İki qardaş ölkə arasında münasibətlər daha mükəmməl birlik formulunu zəruri edir; politoloq: “Rusiya və İranla sərhədlərimizi Türkiyə ilə birgə qorusaq...”
Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi torpaqlarımızın Ermənistan tərəfindən işğalının rəsmiləşməsini və Bakıya ədalətsiz sülh sazişinin sırınmasını əngəlləyən ən mühüm faktor olaraq qalır. Nə xoş ki, “bir millətin iki dövləti” arasında iqtisadi-siyasi, hərbi əlaqələr ildən-ilə daha da dərinləşir, daha dinamik xarakter alır. O sırada qardaş məmləkətin hərbi potensialımızda payı hərbi-texniki baxımdan ilbəil böyüyür, Azərbaycanda və Türkiyədə keçirilən birgə təlimlərin sayı artır.Hazırda İki dövlət faktiki surətdə “ət-dırnaq” kimi bir-birinə yaxın, doğmadır yazsaq, əlbəttə ki, yanlış olmaz. Çətin ki, dünyada belə yaxın, qardaş münasibətlərdə olan başqa iki belə dövlət tapmaq mümkün olsun. Sentyabrın 15-də Bakıda keçirilən birgə hərbi parad dostluq və müttəfiqliyimizin əbədi olduğunun əyani təsdiqi idi. Bu qardaşlığın və müttəfiqliyin növbəti təzahürü ötən həftəsonu Türkiyənin İzmir şəhərində Azərbaycanın bilavasitə dəstəyi ilə inşa edilmiş çoxmilyardlıq “Star” iri neft emalı zavodunun açılışı ilə özünü göstərdi.
Şübhəsiz ki, Azərbaycan qardaş ölkənin iqtisadiyyatını, qardaş ölkəni gücləndirməklə özü də güclənir. Prezident İlham Əliyevin də qatıldığı təntənəli törəndə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ mövzusunda söylədiyi fikirlər isə ilk növbədə Ermənistana və onun təzə rəhbərliyinə aydın mesaj sayılmalıdır. O anlamda ki, Ankara Dağlıq Qarabağ məsələsində daim və hər mənada Azərbaycanın yanındadır və Bakının razı olmadığı sülhə heç vaxt razı olmayacaq.
*****
“Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas faktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. Bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddə biri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz”, - deyə açılış törənində Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir: “Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara ”Dur!" deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız olaraq bütün dövlətlər üçün tətbiq edilməsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq".
Şübhə yox ki, bu sözlər həm də 24 ildir Dağlıq Qarabağ konfliktinin dinc həlli üçün heç bir iş görməyən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanlanıb. Faktiki, ermənipərəstlərdən ibarət olan “Minsk Qrupu üçlüyü” çətin ki, bundan sonra nizamlamada hansısa nəticəyə nail ola bilsin. Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Qaradan artıq boyaq olmaz”. Demək, danışıqların formatını dəyişməyin, ora qardaş Türkiyənin daxil edilməsinin vaxtı çatıb.
*****
“Ərdoğanın Qarabağ mesajları Türkiyənin həmişəki kimi istənilən halda Azərbaycanın yanında olduğunun göstəricisidir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a “Star” neft emalı zavodunun açılışı zamanı Ərdoğanın çıxışına münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bu məqamdan Qarabağın azad edilməsi yolunda Azərbaycan daha səmərəli istifadə etməyə çalışacaq.
“Bunun yolu isə Azərbaycana Türkiyə ordusunun dəvət edilməsidir. Rusiya-Ermənistan müttəfiqliyinə qarşı qoya biləcəyimiz yeganə çıxış yolu Türkiyə-Azərbaycan ittifaqıdır. Düşünürəm ki, Abşeron yarımadasında türk hərbi bazası qurula bilər. Nəzərə alsaq ki, Türkiyə NATO-nun üzvüdür, bu, Azərbaycanın təhlükəsizliyi üçün yeni üstünlüklər deməkdir”, - deyə politoloq qeyd edib.
O, maraqlı bir təkliflə də çıxış edib - Azərbaycanın təhlükəsizliyi naminə Rusiya və İranla sərhədlərimizin Türkiyə əsgərləri ilə bir yerdə müdafiə edilməsi: “Çünki Ermənistanla müharibə olduğu təqdirdə şimal və cənub sərhədlərinin təhlükəsizliyində Azərbaycan özünü daha rahat hiss etməlidir. Prezident İlham Əliyevin də Türkiyə və Azərbaycan kimi yaxın ikinci belə ölkələrin olmadığını deməsi çox önəmlidir. Bu sözlər Türkiyə və Azərbaycanın daha yaxın olmasına şərait yaradır. İki qardaş ölkənin daha yaxın olması isə yuxarıda qeyd etdiyim məsələlərin həyata keçməsindən asılı olacaq. Bu məsələlərin həyata keçməsi artıq bir zərurətdir”.
*****
Doğrudan da Türkiyə-Azərbaycan münasibətlərini Rusiya-Ermənistan hərbi müttəfiqliyi kimi, böyük hərbi müqavilə ilə rəsmiləşdirməyin vaxtı çatıb. Belə bir sıənəd Ermənistanla yanaşı, onun gizli-açıq havadarlarının hamısına Azərbaycanın bu münaqişədə tək olmadığı haqda çox ciddi ismarış olardı. Eyni zamanda danışıqlar prosesində Bakının masa arxasında mövqeyini gücləndirəcək əlavə və mühüm bir faktor olardı.
Bundan başqa, xeyli vaxtdır belə fikirlər də səslənir ki, Azərbaycan və Türkiyə, ümumiyyətlə, ittifaq dövləti yarada bilərlər. Məsələn, Rusiya ilə Belarus kimi. Artıq buna qarşı heç bir siyasi, psixoloji əngəl qalmayıb. Ən əsası, belə bir müttəfiqlik formulu Dağlıq Qarabağ konfliktinin həllini Azərbaycanın xeyrinə keyfiyyətcə tam yeni bir müstəviyə daşıya bilər. Söhbət həm də ixtilafın hərbi yolla, yaxud hərbi güclə təhdid yolu ilə həllindın gedir...