Ermənistanın strateji planlarında Cavaxetiya məsələsi - ARAŞDIRMA (I YAZI)

Ermənistanın strateji planlarında Cavaxetiya məsələsi - ARAŞDIRMA (I YAZI) backend

"Böyük dövlətlər"in Qafqaz siyasətinin həyata keçirilməsində, Ermənistanın daim "müstəsna xidmətləri" olub və bu gün də davam edir.

Həm öz rəhbərlərinin işinə yaramaq, həm də Qafqazın sərhədlərini yuyan dənizlər də daxil olmaqla öz qonşularından əlavə ərazilər əldə etməklə "dənizdən dənizə Böyük Ermənistan" yaratmaq kimi mənfur məqsədlərinin həyata keçirilməsi 100 ildən çoxdur ki, Qafqazın inkişafına və təhlükəsizliyinə ciddi manelər törədir.

"Dənizdən-dənizə Böyük Ermənistan" yaratmaq ideyası təkcə Azərbaycan və Türkiyə ərazisinin deyil, həm də digər qonşu dövlətlərin ərazilərinin ələ keçirilməsini də nəzərdə tutur. Bu günə qədər həm mövcud olduğu Azərbaycan ərazilərinin - İrəvanın, Göyçənin, Zəngəzurun ələ keçirilməsini, həm də Dağlıq Qarabağ və 7 ətraf rayonun işğal altında saxlamasına aid fəaliyyətlərini analiz edərək Ermənistanın "qonşu dövlət ərazisinin əldə edilməsinin standart düsturu"nun tətbiqi ardıcıllığını belə ifadə etmək olar:



1. Əldə ediləcək hədəf - ərazi təyin edilir, dövlət və diasporun iştirakı ilə geniş miqyaslı fəaliyyət planı hazırlanır, maliyyə, təminat, silahlandırma, dəstək və digər prosedurların həyata keçirilməsinə ən azı 10, bəlkə də 20 il əvvəlcədən start verilir;
2. Əldə ediləcəyi planlaşdırılan ərazidə süni şəkildə erməni əhalinin sayının artırılmasına nail olunur;
3. Bütün mümkün platformalarda ilkin mərhələdə gizli, sonrakı mərhələlərdə isə aşkar olaraq "öz müqəddəratını təyinetmə prinsipi"nin tətbiqi üçün aktiv şəkildə təbliğat aparılır;
4. Tarixi abidələr, kilsələr, məbədlər üzərinə "ermənilərə məxsusdur" iddiası üçün zəmin hazırlamaq məqsədilə müəyyən əlavələr edilir, mövcud olan sübutlar saxtalaşdırılır və ya məhv edilir;
5. Bütün dünyada özlərini əldə olunacaq ərazilərdə "milli zəmində təzyiqlərə məruz qalan məzlum erməni xalqı" kimi təqdim edirlər;
6. Planın həyata keçirilməsi üçün heç bir mübarizə üsulu istisna edilmir, silahlı terror qruplaşmalarının fəaliyyətindən geniş istifadə edilir;
7. Böyük dövlətlərin maraqlarını təmin etməklə öz məqsədlərinə nail olmağa üstünlük verilir.

Əvvəlcədən hazırlanan fəaliyyət planın bir hissəsi olaraq, münaqişə ocaqları yaratmaq üzrə ssenarilər və perspektiv planda bu əraziləri "qədim erməni məskəni" kimi təqdim etməkdə böyük təcrübəyə malik "dənizdən-dənizə Böyük Ermənistan"ın milli ideoloqları Qarabağ və Naxçıvan da daxil olmaqla bütün Azərbaycan Respublikası ərazisinin, Türkiyənin Şərqi Anadolu vilayətlərinin, Gürcüstanın Samtsxe-Cavaxetiya, Acarıstan, Kvemo-Kartli rayonlarının, İran İslam Respublikasının tərkibindəki Qərbi Azərbaycan və Şərqi Azərbaycan ostanlıqlarının Urmiya gölünə qədər olan hissəsinin, hətta Rusiyanın Şimali Qafqazın Rostov-Don xəttinə və Voronejə qədərki ərazilərinin ələ keçirilməsini özlərinə mərhələli "milli vəzifə" elan ediblər.



