Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında Moskvada baş tutan danışıqlar zamanı, ola bilsin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük sülh razılığının imzalanmasının başlanğıcı qoyulsun.
Trend-in məlumatına əsasən, bunu Qərb universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfərinin yekunlarına münasibət bildirən F.Sadıqov bildirib ki, başqa məsələdə də aydındır - Moskvanın hərbi-siyasi tərəfdaşı Ermənistana təzyiq göstərməsi çox əhəmiyyətli məsələdir: "Əks təqdirdə hər hansı siyasi nəticə gözləmək, sadəcə olaraq, məntiqsiz olacaq. Bununla yanaşı, iki ölkə arasında qarşılıqlı anlayış baxımından müəyyən irəliləyiş hiss olunur. Rusiya regionda Azərbaycanın əsas oyunçu, vacib tərəfdaş kimi dəyərini başa düşür”.
Politoloqun sözlərinə görə, Azərbaycan xarici işlər nazirinin rusiyalı həmkarı ilə görüşü prinsipcə, Azərbaycan-Rusiya əlaqələrinin cari formatına uyğundur: “Bu münasibətlər bu gün o cəhətdən səciyyəvidir ki, bir çox sahədə əməkdaşlığın yaxşı dinamikası var və hər iki ölkə bu münasibətlərin dövlət maraqlarına cavab verməsini istəyir. Aydındır ki, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi əsas problem olaraq qalır və bu bir reallıqdır ki, Ermənistanın əsas hərbi-siyasi tərəfdaşı Rusiyadan çox şey asılıdır. Bunu nəinki Bakı və başqa Avropa dövlətlərinin paytaxtı, həmçinin Moskva da yaxşı başa düşür. Bu baxımdan, Azərbaycan rəsmilərinin səfərləri və Rusiya siyasi elitası ilə danışıqlar aparması böyük əhəmiyyət kəsb edir”.
F.Sadıqov həmçinin bildirib ki, Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin rəhbərlərinin görüş formatı ikitərəfli əlaqələrdə ən çətin problemlərin nizamlanmasını nəzərdə tutan həmin diplomatik formatdır və bu səfərin daha bir əhəmiyyəti ondan ibarətdir ki, görüş “Şərq tərəfdaşlığı”nın Riqa Sammitindən dərhal sonra baş tutub: “Sammitdə Azərbaycan açıq-aydın öz mövqeyini göstərdi, bəyannamədəki bəzi müddəalarla əlaqədar narazılığını bildirdi və müstəqil mövqe sərgilədi. Azərbaycan nümayiş etdirdi ki, onun siyasi kursu müstəqil və azaddır, dövlətin xarici siyasi fəaliyyətində ölkənin ərazi bütövlüyü əsas problemdir. Düşünürəm ki, Moskvada bunu eşitdilər, yaxşı başa düşdülər və indi nəticə çıxarmalıdırlar. Bu Dağlıq Qarabağ problemində irəliləyiş üçün əsas məsələdir”.