadınların dünyanın hər yerində bütün sahələrdə, cəmiyyətin və dövlətin idarə olunmasında, iqtisadiyyatda, biznesdə rolunun daha da genişləndirilməsinin vacibliyi, həllini gözləyən problemlər, görülən və görülməsi vacib işlər barədə çıxış ediblər, təkliflərlə, layihələrlə çıxış ediblər və tədbir iştirakçıları ilə geniş müzakirələr olub.
Diaspora