Ermənilərin öz məqsədlərinə çatmaq üçün məskunlaşdıqları ölkənin vəziyyətindən sui-istifadə halları və dövlətə daxildən zərbə vurmaq məqsədlərini sübut etmək üçün çoxsaylı dəlillər mövcuddur. Hələ I Dünya müharibəsi illərində ermənilər Osmanlı imperiyasındakı şəraitdən istifadə edərək qiyamlar qaldırmaqla dövləti zəiflətməyə və öz məqsədlərini həyata keçirmək üçün onun məğlub olmasına çalışırdılar. Ermənilər Van, Bitlis, Ərzurum, Xarberd və Sebastiya, həmçinin Klikiyanın daxil olduğu ərazilərin Türkiyədən alınaraq özlərinin erməni dövlətini yaratmaq, "erməni məsələsi"ni həll etmək məqsədilə bu müharibədə iştirak edirdilər. Rusiya ermənilərə "Böyük Ermənistan" yaratmaqda kömək edəcəyini vəd edərək Osmanlı hakimiyyətinə qarşı mübarizə aparmaq üçün könüllü erməni dəstələrinin və alaylarının yaradılmasını təşkil edir, onları yeni silahlarla silahlandırırdı. Eyni zamanda ölkə daxilində ermənilərin silahlı üsyanları təşkil edilirdi. Osmanlı hökumətinin ölkə daxilində üsyan qaldıran, erməni alayları ilə birləşməyə cəhd edərək türklərin kütləvi qırğınını təşkil edən ermənilərə qarşı gördüyü qanuni təhlükəsizlik tədbirlərini isə hazırda ermənilər "erməni soyqırımı" kimi dünyada qəbul etdirməyə cəhd edirlər.

160 ilə yaxın Azərbaycanda yaşayan ermənilər hər imkanda Azərbaycana xəyanət ediblər. Dağlıq Qarabağ ərazilərinə əsassız iddia irəli sürən Ermənistanın hərbi təcavüzü nəticəsində 20000-dən çox insan həlak olub, 50000-dən çox insan yaralanıb, təxminən 5000 nəfərə yaxın Azərbaycan vətəndaşı əsir və girov düşüb. 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətindədir. Azərbaycanın 1800000 hektara yaxın ərazisi 25 ildən çoxdur ki, erməni işğalı altındadır. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun məlumatına görə, Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 816 milyard dollar ətrafındadır və bu zərər hər gün artmaqda davam edir.

Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsi real hədəfdir



Bu gün Cənubi Qafqazda Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadan sonra ən real milli problemin yaşana biləcəyi, daha doğrusu yaşandığı bölgə Gürcüstanın Samtsxe-Cavaxetiya regionudur. Maraqlıdır ki, sadaladığımız bu 4 münaqişə ocağından Cənubi Osetiya istisna olmaqla digər üçünün yaranmasında erməni terror qrupları milliyətçilik maskası altında birbaşa iştirak ediblər və etməkdə davam edirlər.

Biz bu yazımızda Ermənistanın Gürcüstan ərazilərinin ələ keçirilməsi proseslərini araşdırmağa, həmçinin Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun, Naxçıvanın anklavda olan Kərki kəndinin və Qazax rayonun 3-ü anklavda olmaqla 7 kəndinin işğalı zamanı istifadə etdikləri metodların oxşar və fərqli cəhətlərini analiz etməyə cəhd edəcəyik.



