Azərbaycan Ordusunun nümayəndələri NATO-nun Hərbi Tibb Mükəmməliyyət Mərkəzi və Rumıniya Milli Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vigorous Warrior - 2019” çoxmillətli tibb təlimində iştirak edib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, Rumıniyanın Çinku təlim mərkəzində 39 ölkədən 2500 nəfərdən artıq nümayəndənin iştirak ilə keçirilən təlimin əsas məqsədi tibbi təminat sisteminin təkmilləşdirilməsi, idarəetmənin qiymətləndirilməsi, hərbi, mülki, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əlaqənin qurulması qaydalarının məşq etdirilməsi olub.Təlim zamanı tibbi təminat, kimyəvi, bioloji, radioloji, nüvə (KBRN) və partlayıcı qurğuların tətbiqinə qarşı hazırlıq, axtarış-xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, müasir texnoloji dəstək vasitələrinin tətbiqi və digər məsələlər öyrənilib.