“Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər”
“Son dövrlər ABŞ-ın və Avropanın müxtəlif dairələri, xüsusilə də onların təsiri altında olan beynəlxalq təşkilatlar və şəxslər ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycandakı sabitliyi pozmaq niyyətindədirlər. Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər”.APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bu gün keçirilən IV konfransında deyib.
Əli Həsənov bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş və yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan dövlətçiliyi 24 illik müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçib. Bu illər ərzində azadlıq ideyalarına sadiq olan Azərbaycan xalqı və dövləti ölkədə mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlarını atmışdır. Bu müsbət dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də öz bəhrəsini verib:
“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi.
Xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda yaranan ictimai-siyasi sabitlik və əmin-amanlıq, demokratik mühit, siyasi və iqtisadi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmasına, bu sahədə ciddi işlərin görülməsinə səbəb oldu. Gənclər və İdman Nazirliyi yaradıldı, Gənclər Forumlarının keçirilməsinə başlanıldı, Gənclər Günü təsis olundu və s. əhəmiyyətli hadisələr baş verdi.
Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir.
Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini ulu öndər Heydər Əliyevin tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq.
Son illərdə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, İnkişaf Strategiyasının təsdiq olunması, Gənclər Fondunun yaradılması və digər tədbirlər onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaratmışdır. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər.
1998-ci il fevralın 18-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi nümayəndələrinin Ümumrespublika Toplantısında çıxış edən ulu öndər Heydər Əliyev xüsusi olaraq qeyd edib ki, gənclərin qarşısında duran əsas vəzifə - öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaqdır.
Ulu öndər hər zaman gənclərin hərtərəfli hazırlıqlı olmalarını tövsiyə edərək, XXI əsrdə Azərbaycanın inkişafını təmin edən qüvvənin məhz gənclər olduğunu vurğulayırdı. Qeyd edirdi ki, bunun üçün gənclər biliklənməli, təhsil almalı, sağlam həyat tərzi keçirməli, mənəvi, milli dəyərlərimizə daim söykənməli və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etməlidir. Heydər Əliyev əminliklə vurğulayırdı ki, gənclərimiz Azərbaycanın gələcəyini bizdən də yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı və istedadlı gənclərimiz var.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin də gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdir. Onun fikrincə, vətənpərvər insan sadəcə olaraq sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün özünün potensialını qoymağı bacaran insan olmalıdır. Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər. Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir.
Cənab Prezident hələ Azərbaycan Gənclərinin IV Forumunun yekun toplantısındakı çıxışında ölkə gənclərinin ictimai-siyasi həyatımızda fəal iştirakını qeyd edərək, bugünkü gəncin sabah ölkəmizi idarə edəcək qüvvəyə çevrildiyini vurğulamışdır. Buna görə də gənclərə böyük inam göstərilməsinin, onların müxtəlif vəzifələrdə irəli çəkilməsinin, gözəl təcrübə əldə etməsinin və gələcəyə hazırlıqlı olmasının vacibliyini bildirib.
Bu gün tam əminliklə demək mümkündür ki, ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin görmək istədiyi gənclik formalaşıb. Hansı ki, onlar Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan sağlam gənclərdir. Bu gənclərin əhəmiyyətli hissəsi Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyində təmsil olunurlar. Gənclər Birliyində təkcə say etibarilə çoxlu gənc birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellektli, vətənpərvərliyi ilə seçilən, bacarıqlı gənclər cəmləşib ki, bugünkü və daha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına imkan verir.
Həqiqətən YAP-da təmsil olunan gənclər Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Onları YAP-da ulu öndər Heydər Əliyev ideyaları, cənab Prezident İlham Əliyevə inam və etibar, dövlətçilik maraqları və Azərbaycanın inkişafı naminə birgə səy göstərmək həvəsi birləşdirir. YAP Gənclər Birliyi sözün həqiqi mənasında özündə böyük siyasi gücü, mənəvi gücü, gənclik enerjisini birləşdirir. Bunlar bizə əsas verir ki, Azərbaycanın gələcəyi çox etibarlı əllərdədir.
Ölkəmizin inkişafında Azərbaycan gəncliyi yaxından iştirak etməli, onların qarşısında duran ən müqəddəs vəzifə dövlətimizin qorunması olmalıdır. Gənclər Azərbaycanın qüdrətinin artmasına öz töhfələrini verməlidirlər. Bu gün YAP-da təmsil olunan gənclərlə yanaşı, digər gənclərimiz də dövlətçiliyimizin qorunmasında səylərini əsirgəməməlidirlər”.
PA rəsmisi YAP Gənclər Birliyinin sıraları durmadan genişləndiyini, xeyli sayda gəncin öz gələcək talelərini partiya fəaliyyətinə bağladıqlarını açıqlayıb: “Təbii ki, bunun əsas səbəbi Partiyanın qurucusunun ulu öndər Heydər Əliyev olması, onun ideyalarına söykənməsi və Partiyanın sədri cənab İlham Əliyevin hazırda apardığı məqsədyönlü siyasətdir. Buna görə gənclər YAP-a arxalanır və ona böyük ümidlər bəsləyirlər”.