Üçüncü onillikdir davam edən müzakirələrlə bağlı fərqli yanaşmalar; ekspert: “Azərbaycan Xəzərdəki qonşuları ilə bir hüquqi davranış kitabçası əldə etdi”
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin-Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iştirakı ilə Xəzər dənizinin statusu haqqında konvensiya imzalandı. 1996-cı ildən bəri davam edən müzakirələrdə, nəhayət, nəticə əldə olunması irəliyə doğru mühüm addım olaraq dəyərləndirilir.Konvensiyaya görə, Xəzər artıq nə göl, nə də dəniz sayılır. Bu isə dünyanın ən böyük qapalı su hövzəsinə xüsusi status verir. Xəzərin milli sektorlara bölgüsü yalnız onun dibində baş verəcək, su hövzəsi isə başqa prinsiplərə əsasən müəyyən olunacaq.
Xəzər akvatoriyası daxili sular, ərazi suları, balıqçılıq zonaları və ümumi məkandan ibarət olacaq. Ərazi sularında 15 dəniz milindən çox olmamaq şərtilə, sahil dövlətləri milli suverenliyə malik olacaq. Bundan başqa 10 mil hüdudunda balıqçılıq zonalarında sahilyanı dövlətlər öz hüdudları daxilində müstəsna hüquqlar əldə edirlər. Dəniz məkanının qalan hissəsi ümumi şəkildə istifadəyə verilir.
Dənizin dibi isə milli sektorlara bölünəcək. Bununla bağlı mübahisələr SSRİ dağılandan bəri mövcuddur. Əslində Xəzərin dibinin dəyişkən orta xətlə bölgüsü barədə Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan razılığa gəlmişdilər. Lakin o zaman İran buna ciddi etiraz etmişdi. Çünki belə olan halda İrana dəniz şelfinin, sadəcə, 13-14%-i düşürdü. Ona görə Tehran, ümumiyyətlə, dənizin 5 bərabər hissəyə bölünməsini (hərəyə 20%) tələb edirdi. İran bu səbəbdən heç bir əsas olmadan “Sərdar Canqal” adlandırdığı yataqda qazıntı işlərinə başlamışdı. Elə Türkmənistanın özü də Azərbaycanla “Azəri”, “Çıraq”, “Kəpəz” yataqları ilə bağlı mübahisə aparır.
Konvensiya dənizin təkinin və dibin bölünməsi ilə bağlı suallara aydınlıq gətirməyib. Burada, sadəcə, “Xəzərin dibinin və təkinin bölünməsi beynəlxalq hüququn ümumqəbul olunmuş prinsip və normaları əsasında həmhüdud və sahilyanı dövlətlərin razılaşması ilə həyata keçirilir” deyə, cümlə var.
Konvensiya dənizin dibindən boru kəmərlərinin keçməsinin də qarşısını almır. Azərbaycan və Türkmənistan üçün bu məsələ həm də “Transxəzər” qaz kəmərinin çəkilməsi baxımından maraqlı olub. Sənəddə aydın şəkildə yazılıb ki, hər bir ölkə kəmərin keçdiyi dövlətin razılığını almaqla istənilən boru xəttini çəkə bilər. Lakin Xəzərdəki layihələrin ətraf mühitə təsiri ilə bağlı imzalanacaq protokol Rusiya və İrana gələcəkdə bu tip layihələri bloklamağa əlavə vasitə verə bilər.
Konvensiyanın önəmli bəndlərindən biri də burada bölgəxarici dövlətlərin Xəzərə çıxışının əldə etməsinin qarşısının alınmasından ibarədir. Konvensiyada Xəzər dənizində 3-cü ölkələrin (yəni qeyri-Xəzəryanı dövlətlərin) silahlı qüvvələrinin iştirak etməsinin yolverilməzliyi barədə müddəa var. Buna görə “Xəzəryanı dövlətlər öz ərazilərini razılığa gələn dövlətlərin (yəni bu konvensiyanı imzalayan-red.) əleyhinə hərəkət edən və digər hərbi fəaliyyət üçün heç bir başqa dövlətin ixtiyarına verməyəcəklər”.
Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı son sammit Britaniya KİV-də müzakirələrə səbəb olub. Modern.az xəbər verir ki, Britaniya nəşrləri dünyanın ən böyük gölü ətrafında mübahisənin tamamlanmasının əsasən Rusiya və İran üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bəzi nəşrlər hətta bunu Rusiyanın bölgə üzərində nəzarətinin artması kimi qiymətləndirib. “Rusiya, Xəzər dənizinin bölünməsi ilə bağlı əhəmiyyətli bir saziş vasitəsilə İran və Orta Asiya qonşuları ilə əməkdaşlığı dərinləşdirməyə dəvət edib. O, bununla uzun müddət gözlənilən enerji layihələri üçün yol açmağa və dünyanın ən böyük gölü üzərində hərbi üstünlüyünü təsdiqləyib” - nüfuzlu “Finanical Times” nəşri yazır.
“İran və Rusiyanı daha çox maraqlandıran məsələ təhlükəsizlik və silahlanma prosesinin qarşısını almaqdır. Eyni zamanda Rusiya və İran təkidlə qeyri-Xəzər ölkələrinin bu və ya digər şəkildə Xəzər hövzəsinə daxil olmasını istəmirlər. Söhbət təkcə hərbi cəhətdən getmir, həmçinin biznes baxımından da Xəzər hövzəsini 5 ölkə üçün saxlamaq niyyətindədirlər”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Xəzərin nə göl, nə dəniz olmadığı barədə yanaşmanı da dəyərləndirdi: “Bu yanaşma bir növ kompromisdir. Bəziləri Xəzəri dəniz, bəziləri göl saymaq istəyirdi. Amma bunun əsasında o mövqe dayanır ki, hansı əsaslarda bölgü aparılacaq. Yəni bunun işarəsi mövcuddur. Mən hesab edirəm ki, məsələləri mərhələli qaydada həll etmək düzgün taktikadır. İndiki konvensiya bu məsələlərin bir hissəsinin həll olunduğunu göstərir”. Yekun razılaşma Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur? T.Zülfüqarov: “Bu konvensiya bir mərhələ kimi qəbul oluna bilər. “Transxəzər” layihələrin bu və ya digər şəkildə həyata keçirilməsi proseduru daha da asanlaşır, bu da təbii ki, Azərbaycanın xeyrinədir”. Bu konvensiyanın “Rusiyanın diplomatik” qələbəsi kimi yozulmasına gəldikdə, eks-nazir bunları bildirdi: “Ümumiyyətlə, statusun qəbul olunması hər bir ölkənin xeyrinədir. Yəni hansısa normaların hamı tərəfindən qəbul olunması qeyri-aydınlıq vəziyyətinə daha da xeyir gətirir. Bu baxımdan mən, doğrusu, inanmıram ki, Xəzər hövzəsində beynəlxalq oyunçuların hərbi, yaxud digər cəhətlərdən nüfuzu mövcud ola bilər. Bu, daxili hövzə, beynəlxalq çıxışı olmayan məkandır. Bu baxımdan statusun elementlərinin mərhələ-mərhələ qəbul olunması Azərbaycanın bir proses olaraq xeyrinədir. İndiki mərhələdə Rusiya bu və ya digər təzyiqlərə məruz qalır. O mənada təbliğat üçün müəyyən fikirlər işlədilə bilər. Mən heç də istisna etmirəm ki, Rusiyanın diplomatik qələbəsi olsa belə, bu, Azərbaycanın maraqlarına zidd deyil. Çünki biz real vəziyyəti analiz edərkən başa düşürük ki, mən dediyim kimi, “Transxəzər” layihələrin icrası, mineral resursların istifadəsi baxımından bu nəticə Azərbaycanın faydasındadır”. Ancaq ekspert hələ bəzi məsələlərin həll edilmədiyi üçün mübahisələrə birdəfəlik son qoyulmadığı qənaətindədir: “Amma ümumiyyətlə, tendensiya mövcuddur ki, şimalda yerləşən və keçmiş Sovet İttifaqını təşkil edən müstəqil ölkələrin mövqeyinin yaxınlaşması göz qabağındadır. İranla olan problemlər gözləniləndir. Amma fikrimcə, bu da həllini