Ermənistanın dövlət səviyyəsində növbəti işğal hədəfi, seçdiyi konkret bölgə Gürcüstanın cənubunda yerləşən Samtsxe-Cavaxetiyadır. Cənubdan Türkiyə və Ermənistanla, qərbdən Acarıstanla, şimal-qərbdən Quriya, şimaldan İmeretiya, şimal-şərqdən Şida-Kartli, şərqdən isə Kvemo-Kartli bölgəsi ilə həmsərhəd olan regionun ərazisi 6412,9 kvadratkilometrdir. Lap qədimdən iki hissədən ibarət olan Samtsxe-Cavaxetiya regionunun qərb hissəsini gürcülər Mesxetiya, türklər Ahıska, şərq hissəsini gürcülər Cavaxeti, ermənilər isə Cavaxk adlandırırlar. Gürcüstanın müasir inzibati ərazi bölgüsünə görə Samtsxe-Cavaxetiyanın tərkibinə altı inzibati rayon daxil edilib: Adiqen, Aspindza, Borjomi, Axalsıx, Axalkalaki və Ninotsminda. Samtsxe-Cavaxetiyanın Borjomi rayonu istisna olmaqla qalan beş rayonunun hamısı Türkiyə ilə həmsərhəddir. Yalnız Ninotsminda rayonu Ermənistanla sərhədə malikdir. Bölgə xristianlığa qədərki dönəmdə birmənalı olaraq İveriyanın tərkib hissəsi olub. IX-X əsrlərdə Tao-Klarceti çarlığının, 1008-ci ildən etibarən isə Baqrationilərin başçılığı altında bölgə vahid Gürcüstana birləşdirilib. Bölgə hələ XI əsrdə Səlcuqların, XIII əsrdə isə monqolların və qıpçaqların axınlarına məruz qalıb. Osmanlı imperiyasının şərq ekspansiyasının güclənməsi ilə bölgə XVI əsrin sonu XVII əsrin əvvəllərində türklərin nəzarətində olub. Bölgədə ermənilərin nə zamansa idarəetmədə təmsil olunması barədə faktlar və sübutlar mövcud deyil.



1828-1829-cu illərdəki Osmanlı-Rusiya müharibəsinin nəticələrinə görə, Samtsxe-Cavaxetiya regionu Rusiya İmperiyasının nəzarətinə keçdi. 1828-ci il Ədirnə sülh müqaviləsinə əsasən, burada yaşayan müsəlman gürcülər – lazlar Türkiyənin daxili rayonlarına köçürüldü, əvəzində isə Ərzurum vilayətində yaşayan ermənilərin bir hissəsi İrəvan və Qarabağla yanaşı, həmçinin Axalkalakidə məskunlaşdırıldı. Yəni, ermənilər Dağlıq Qarabağ kimi, Cavaxetiyaya da İrandan və Osmanlı Türkiyəsindən (1828-1829-cu illərin Rusiya-Qacar və Rusiya-Türkiyə müharibəsindən sonra) köçürülüblər. Tədqiqatlar sübut edir ki, təkcə müharibə zamanı buraya köçürülən ermənilərin sayı 35 min nəfər olub. Hazırda Cavaxetiyada yaşayan ermənilərin 90 faizi o vaxt köçürülənlərin nəsillərindəndir. Həm Dağlıq Qarabağda, həm də Samtsxe-Cavaxetiya regionunda mövcud olan erməni kilsələri əsasən 1830-cu ildən sonrakı dövrdə inşa edilib.

1918-1919-cu illərdə Qafqazda qonşuların əraziləri hesabına yaradılan Ermənistan Respublikası Qarabağ və Naxçıvanla yanaşı, Cavaxetiya regionuna da qarşı ərazi iddiaları irəli sürub, Azərbaycanla olduğu kimi, Gürcüstanla da müharibəyə başlayıb. Müharibənin predmeti, həmişəki kimi Ermənistanın qonşularından əlavə ərazilər əldə etməklə "dənizdən dənizə Böyük Ermənistan" yaratmaq ideyasının bir hissəsinin həyata keçirilməsi idi.



