Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə - Bakıdan sərt reaksiya

Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə - Bakıdan sərt reaksiya backend

Fəzail Ağamalı: “Sübut olundu ki, anti-Azərbaycan qüvvələr öz mövqelərindən əl çəkməyiblər”

Yanvarın 17-də Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. İnsan hüquqlarının pozulması ilə bağlı vəziyyətin və konkret olaraq azadlığa çıxmasına iki ay qalanda barəsindəki əlavə maddələrlə cinayət işi açılan gənc blogger Mehman Hüseynovun işinin müzakirə olunduğu iclasda ölkəmizə yönəlik sərt tənqidlər səsləndirilib.

Contact.az-ın xəbərinə görə, həmçinin Azərbaycan hakimiyyətinin uzun illərdir öz öhdəliklərinə məhəl qoymadığı, insan hüquqlarını və demokratiya normalarını kobud şəkildə pozduğu bildirilib. Çıxışlara ticarət üzrə Avropa komissarı Sesiliya Malstr yekun vurub. O qeyd edib ki, Brüssel Azərbaycan hakimiyyəti ilə Mehman Hüseynovun işi üzrə daimi dialoq aparır və onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir: “”Ona qarşı saxtalaşdırılmış yeni cinayət işi Aİ və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə ziddir. Biz Bakı ilə daimi dialoqu davam etdirirk və bu ölkə ilə yeni saziş ətrafında danışıqlarımıza mütləq demokratiyaya, insan hüquqlarına, qanunun aliliyinə və ədalətli dövlət idarəçiliyinə dəstək bəndləri daxil ediləcək. Bu müddəalar çərçivəsində biz Azərbaycanın vətəndaş cəmiyyəti ilə əlaqə saxlayacağıq və fevralın 5-də məsləhətləşmələrimizi Bakıda davam etdirəcəyik".

Contact.az xəbər verir ki, müzakirələrin yekunlarına görə Avropa Parlamentinin Bakını insan hüquqlarının “kütləvi və kobud şəkildə pozulmasına görə” tənqid edən qətnaməsi qəbul edilib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında qətnaməyə sərt reaksiya verdi: “Avropa Parlamenti vaxtaşırı Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirməkdədir. Bir neçə müddət öncə Avropa Parlamentinin münaqişələr olan ölkələr sırasına əvvəlkilərdən fərqli olaraq Azərbaycanı da əlavə etməsi bizdə belə bir fikir formalaşdırmışdı ki, deyəsən, Avropa İttifaqı ölkəmizə qarşı ədalətli mövqe nümayiş etdirməyə başlayıb. İndi bu cür qətnamənin meydana gəlməsi sübut etməkdədir ki, Avropa Parlamentinin anti-Azərbaycan qüvvələri öz mövqelərindən əl çəkməyiblər, təzyiq və təhdid kampaniyasını davam etdirməkdədirlər. Sual olunur, Mehman Hüseynov kimdir ki, Avropa İttifaqı bu qədər əndişələnib, böyük həyəcan təbili vurur, özünün diplomatlarının onunla görüşünü təşkil edir, görüşdən fotolar çəkdirib ictimailəşdirir, onun südlə keçirmiş olduğu aclığı insan fəlakətinin, faciəsinin ifadəsi kimi təqdim edir? Mehman Hüseynov konkret əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub, haqqında həbs-qətimkan tədbiri seçilib, istintaq gedir, bu istintaqın nəticəsində məhkəmə Mehman Hüseynova və onun əməllərinə hüquqi qiymət verəcək.

Avropa Parlamentində böhtan, qərəz kampaniyasının belində gedən həmin o deputatlar faktiki olaraq Azərbaycanın daxili işlərinə qarışmaqla bərabər Mehman Hüseynovla bağlı istintaqın gedişinin obyektiv aparılmasına maneçilik törədirlər. Bu, bütövlükdə beynəlxalq hüquq normalarına daban-dabana ziddir. Avropa Parlamentinin qarşısında Azərbaycanın xüsusi bir öhdəliyi yoxdur. Bu parlament başa düşməli, nəhayət, dərk etməlidir ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycan müstəqil dövlət kimi vətəndaşlarının hüquq və azadlıqlarını bütün istiqamətlərdə yüksək səviyyədə qoruyur. Ölkəmizə qarşı hansı kampaniyaların aparıldığını hər kəs görür. Baxmayaraq ki, həmin kampaniyalarda şər-böhtan, əxlaqsızlıq, şərəfsizlik var, amma bu məsələlərə Azərbaycanda, hətta dövlət başçısı səviyyəsində böyük təmkinlik göstərilir. Hazırda Fransada nələrin baş verdiyi göz önündədir. Bu ölkədə mitinqçilər kütləvi şəkildə həbsxanalara salınır, təhqir olunur, əzilir, tapdalanır. Avropa buna öz səsini çıxarmır, Fransaya qarşı hər hansı bir fikrini ifadə etmir. Amma Azərbaycanla bağlı nə baş verir? Mehman Hüseynov qanunları pozub, buna görə də cinayət məsuliyyətinə cəlb olunub. İndi belə şəxslər cinayətə yol verirlərsə, Avropada dayaqları var deyə bunları edirlərsə, hər şeyi edə bilərlər? Bu baxımdan anti-Azərbaycan qüvvələrin ortaya qoyduğu bu qətnamələri lənətləyirəm. Onların bu fikirlərini qərəzli hesab edirəm, onları Azərbaycana şər-böhtan atmaqda, öz şərəf və ləyaqətlərini itirməkdə günahlandırıram. Onlar ölkə prezidentinin dediyi kimi, “Konyak diplomatiyası”nın hesabına Azərbaycana qarşı şər-böhtan kampaniyasını davam etdirirlər. Hesab edirəm ki, belə qətnamələr Azərbaycanın beynəlxalq nüfuzuna təsir etmək gücündə deyil".

Deputat belə qətnamələrin davamlı ola biləcəyini də vurğuladı: “Bu və ya buna bənzər qətnamələri bundan sonra da gözləyə bilərik. Çünki Azərbaycanın mövqeyi gücləndikcə bu cür kampaniyalar olacaq. Baxın, indiki qətnamə hansı vaxta təsadüf edir? Ölkə prezidenti struktur islahatları ilə bağlı çox ciddi fərmanlara imza atdı. Bu fərmanlar Azərbaycanın demokratik yolda inkişafını təmin edən addımlardır. Bu proseslər davam edəcək. Azərbaycan dünyada öz layiqli yerini müəyyən etməkdədir. Bu da anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat edir. Onun üçün də şər-böhtan kampaniyaları təşkil etməkdədirlər. Biz dövlətimizin və xalqımızın maraqlarına xidmət edən yolla addımlayırıq. Bu yol Azərbaycanı dünyada inkişaf etmiş ölkələr sırasına çıxarıb və çıxarmaqdadır. Bu yolun yolçusu Azərbaycan xalqıdır, yolun da xəritəsini cızan cənab prezident İlham Əliyevdir”.

“Yeni Müsavat”
Diaspora