Ərdoğan ilk dəfədir ki, Türkiyədə ümumxalq səsverməsi yolu ilə keçirilən seçkilərdə prezident vəzifəsinə seçilib.
Bu sözləri Axar.az-a Türkiyədə prezident və parlament seçkilərinin nəticəsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.“Türkiyədə keçirilən seçkilərin ilkin nəticələrinə görə, AKP və MHP-nin daxil olduğu Cümhur Birliyi parlamentdə səs çoxluğu əldə edib və blokun namizədi olan Ərdoğan ilk dəfədir ki, Türkiyədə ümumxalq səsverməsi yolu ilə keçirilən seçkilərdə prezident vəzifəsinə seçilib. Prezident üsul-idarəsinə keçən Türkiyədə AKP-MHP blokunun birlikdə 342 deputatla parlamentdə əksəriyyət yerləri qazanmasının prezident üçün prinsipial əhəmiyyəti var və gələcəkdə onun sərbəst surətdə işləməsinə kömək edəcək”, - politoloq bildirib.
Q.Hüseynli Rəcəb Tayyib Ərdoğanın qələbəsinin Azərbaycan üçün əhəmiyyətini xüsusilə qeyd edib:
“Azərbaycanla Türkiyə arasında, xüsusilə də Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında çox yaxın münasibətlər var. Gələcəkdə bu münasibətlərin daha da inkişaf etmə perspektivləri, hətta ittifaq dövləti yaratmaq ideyaları var. Bunların gerçəkləşməsi ciddi əhəmiyyətə malikdir. Türkiyə bu seçkilər nəticəsində yeni bir siyasi sistemə daxil oldu. Bu sistemin qardaş ölkə üçün uğurlu olacağına, eyni zamanda, Azərbaycanla Türkiyə arasında əlaqələrin daha yüksək mərhələyə qalxacağına inanırıq”.
Politoloq Ərdoğanın qələbəsinin nəinki Türkiyə-Azərbaycan münasibətlərinə, eləcə də Dağlıq Qarabağ məsələsinin həllinə də müsbət təsir göstərəcəyini bildirib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan torpaqlarının işğaldan azad edilməsini Seçki Bəyannaməsinə daxil etməsi əslində, çox önəmli bir faktor idi. İndi Ərdoğanın qələbəsi onu göstərir ki, Türkiyə qarşıdakı dönəmdə problemin həlli istiqamətində hərəkətə keçəcək. Çox güman ki, bu istiqamətdə Rusiya ilə əlavə danışıqlara da ehtiyac olacaq. İstənilən halda Ankara bu məsələdə Bakının yanında yer alacaq”.
Qeyd edək ki, 24 iyunda Türkiyədə prezident və parlament seçkiləri baş tutub. Prezident seçkisində Rəcəb Tayyib Ərdoğan 52,5% səslə qalib gəlib. Parlament seçkisində isə 600 yerlik parlamentdə AKP (293) və MHP (49) koalisiyası üstünlük qazanıb.