Millət vəkili Q.Paşayeva Türk Dünyasından gəlmiş sənətçi, ziyalılar və təşkilat rəhbərləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
Millət vəkili Qənirə Paşayeva Türkiyədən və Cənubi Azərbaycandan (İran) tanınmış şair, yazar, sənətçilər və təşkilat rəhbərləri ilə görüşüb, Qarabağ həqiqətlərindən danışıb.Millət vəkili Qənirə Paşayevanın və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırovanın dəvətilə ölkəmizə səfər edən Türkiyədə və Orta Asiyada Əhməd Yəsəvi irsinin təbliğində fəal rol oynayan Əhməd Yəsəvi Dərnəyinin rəhbəri Fatma Sönməz, Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan, Türkiyənin tanınmış jurnalisti Nurcan Sabur ,Türkiyənin tanınmış sənətçiləri –,qardaş Türkiyədə Azərbaycan musiqisinin təbliğində böyük rol oynayan Nursaç Doğanişık, Bora Gencer, Pinar Eliçer və “Ah Qarabağ” əsərinin müəllifi Hilal Başkal, Təbrizdən tanınmış sənətçi İbrahim Əlizadə, Təbrizdən tanınmış şair Çalğın Məhəmməd, Antalyada keçirilən beynəlxalq moda günlərində öz dəfiləsini “Biz evimizə – Qarabağımıza qayıtmaq istəyirik” şüarı altında keçirən və dəfilə boyunca Qarabağ həqiqətləri, Xocalı soyqırımı həqiqətlərini tədbir iştirakçılarının diqqətinə təsirli yollarla çatdıran Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpur ilə görüşüb. Qonaqların əksəriyyətinin ölkəmizə ilk dəfə səfər etdiklərini deyən millət vəkili Q.Paşayeva Vətəninizə xoş gəlmisiniz deyib, Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir deyib. “İlk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq” deyən millət vəkili “bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da inkişafı baxımından bu kimi qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan, Xocalı soqrımı, Qarabağ həqiqətləri barədə geniş məlumat verən millət vəkili Q.Paşayeva ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarında mədəniyyətimizə vurduğu ziyanlardan da danışıb. Azərbaycana ilk dəfə səfər etməkdən məmnuniyyət duyduğunu deyən Əhməd Yəsəvi Dərnəyinin rəhbəri F.Sönmez rəhbərlik etdiyi təşkilatın Azərbaycanda ortaq layihələr həyata keçirməkdə maraqlı olduğunu deyib və millət vəkili Q.Paşayevaya Türk dünyasının birliyi istiqamətində gördüyü işlərə görə mükafat təqdim edib. Mükafata görə təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bundan sonra də fəaliyyətini davam etdirəcəyini söylədi və Əhməd Yəsəvi Dərnəyi ilə Azərbaycan arasında ortaq layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinanın ölkəmizə ilk dəfə səfər etdiyini bildirən millət vəkili Q.Paşayeva gələcəkdə Azərbaycan, Qarabağ həqiqətləri ilə yazılar, əsərlərin yazılacağına inandığını deyib. Azərbaycana ilk səfərində ön cəhbəyə getdiyini və qayıtdıqdan sonra aldığı təəssüratlarını "Ah Qarabağ" əsərində ifadə etməyə çalışdığını deyən Türkiyənin tanınmış sənətçisi Hilal Başkal bu dəfəki səfərindən sonra yeni əsər yazacağını bildirdi. Qonaqların əksəriyyətinin Azərbaycanda ilk dəfə olduğunu qeyd edən millət vəkili Q.Paşayeva inanırıq ki, səfər yaddaşınızda dərin iz qoyub və sizi yenidən ölkəmizdə görməyə çox şad olarıq deyib. Millət vəkili Q.Paşayeva qonaqların bundan sonra Azərbaycanın tanıdılmaslnda, Qarabağ həqiqətlərinin yayılmasında daha fəal rol oynayacaqlarına inandığını bildirib və onlara Azərbaycan, Azərbaycanın mədəniyyəti ilə bağlı materiallar və hədiyyələr təqdim edib.