Antalyada, Kəpəz bələdiyyəsində millət vəkili Q.Paşayevanın təklifi əsasında Azərbaycan şəhidləri abidəsinin açılışı olub.
Kəpəz bələdiyyə başçısı Hakan Tütüncü millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysalın Kəpəzdə Antalyalı Azərbaycan şəhidlərinin adını daşıyan bir abidənin açılması ilə bağlı təklifini yerinə yetirdiklərini deyib və bu abidənin açılşmasının bugünki və gələcək nəsillər üçün önəmi barədə geniş çıxış edib. Millət vəkili Q.Paşayeva Kəpəz bələdiyyə başqanına bu duyarlılığına görə təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkili Q.Paşayevanın Kəpəzdə Azərbaycan küçəsinin və Qarabağ parkının açılması, orada Azərbaycanla bərabər Türkiyə və Türk dünyası üçün də böyük xidmətləri olmuş aydınların büstünün qoyulması, xatirə lövhələrinin olması və gənc nəsillərimizə onların daha geniş tanıdılması təkliflərinə gəlincə Kəpəz bələdiyyə başqanı onun qısa zamanda reallaşağını bildirib. Q.Paşayeva çıxışında Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Kəpəzi də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva çıxışında qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür açılışları, tədbirləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə millət vəkili bildirib. Millət vəkili Q.Paşayeva bu layhənin reallaşmasında əməyi olan Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysala da təşəkkür edib və ailələri, gəncləri bu abidəni ziyarət etməyə çağırıb. Yüzlərlə yerli sakinin iştirakı ilə keçirilən açılışdan sonra millət vəkili Q.Paşayeva bir sıra KİV-nə müsahibələr verib, QHT və təşkilat rəhbərləri ilə görüşüb və geniş müzakirələr olub.