Müharibənin başlama səbəbi kimi Ermənistanın keçmiş Tiflis quberniyasının Axalkalaki və Borçalı qəzalarına qarşı əsassız iddialar irəli sürməsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti tarixi torpaqlarının öz sərhədləri daxilində birləşdirilməsi üçün fəal xarici siyasət yeritsə də, müharibəyə qoşula bilmədi. Lakin Ermənistan öz işğalçılıq planlarını müharibə ilə həll etmək yolunu tutdu. Osmanlı imperatorluğu ilə Cənubi Qafqaz respublikaları arasında 1918-ci ildə bağlanan Batum müqaviləsinə əsasən, Gürcüstanla Ermənistanın sərhəd zolağında türk qoşunları yerləşirdi. Oktyabrın 18-də türk qoşunları oranı tərk etdi və həmin ərazilərə Gürcüstanı müdafiə edən alman qoşunları daxil oldu. Birinci Dünya müharibəsində (1914-1918) məğlub olan Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etdikdə, Borçalı qəzasının xeyli hissəsi Gürcüstan hökumətinin nəzarətinə keçdi. Ermənistan Gürcüstana nota verərək, onun Axalkalakidən çıxmasını tələb etdi. Oktyabr-noyabr aylarında tərəflər arasında qarşılıqlı ittihamlar kəskinləşdi, ermənilər Axalkalaki və Borçalıda təxribatlar, silahlı toqquşmalar törətməyə başladılar. Ermənistan Axalkalakiyə süvari eskadron, Borçalıya isə 4-cü erməni polkunun hissələrini göndərdi.

Müharibənin başlaması



Dekabrın 9-da hərbi əməliyyatlar başlandı. Döyüşlər azərbaycanlıların kompakt yaşadığı və tarixən onlara məxsus olan Borçalı qəzasında gedirdi. Ermənistanın notasına görə, Gürcüstan Borçalı, Axalkalaki qəzalarından və Tiflis də daxil olmaqla, eyniadlı qəzanın bir hissəsindən imtina etməli idi. Dekabrın 17-də Gürcüstan Ermənistana rəsmən müharibə elan etdi və Ermənistanla diplomatik əlaqələri kəsdi. Dekabrın 18-31-də tərəflər arasında hərbi əməliyyatlar baş verdi.

Müharibə Azərbaycanın tarixi torpaqlarına və onun əhalisinə ciddi ziyan vurdu. Birinci Dünya müharibəsində qələbədən sonra Qafqazda mövqeyi güclənən İngiltərə Ermənistan-Gürcüstan müharibəsinin dayandırılmasında fəal iştirak etdi. Ermənistan tərəfi dekabrın 31-də hərbi əməliyyatları dayandırmağa və Gürcüstan hökuməti də sülh bağlamağa razılaşdı.

Müharibənin qısa xronologiyası



1918-ci il noyabr-dekabr – Gürcü ordusu Tiflis quberniyasında gürcü, erməni və azərbaycanlıların yaşadığı Borçalı və Axalkalaki ərazilərini tutdu.
1918-ci ilin dekabrın 5-də Daşnak hökuməti Axalkalaki rayonuna atlılardan ibarət eskadron və 4-cü ordu polkunun hərbi bölməsini göndərdi.
1918-ci ilin dekabrın 9-da Axalkalaki və Borçalı rayonlarında Gürcüstan və Ermənistan hərbi bölmələri arasında ilk toqquşmalar baş verdi.
1918-ci ilin 12-14 dekabr tarixlərində gürcü-amerikan-ingilis üçtərəfli danışıqları keçirildi. Tərəflər İngiltərə ordusunun Gürcüstana göndərilməsi haqqında razılaşdılar. Erməni ordusu Sanain şəhərinə hücum etdi.
1918-ci ilin dekabrın 15-də İngilis ordusu Potiyə ilk desant çıxardı.
1918-ci ilin dekabrın 25-də İngilis ordusu Tiflisə çatdı.
1918-ci ilin dekabrın 26-da Almaniya ordusunun Gürcüstandan evakuasiyası başa çatdı.
1918-ci ilin dekabrın 31-də Tiflisdə Gürcüstan və Ermənistan arasında sülh müqaviləsi imzalandı.

Sülh müqaviləsi

1919-cu ilin yanvarın 9-dan 17-nə qədər Tiflisdə Ermənistan-Gürcüstan konfransı keçirildi. Ermənistan və Gürcüstan arasında sərhəd məsələsi Antanta Ali Şurası tərəfindən həll edilənədək Borçalı qəzasının şimal hissəsinin Gürcüstana, cənub hissəsinin isə Ermənistana verilməsi, Allahverdi mis mədənlərinin olduğu orta hissədə isə "neytral zona" yaradılması qərara alındı. Neytral zonanın idarəsi ingilis general-qubernatoruna həvalə edildi.

