Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində "ZTE" Korporasiyasının sədri Li Zixue ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "ZTE" Korporasiyasının sədri Li Zixue ilə görüşüb.Qaziler.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
"ZTE" Korporasiyasının sədri Li Zixue onun rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olduğunu bildirib. Çində və xaricdə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Zixue Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğulayıb və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini bildirib.
Prezident İlham Əliyev bu əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən olduğunu deyən dövlət başçısı son illərdə bu sektorun inkişafı üçün xeyli işlərin görüldüyünü, bu sahəyə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini deyib. Prezident İlham Əliyev "ZTE" Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.