Suriyada İran və İsrail arasında əməlli-başlı müharibə gedir.
Qaziler.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran-İsrail qarşıdurmasını şərh edən politoloq Şahin Cəfərli deyib. O qeyd edib ki, Tramp nüvə sazişindən çıxmaq qərarını açıqladıqdan dərhal sonra İsrail aviasiyası Şam ətrafındakı Kisvada İran qüvvələrini bombaladı:“Bu hücuma cavab olaraq bu gecə İran qüvvələri İsrail ordusunun Qolan təpələrindəki mövqelərinə 20 raket atıb. İtkilər barədə məlumat yoxdur, İsrail iddia edir ki, Dəmir Günbəz sistemi bu raketlərin əksəriyyətini tuta bilib. İranın hücumuna cavab olaraq əvvəlcə İsrail tankları Suriyadakı yaxın hədəflərə cavab atəşi açıb. Sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin Suriyanın cənub-qərbindəki Kuneytra bölgəsində və Şamın şimalındakı çoxlu sayda hərbi obyektinə raket zərbələri endirib. Əməliyyat zamanı Qüds briqadasının mənzil-qərargahı, kəşfiyyat bölmələri, hərbi-logistika kompleksləri, düşərgəsi, silah anbarları, postları, müşahidə məntəqələri vurulub. İtkilər barədə hələlik məlumat yoxdur. Suriya tərəfi raketlərin bir qismini vurduğunu bildirsə də, bəzi raketlərin Suriya hava hücumundan müdafiə sisteminə aid RLS-i sıradan çıxardığını etiraf edib. Bu zərbələrin intensivliyi yəqin ki, artacaq. Çünki İsrail İranın onun sərhədlərində güclənməsinə, hərbi bazalar qurmasına, Livana qurudan və Aralıq dənizinə birbaşa çıxış əldə etməsinə yol verə bilməz. Bu, İsrail üçün var olmaq məsələsidir”.
Politoloq bildirib ki, Səudiyyə Ərəbistanı ilə İsrailin bu məsələdə maraqları tam üst-üstə düşür:
“Çünki İran yuxarıdan İraq-Suriya-Livan, aşağıdan Yəmən-Qırmızı dəniz xətti ilə uzanan iki “şiə ayparası” yaradıb ki, bu da Səudiyyə üçün ekzistensial təhlükədir. Suriyadakı İran qüvvələrini qoruya biləcək yeganə güc Rusiyadır. Lakin Moskva İran-İsrail münaqişəsinə qarışmır. Dünən Moskvadakı Qələbə Günü tədbirlərinə Netanyahunun da dəvət olunması Putinin İsrail dövləti ilə münasibətlərə verdiyi önəmin daha bir göstəricisidir. Ölçüsü kiçik, çəkisi isə böyük olan İsrail Rusiyaya qarşı ciddi təzyiq vasitələrinə malikdir. ABŞ və Qərbdəki İsrail lobbisinin Rusiyaya qarşı sanksiyaları daha da ağırlaşdırmaq gücünə malik olması, İsrail dövlətinin və lobbilərinin Ukrayna ilə Gürcüstana siyasi, maddi, hərbi dəstəyi artırmaq imkanları, Rusiyada kapital sahibi olan oliqarxların arasında yəhudi mənşəlilərin xüsusi yer tutması, ümumən, dünya maliyyə sistemində yəhudilərin oynadığı rol Rusiyanı çəkindirən amillərdir”.
Qeyd edək ki, İranın Qüds briqadası bu gecə Suriya ərazisindən İsrailin Qolan təpələrindəki mövqelərinə raket zərbələri endirib. Hücuma məşhur İran generalı Qasım Süleymani rəhbərlik edib.
İsrail isə Suriyada İranın 35 hərbi obyektinə cavab zərbəsi endirib.