Azərbaycanın qanuni iddiası olan Borçalının müqəddəratının həll olunduğu konfransa Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti dəvət edilmədi. Ona görə də Azərbaycanın Tiflisdəki nümayəndəsi öz ölkəsinin bu qərarı tanımayacağını bildirdi. Sonralar Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz bürosunun 7 iyul 1921 il tarixli qərarı ilə "neytral zona" da Ermənistana birləşdirildi.



Beləliklə, Borçalının azərbaycanlı əhalisinin öz müqəddəratını təyin etmək hüququ kobudcasına pozuldu, əzəli Azərbaycan torpağı olan və azərbaycan türklərinin kompakt yaşadığı Borçalı Gürcüstanla Ermənistan arasında bölüşdürüldü. Sonradan bölgədə Sovet hakimiyyəti möhkəmləndi, ərazi problemlərinin açıq müzakirəsi qadağan edildi, ermənilərin yaratdıqları torpaq iddialı münaqişələr donduruldu. Buna baxmayaraq "dənizdən-dənizə Böyük Ermənistan" ideyasının daimi daşıyıcısı olan dövlət tərəfindən dəstəklənən silahlı və silahsız erməni dəstələri məcburən qeyri-leqal fəaliyyətə keçdilər. Bu qısa olmayan müddət ərzində erməni millətçiləri planlarını bir daha nəzərdən keçirməyə, digər ölkələrdə siyasi və hərbi dəstək qazanmağa, ciddi maliyyə vəsaitləri cəlb etməyə, silah və sursat tədarük kanallları, o cümlədən təlim keçmiş qruplar yaratmağa və s. nail oldular.

Bölgənin mühüm və strateji nöqtədə yerləşdiyini nəzərə alan Sovet lideri İosif Stalin öz hakimiyyəti dövründə bu bölgəyə giriş-çıxışı məhdudlaşdırmaq üçün qadağan olunan sərhəd zonası elan edilməsi barədə göstəriş verdi. Müstəqillik dövrünün ilk illərində Ermənistan Azərbaycan ərazilərini işğal etdi. Milli Ordumuzun həyata keçirdiyi hücum əməliyyatlarından sonra iddialarından geri çəkilməsələr də hərbi fəaliyyətlərini əldə etdikləri ərazilərin qorunub saxlanılmasına yönəltdilər. Lakin daim "dənizdən-dənizə Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün yeni ərazilər əldə etmək üçün planlar hazırlayan erməni milli ideoloqları bu dəfə də 100 il öncə sahiblənə bilmədikləri Samtsxe-Cavaxetiyanın ətrafında suları bulandırmağa başladılar.



Əslində bu bölgənin əldə edilməsi heç bir zaman dövlət səviyyəsində Ermənistanın planlarından xaric edilməyib, sadəcə İrəvan resurs baxımından ərazi iddası irəli sürdüyü bütün ölkələrlə paralel mübarizə aparmaq imkanından məhrum olduğuna görə, qonşulara qarşı işğalçılıq siyasəti böyük dövlətlərin dəstəyi ilə mərhələli şəkildə aparılır. Qeyd edim ki, regiondakı Rusiya bazaları Gürcüstanın müstəqillik əldə etməsindən 16 il sonra, 2007-ci ildə ölkənin ərazisini tərk edərkən Emənistan bu bazaların şəxsi heyət və texnikasını öz ərazisinə qəbul edərək bu qoşunlardan region ölkələrinin hərbi-siyasi mövqeyinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başladı və bu proses nisbətən zəif tempdə bu gün də davam etməkdədir. Dağlıq Qarabağ və ətraf rayonlarda münaqişə tərəfləri etnik azərbaycanlılar və ermənilərdirsə, Samtsxe-Cavaxetiyada ermənilər gürcüləri hədəf seçib. Təbii ki, Rusiyanın Gürcüstanla əlaqələrinin 2008-ci ildə pozulmasından, Cənubi Osetiya və Abxaziyanın erməni silahlılarının da dəstəyi ilə Moskvanın nəzarətinə keçməsindən sonra İrəvanın Cavaxetiyada daha da aktivləşməsi müşahidə olunur.