tapacaq. Çünki indi İranın, ya da Türkmənistanın fərqli yanaşması artıq aktual deyil”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, Xəzərin o tayında heç bir sensasiya olmadı: “5 Xəzəryanı dövlət başçısı 22 il üzərində iş gedən sənədi - konvensiyanı imzaladılar və hamısı da xoş ifadələr, gələcəyə verilən töhfələr və sair protokol qaydasında cümlələr işlədib ayrıldılar. Əslində isə... Xəzər adlı qapalı hövzə 22 il əvvəl olduğu kimi, nə dəniz, nə də göl olması bu sənədin imzalanması ilə bilinmədi. Çünki ona nə BMT-nin 1982-ci il Dəniz Konvensiyası tam şamil edilmədi, nə də göllərin bölünmə mexanizmi burada özünü göstərmədi. Bir növ hər ikisindən götürülmüş hibrid bir mexanizmə rast gəlirik. Suyun üstünün bölünməsində dəniz prinsipləri Xəzərə uyğunlaşdırılıb. Dibin bölünməsində sektoral məsələ - orta xətt tövsiyə edilir. İran buna qarşıdır, imzalanan konvensiya isə nəzərdə tutur ki, dənizin dibi tərəflərin qarşılıqlı razılığı əsasında bölünür, razı deyilsinizsə və ya razılığa gələ bilmirsinizsə, öz işinizdir - 100 illərlə dinc mübahisə etmək hüququnuz var. SSRİ dağılandan sonra Qazaxıstan, Azərbaycan və Türkmənistan sektoral bölgünün tərəfdarı kimi çıxış edib, hətta Azərbaycan 1995-ci il Konstitusiyasına edilən dəyişikliyə görə Xəzərin Azərbaycan hissəsini özünün ayrılmaz hissəsi, onun sərhədlərini isə dövlət sərhədi kimi tanıyırdı. Azərbaycanın bu addımı Qazaxıstan və Türkmənistanı da bu cür addımlar atmağa sövq edirdi və nəticədə Rusiya üçün özünün gəmilərinin - əsasən də hərbi donanması üçün - sərbəst hərəkəti üçün Xəzərdə limanlar kifayət qədər daralırdı.
Ona görə də bu Konvensiya Rusiyanın strateji maraqları üçün hüquqi əsaslar verdi: 5 sahilyanı dövlət 15 dəniz mili olmaqla, ərazi sularının koordinatlarını müəyyənləşdirir - bu ərazi həmin ölkələrin eyni zamanda dövlət sərhədi hesab edilir. Daha 10 millik zona balıq ovu zonası kimi qəbul edilir. Yerdə qalan sular neytral sulardır - gediş-gəliş üçün sərbəst zona. Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması ilə bağlı Rusiya və Qərbin ”N" sayda KİV-lərinin məlumatları vaxtilə Bakı-Ceyhan kəməri hələ layihə olan vaxtda yenə eyni qaydada Qazaxıstandan Bakıya sualtı neft kəməri tikintisi ilə bağlı ajiotajdan başqa bir şey deyil. Bir layihənin ki, kommersiya baxımından cəlbediciliyi olmadı, ha təriflə, ha gözəlləmə de, ha yaz ki, borunun elçiləri Ağ Evdən gəlir - mənasız şeylərdir". Azərbaycan nə uddu? İ.Şabanın fikrincə, Azərbaycan dörd bir tərəfindəki Xəzər qonşuları ilə bir hüquqi davranış kitabçası əldə etdi: “Bir baxın, neftin qiymətləri 2014-dən enəndən sonra SOCAR Xəzərdə neçə Qərb şirkəti ilə müqavilə imzalayıb və neçəsi ilə danışıqlar aparır ki, bunları reallaşdırsın. Bəs qonşuları nə edib? Heç bircə müqaviləyə imza atıblarmı? Bu müddətdə Xəzərin o tayından Bakı-Ceyhan kəməri vasitəsilə təqribən 3 mln. ton neft daşınırdısa, ötən il bu həcm 6.4 . tona qədər artırıldı. Bu il tranzit həcmləri 6 ayda 5 mln.-dan bir qədər artıq olub. Azərbaycan əvvəllər Ceyhana ancaq Türkmənistan nefti daşıyırdısa, indi Qazaxıstan və Rusiyadan gələn həcmlər də əlavə olunub. Xəzərdə əməkdaşlıq bizim fəallığımıza bağlanır”.
“Yeni Müsavat”