Millət vəkili Qənirə Paşayeva Kahramanmaraşda Qarabağ münaqişəsi ilə bağlı konfrans verib. Lent.az-ın məlumatına görə, Kahramanmaraşda , Afşin bələdiyyə başqanının dəvəti ilə tədbirə qatılan Q.Paşayeva Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı danışıb.
Yüzlərlə ziyalının, yerli sakinlərin, KİV təmsilçilərinin iştirak etdiyi konfransda millət vəkili geniş məruzə ilə çıxış edib: “Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün tezliklə gələcək və biz oranı ziyarət edəcəyik. “Hər bir Türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki, o işğal altındadır.Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədtdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.
Xatırladaq ki, tədbirdə Azərbaycan Yazarlar Birliyinin üzvü Sərvaz Hüseynoğlu, Sahibkar Qadınlar Dərnəyinin rəhbəri Sürəyya ismayılova, bu bölgədə təhsil alan tələbələrdə iştirak edib və böyük maraq göstəriblər. Sonda millət vəkili gəncləri və KİV təmsilçilərini maraqlandıram sualları geniş cavablandıraraq, fikir mübadiləsi aparıb. Afşin bələdiyyə başqanı bu kimi konfransların keçirilməsinin vacibliyini vurğulayaraq millət vəkili Qənirə Paşayevanı təkrar Kahramanmaraşa dəvət edib.