Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Gürcüstan Prezidentinə məktub ünvanlayıb.
Axar.az xəbər verir ki, millət vəkili cənab Giorgi Marqvelaşvili və gürcü xalqını Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə şəxsən öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib.Məktubda deyilir:
“Zati-aliləri hörmətli cənab prezident Giorgi Marqvelaşvili, Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əlamətdar haldır ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əməkdaşlıq münasibətlərimiz bütün sahələrdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Əminəm ki, həyata keçirdiyimiz mədəni, iqtisadi və siyasi mübadilələr xalqlarımızın rifahına, ölkələrimizin tərəqqisinə, regionumuzda sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülh və firavanlıq arzulayıram”.