Daha öncə də qeyd edildiyi kimi, ermənilər 1918-ci ildən bu bölgələrə iddia edir və bu günə qədər Cavaxetiyanı özününkü hesab edirlər. 1918-ci ildə Tiflislə İrəvan arasında gərgin diplomatik danışıqlar aparıldı ki, sərhəd mübahisəsinə son qoyulsun. Lakin erməni separatçıları və quldurları qətllər törətməklə bölgəni daim gərgin vəziyyətdə saxlayırdı. SSRİ yarandıqdan sonra İttifaqın digər münaqişəli ərazilərində olduğu kimi burada da "Cavaxetiya problemi" donduruldu. SSRİ-nin dağılmasından sonra ermənilər yenidən Cavaxetiyada təxribatçı əməllərə və separatçı çıxışlara başladılar. Gürcüstanın Cavaxetiya əyalətində yaşayan ermənilər artıq 27 ildən çoxdur ki, Tiflisin himayəsindən çıxıb, Ermənistanın tərkibinə daxil olmaq üçün hazırlıq proseduru həyata keçirərək muxtariyyət tələbləri ilə çıxış edirlər.



Ermənilərin muxtariyyət və ya Ermənistana birləşmə iddiaları Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin dövründə nisbətən passiv xarakter daşıyırdı. Çünki, Eduard Şevardnadze balanslı siyasət yürüdürdü və Rusiya ilə açıq qarşıdurmadan çəkinirdi. Qərbmeyilli Saakaşvili rejimi Rusiyanın mümkün fəaliyyətləri və müdaxilələrini hesaba almadı. Rusiya da heç bir şərtlə Gürcüstan tərəfindən Qafqazın Qara dənizdəki giriş "qapılarının" Qərbin və NATO-nun üzünə açması ilə barışa bilməz. Digər tərəfdən Abxaziya və Şimali Osetiya probleminə və bu münaqişələrdə erməni silahlı dəstələrinin, məsələn "Baqramyan" taborunun və aktiv iştirakına görə, Rusiyanın Ermənistanla avtomobil və dəmir yolu əlaqəsi Gürcüstan tərəfindən bağlandı. 1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA, Gürcüstanın Cavaxetiya bölgəsində "Virk-Yerkir" adı ilə yenidən quruldu və Abxaziyadakı döyüşlərdə iştirak etdi. Baş verən münaqişədə digər bir erməni təşkilatı olan "Cavaxetiya gənclər-idman ittifaqı" da radikal mövqe nümayiş etdirərək üzvlərinin qeyri-qanuni silahlı dəstə kimi döyüşlərdə aktiv iştirakını təmin etdi.

Beləliklə, bölgədəki erməni seperatçı təşkilatlarının Gürcüstana qarşı düşmən mövqeyi 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibə zamanı bir daha aşkar ortaya çıxdı və sübut olundu.

Seperatçılıq meylləri müxtəlif dövrlərdə artıb azalsa da, gizli olaraq bu istiqamətdə fəaliyyət heç bir zaman dayandırılmayıb. Zaman-zaman hadisələr və kiçik toqquşmalar qeydə alınır.



"Virk-Yerkir"in keçmiş rəhbəri Vahaqn Çaxalyan 2008-ci ildə silahlı qruplaşma quraraq, separatçılığa cəhd etmək və silah alveri ittihamı ilə həbs olundu. Ermənistanın regiondakı siyasətini həyata keçirmək üçün daim bölgədə və digər ölkələrdə yaşayan ermənilərdən aktiv istifadə edilir və bu konsepsiya əsrlərdir ki, dəyişməz olaraq qalır.

