Separatçılarla imzalanmış daha dörd xartiya ləğv edildi
Fransa məhkəmələrində ermənilər əleyhinə daha bir qərar qəbul edilib. Belə ki, Dağlıq Qarabağdakı separatçı rejimlə imzalanmış daha dörd xartiya məhkəmə tərəfindən ləğv edilib.Məhkəmənin qərarı ilə Drom, Valans, Bur le Valans və Bur de Peaq departamentlərinin Dağlıq Qarabağdakı 4 “bələdiyyə” ilə imzalanmış “Dostluq Xartiya”ları qanunsuz sayılaraq ləğv olunub. Qrenobl Məhkəməsinin qərarına görə, sözügedən departamentlərin 26 ildən bəri işğal altında olan Azərbaycan əraziləri ilə belə sənədlər imzalamaq hüquqları yoxdur. Məhkəmənin qərarında həmçinin deyilir ki, həmin sənədlər Fransanın xarici siyasət kursu və prinsipləri ilə kəskin ziddiyyət təşkil edir, sənədlər Fransanın yürütdüyü siyasətin əsas, təməl prinsiplərini nəzərə almır.
Xatırladaq ki, mayın 29-da da Sersi-Pontuaz İnzibati Məhkəməsinin qərarına görə, bu ölkənin Arnuvil şəhəri və işğal altında olan Xocavənd arasında imzalanmış dostluq xartiyası qeyri-qanuni elan olunub və ləğv edilib. Bu proses separatçı Dağlıq Qarabağ rejiminin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradığını göstərir. Qərar eyni zamanda beynəlxalq ictimaiyyətin separatçılıq meyllərini qınamasının növbəti təzahürüdür.
Xartiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə ziddir, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi bu ölkənin bitərəfliyini şübhə altına salırdı.
Məhkəmələrin qərarlarından daha Fransadan ermənilərə daha bir zərbənin vurulduğu aydın görünür. Separatçı rejimlə imzalanmış qanunsuz xartiyaların ləğv edilməsi ilə Fransa bir daha göstərmiş oldu ki, işğal altındakı əraziləri Azərbaycan əraziləri kimi tanıyır və belə dırnaqarası sənədlərin imzalanması mümkün deyildir. Bu fikri isə Bakıda səfərdə olan Azərbaycanın dostları assosiasiyasının prezidenti, sabiq deputat Jan Fransua Mansel bildirib.
Ekspertlər hesab edir ki, Azərbaycan Fransa ictimaiyyətini daha çox məlumatlandırmalıdır. Fransa cəmiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi, Azərbaycanın 1 milyondan çox qaçqınının olduğu, Xocalıda soyqırım törədildiyi barədə ətraflı, sıx məlumatlar verilməlidir. Fransa bir həmsədr kimi daha çox cəhd etməlidir ki, münaqişə tezliklə sülh yolu ilə həllini tapsın.
Fransa məhkəməsinin qərarları Ermənistanın, erməni diasporu və lobbisinin hüquqi müstəvidə bu ölkədəki böyük məğlubiyyəti kimi də qiymətləndirilir. Bundan sonra da ermənilər işğal altındakı Azərbaycan ərazilərinin ayrı-ayrı subyektlərinin leqallaşdırılması istiqamətində hansısa addımlar atmaq niyyətinə düşərlərsə, o zaman Fransa inzibati məhkəməsinin qərarı təkcə bu ölkədə deyil, bütövlükdə Avropa İttifaqı məkanında hüquqi presedent kimi qəbul ediləcək. Fransada məhkəmə bu ölkənin qanunlarına və beynəlxalq hüququn təməl prinsiplərinə əsasən məlum qərarları qəbul edib. Amma bununla yanaşı, bu mühüm hüquqi presedentin yaranmasında Azərbaycan prezidentinin, birinci vitse-prezidentin rolu, ölkəmizin israrlı mövqeyi də xüsusi rol oynayıb. Azərbaycanın apardığı iş Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə ağır zərbə vurmuş oldu.
“Yeni Müsavat”