“Avropa Oyunları Azərbaycanı beynəlxalq aləmə daha geniş formada təqdim etmək imkanları yaradacaq”.
Qaziler.az bildirir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib.Onun sözlərinə görə, informasiya məkanında bu qədər müddət ərzində olmaq Azərbaycanın bütün parametrləri üzrə maraqlarına və xeyrinə işləyir.
Z.Oruc deyib ki, doğrudan da bu gün dünyada informasiya bahalı resursdur: “Hər bir ölkə bu resursda olmağı çox istəyir. Çünki bu, ölkənin turizm həyatına, iqtisadi maraqlarına, investisiya mühitinə, kənardan həmin dövlətin daha aydın görünməsinə və siyasi mövqelərinə müsbət təsir edir. Digər tərəfdən isə Azərbaycan insanın təfəkküründə bütün mübarizələrdə və addımlarda Qarabağı axtarmaq meylləri var. Bu da çox doğrudur. Əslində, savaş təkcə səngərdə getmir, həm də tatami üzərində, rinqdə, siyasi və diplomatik məkanlarda gedir. Dediyim kimi, “Bakı 2015” ilk Avropa Oyunları Azərbaycanın siyasi mövqeyinə də fayda verdiyi üçün mövqelərimizi Qarabağ cəbhəsində də gücləndirəcək. Hər birimiz görəcəyik ki, 20 gün ərzində keçiriləcək müxtəlif tədbirlərdə və təqdimatlarda Qarabağ məsələsi necə geniş formada beynəlxalq aləmə çıxarılır. Bunun üçün Azərbaycanın siyasi hakimiyyəti, dövlət strukturları və parlament üzvləri ölkəmizə gələn hər bir jurnalistə dövlətimizin mövqeyini bir daha çatdırmağa tam hazırdır. Digər tərəfdən isə hər bir idmançının Azərbaycanı yaxından görməsi fonunda lehimizə söyləyəcəyi fikirlər gələcək dövr üçün dövlət maraqlarımıza xidmət edir. Çünki bu gün idmanın siyasi qüvvələr qədər gücü və əhəmiyyəti var. Həqiqətən də idmançılar dünyada böyük qüvvə mərkəzlərindən biridir. Ona görə də Azərbaycan bu yarışlarda bütün mənalarda dvidentlər qazanacaq”.
Z.Oruc qeyd edib ki, Azərbaycanda idmana yönəldilmiş vəsaitlərin 80 faizi infrastruktura xərclənib: “Ona görə də bu infrastrukturlar sadəcə bir yarış üçün deyil, gələcəkdə də Azərbaycana böyük faydalar verəcək. Fikir verin, bir Marakana stadionu yüz illərdir ki, Braziliyanın maraqlarına işləyir. Azərbaycanda da bu cür miqyasda idman arenaları gələcək dövr üçün müxtəlif statuslu və formatlı yarışlara meydan olacaq. Bir sözlə desək, bütün bunlar həm də Azərbaycanın iddiasını göstərir. Yəni, kiçik və zəif ölkə bunu edə bilməzdi. Digər tərəfdən isə “Azərbaycanda müharibə gedir və Bakıya getmək təhlükəlidir” düşüncəsində olanlar və burada hicablı insanlardan hər hansı təhlükə gözləyən şəxslər bu cür mövqelərində tamamilə yanlış olduğunu görəcəklər”.