Bu baxımdan, Cavaxetiya problemi bu gün üçün aktual bir problemdir. Cavaxetiya problemi Sovetlər dağıldıqdan sonra, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı ilə eyni vaxtda başlayıb. Bölgədə idarəçilik bir müddət erməni dəstələrinin əlində olub. Lakin ermənilər Qarabağ münaqişəsi həll olunmadan Gürcüstanla sərhədlərin bağlanmaması üçün bəzi tələblərini səsləndirmədilər. Axalkalakidəki baza boşaldılan zaman bəzi kiçik çaplı silahların Cavaxetiya bölgəsindəki ASALA-nın modern qolu hesab edilən "Virk-Yerkir" erməni terror təşkilatına ötürülməsi barədə iddialar da var. Həmin silahların bu gün də həmin bölgədə olması ehtimalı çox böyükdür. Nəticədə həm Gürcüstanın ərazi bütövlüyü, həm də 600 mindən çox azərbaycanlı vətəndaşın həyatı təhlükə altındadır. Burada 1992-ci ildə Xankəndində yerləşən Rusiyanın 366-cı alayının zirehli texnikasının və şəxsi heyətinin dəstəyindən istifadə edən erməni qoşunlarının Xocalıda törətdiyi soyqırımı misal olaraq xatırlatmaq istəyirəm. Cavaxetiyada artıq Rusiya ordusuna ehtiyac qalmayıb. Ermənilər bu sahədə kifayət qədər "təcrübəyə" malikdir. Bunu həm Gürcüstan, həm Azərbaycan, həm də Türkiyə nəzərə almalıdır.



Ermənilər tərəfindən Gürcüstan torpaqlarının zəbt edilməsi faktları bu günə qədər də davam edir. 2015-ci ildə Gürcüstan parlamentinin "Gürcü arzusu" Partiyasından olan azərbaycanlı deputatı, parlamentin Regional inkişaf və yerli idarəetmə komitəsinin sədr müavini Əli Məmmədov ermənilərin Gürcüstanda yeləşən və azərbaycanlıların sıx yaşadığı Sazakənd kəndinin 10 hektar ərazisini zəbt etməsi barədə ictimaiyyəti xəbərdar etmişdi. Deputatın sözlərinə görə, erməniləribənzər hərəkətləri 10 ildən çoxdur davam etdirir və Gürcüstana aid olan sərhədyanı əraziləri zəbt edirlər. Ermənilər hər il sərhədi 5 metr irəli çəkməklə, əsasən azərbaycanlıların sıx yaşadığı ərazilərdə gərginlik törədirlər. Bu strategiya Ermənistan tərəfindən müxtəlif bəhanələrlə, lakin hədəf dəyişdirmədən illərdir ki, davam etdirilir. Məqsəd isə hər gün, hər saat bir qarış da olsa qonşu torpağını zəbt etməkdən ibarətdir.

Artıq bir neçə ildir ki, Ermənistan KİV-ləri və Samtsxe-Cavaxetiyada yerləşən erməniyönümlü ictimai təşkilatlar Gürcüstanda federal dövlət formalaşdırılmasının ölkənin mümkün inkişafı üçün yeganə çıxış yolu olduğu barədə aşkar olaraq fikirlər səsləndirirlər.

Belə bir bəyanat Gürcüstanın Samtsxe-Cavaxetiya və Kvemo Kartlinin erməni ictimai təşkilatlarının Şurası tərəfindən qəbul edilib. Bəyanatda deyilir: "Samtse-Cavaxka və ermənilərin məskunlaşdığı ərazilərə ictimai asayişin qorunması, mədəniyyət, sosial-siyasi iqtisadiyyat, ətraf mühitin mühafizəsi də daxil olmaqla geniş yerli özünüidarəetmə səlahiyyətlərinə malik Federativ Gürcüstanın suveren subyekti statusu verilməlidir. Samtsxe-Cavaxk ərazisində erməni dilinə dövlət dilinin statusu veriləcəyi Konsitutsiya ilə zəmanət altına alınmalı, həmçinin Samtsxe-Cavaxkın nümayəndələrinin qanunverici, icraedici və məhkəmə hakimiyyətində iştirak etməsi məcburi xarakter daşımalıdır".

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az
Diaspora