Rusiyadan sonra İran: Qərbin hədəfində

Rusiyadan sonra İran: Qərbin hədəfində backend

Qərb və ABŞ Rusiyadan sonra İranı təkləməyə başlayıb. Belə ki, Böyük Britaniya, Almaniya və Fransadan İranla bağlı birgə bəyanat gəlib.

Hər üç ölkə İranın nüvə proqramı ilə bağlı yeni razılaşmanın imzalanmasını, bu sənəddə Hərtərəfli Birgə Fəaliyyət Planında əksini tapmayan bir sıra yeni elementlərin daxil edilməsini önəmli sayıb.

Bəyanatda qeyd edilib ki, tərəflər Hərtərəfli Birgə Fəaliyyət Planının qorunub saxlanılmasını, eyni zamanda İranın yaratdığı bir sıra problemlərin həlli üçün ABŞ-la birgə çalışmağı, yeni məsələlərin də daxil ediləcəyi yeni razılaşmanın imzalanmasını dəstəkləyirlər. Bu məsələlər sırasında İranın raket proqramı və Tehranın regionda qeyri-stabilliyə yol açan fəaliyyəti qeyd olunub.

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, İranla nüvə müqaviləsi 5 Avropa ölkəsi zəmanəti ilə baş vermişdi: “Yəni ABŞ-ın da imzaladığı bu nüvə anlaşmasında bilavasitə Avropa Birliyinin ən böyük ölkələrinin imzası da bu sənədin altında durur. Bu günə qədər ABŞ-nın yeni prezidenti Donald Tramp müqaviləni pozacağını, yaxud yeniləyəcəyi ilə bağlı açıqlamalar versə də, Avropa Birliyi ölkələrindən heç bir dövlət buna dəstək vermir. Əksinə, bu nüvə anlaşmasının qüvvədə qalmasının tərəfdarı kimi çıxış edirdilər. Ancaq son zamanlar İranla bağlı siyasəti aktivləşdirən ABŞ artıq Avropa Birliyi ölkələrinin ən böyük dövlətlərini bir-bir fikrindən yayındırmaq siyasətinə başlayıb. İlk olaraq Fransa prezidenti Makronla bir neçə dəfə bu yöndə görüşlər keçirilir.

Əslində ABŞ-ın Avropa Birliyi üzrə müttəfiqi olan İngiltərə və Fransa ilə birgə Suriyaya həyata keçirdiyi raket hücumunun əsas səbəblərindən biri də məhz İranı Suriya cəbhəsində tamamilə küncə sıxışdırmaq xarakteri daşıyırdı. Yəni bu gün ortalığa çıxan siyasət onu göstərir ki, Suriyanın bu müttəfiqlər tərəfindən bombardman olunmasının əsas hədəfi heç də Əsəd rejiminin kimyəvi silah istifadə etməsi ilə bağlı deyil. Əksinə, bu bilavasitə İrana yönəlik bir əməliyyat idi. Hesab edirəm ki, bununla da İrana ciddi bir mesaj verilmiş oldu. Bunun ardınca dərhal ABŞ və Avropa Birliyi ölkələri arasında bir diplomatik intensivlik müşahidə olundu. Dərhal Fransa prezidenti Makron yenə də ABŞ -a səfər etdi. Ardınca bu məsələyə o qədər də isti baxmayan Almaniyanın kansleri Merker ABŞ-a səfər etdi. Bütün bu səfərlərin əsas müzakirə obyekti məhz İran və İranla bağlanan nüvə anlaşmasının dəyişdirilməsi idi”.

Politoloqun sözlərinə görə, bu səfərlərdən sonra Avropa Birliyinin anlaşma sənədinin altında imzası olan ölkələr artıq Donald Trampın izi ilə danışmağa başladılar: “Faktın özü də göstərir ki, təkcə İran əleyhinə cəbhə ABŞ səviyyəsində deyil, eyni zamanda ənənəvi müttəfiqi olan Avropa Birliyi ölkələri səviyyəsində də bu cəbhə genişlənməkdədir. Bu faktların özü bir daha göstərir ki, sənədin dəyişdirilməsi və yeni müddəaların bu sənədə əlavə olunması ehtimalı böyükdür. Bunun əsas mahiyyəti də ondan ibarətdir ki, bu sənəd yenilənməsi dolayısı ilə İrana olunan təzyiqlə bağlıdır. Təzyiqin də əsas kökündə duran məsələ İranın Suriyada, bütövlükdə Yaxın Şərqdə aktivləşməsi və güclənməsi ilə əlaqədardır. Ona görə də ABŞ məhz həm körfəz ölkələrinin, həm də Avropa Birliyindəki müttəfiq ölkələri yanına alaraq İranı tamamilə Yaxın Şərq bölgəsindən sıxışdırıb çıxarmaq istəyir. Olunan hadisələrin hamısı da məhz buna yönəlik bir siyasətin təzahürləridir”.

Cebhe.info
Diaspora