“Kremlin şansı Bakı ilə əməkdaşlıqdan keçir”

“Kremlin şansı Bakı ilə əməkdaşlıqdan keçir” backend

“Azərbaycan və Rusiya arasında münasibətlər baxımından yaxınlaşma müşahidə edilir və xüsusilə də son bir il ərzində bunun intensivləşdiyini qeyd etmək mümkündür”.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib.

Şimal qonşumuzla olan bu yaxınlaşmanın kökündə Qarabağ məsələsinin dayandığını vurğulayan politoloq çox maraqlı məqamlara toxunub:

“Rusiyanın apardığı son siyasətə fikir versək, görərik ki, Putin Riqa sammitinin Moskva üçün təhlükəli bir çağırış olduğunun üzərində dayandı. Yəni Avropa məkanına inteqrasiyanı özü üçün təhlükə hesab edən Rusiya buna AB-yə yaxınlaşan ölkələrin siyasətini öz milli təhlükəsizliyinə təhdid sayır. Dövlət başçısı İlham Əliyev də son sammitə getməməklə Azərbaycanın bu proqramda çox da istəkli olmadığını göstərdi. Bakıda keçiriləcək I Avropa Oyunları isə Azərbaycanın Avropaya inteqrasiya kursunu təsdiq edən bir siyasətdir. Bu öz yerində. Rusiya da vaxtilə Soçidə bu cür Oyunlar təşkil etmişdi.

Azərbaycanın Rusiya ilə son zamanlar daha da yaxınlaşması müvəqqəti məsələ deyil. Çünki Rusiya regional bir gücdür və ona görə də bu müddətdə münasibətlərin bu cür olması normaldır”.

Politoloq bildirib ki, Rusiya ilə yaxınlaşma NATO ilə əməkdaşlıq məsələsinə xələl gətirməyəcək:

“Azərbaycanın NATO ilə əməkdaşlığı bundan sonra da davam edəcək. Böyük ehtimalla Azərbaycan qarşıda da NATO-nun müxtəlif tədbirlərində iştirak edəcək. Əfqanıstanla bağlı siyasətimiz də olduğu kimi qalacaq. Yəni balanslaşdırılmış siyasət davam edəcək. Xəzərdə ortaq hərbi təlimlərin keçirilməsi isə heç də Qarabağ məsələsinin Rusiya ilə hərbi yola qədər gedəcəyi anlamına gəlmir. Dediyim kimi, bu, balanslaşdırılmış siyasətin davamıdır. Sadəcə, əməkdaşlıq getdikcə daha da güclənir. Həqiqətən də Qarabağ məsələsinin həlli ilə bağlı hansısa irəliləyişlərin olması ehtimalı böyükdür”.

F.Mehdiyev Rusiyanın köhnə siyasətindən birdəfəlik əl çəkməsi barədə indidən fikir yürütməyin çətin olduğunu deyib:

“Rusiya hazırda Qərb dünyası ilə qarşı-qarşıyadır. Belə olan təqdirdə bu ölkənin beynəlxalq dəstəyə böyük ehtiyacı yaranır. Hazırda Kremlin belə bir şansı var. Bu yol Bakı ilə sıx əməkdaşlıqdan keçir. Bu yerdə də yəqin ki, Rusiya bəzi şeyləri çox yaxşı başa düşür. Bir məqamı da vurğulamaq istəyirəm ki, hazırda ortada Moskvanın hər vəchlə əngəlləməyə çalışdığı böyük bir Transxəzər layihəsi var. Çünki Avropa üçün əsas prioritet Azərbaycan və türkmən qazıdır. Belə olan halda isə Rusiya öz “Cənub axını” layihəsinin kölgədə qalmaması üçün çox güman ki, planlar, başqa yollar axtarmağa çalışacaq”.

Diaspora