Azərbaycan Ermənistandakı etirazlardan istifadə edə bilər, ancaq... - iki rəy

Azərbaycan Ermənistandakı etirazlardan istifadə edə bilər, ancaq... - iki rəy backend

Ekspertlər məsələyə əngəl olan bir amili xüsusi qeyd edirlər

Ermənistanı bürüyən etiraz aksiyaları artan xətlə gedir. Keçmiş prezident Serj Sərkisyanın baş nazir seçilməsini qəbul etməyən minlərlə etirazçı paytaxt İrəvanda hökumət binaları qarşısında mövcud rejimi istefaya çağırır. Artıq asayiş keşikçiləri aksiya iştirakçılarına zor tətbiq etməyə başlayıblar, onlarla etirazçı həbs edilib.

Mitinqlərin təşkilatçısı olan parlamentdəki “Yelk” (“Çıxış”) müxalifət fraksiyasının lideri Nikol Paşinyan sona qədər aksiyaları davam etdirəcəklərini bəyan edib. Ekspertlər proseslərin cinayətkar Sərkisyan rejimi üçün təhlükə vəziyyətə çata biləcəyini istisna eləmirlər.

Azərbaycanın mövcud durumda nələr etməli olduğu barədə fikirlər müxtəlifdir. Bir çoxları hesab edir ki, rəsmi Bakı bu vəziyyətdən istifadə edib, torpaqları azad etmək üçün hərəkətə keçməlidir. Rusiya faktorunu önə çəkərək, bunun çətin olduğu düşüncəsində olanlar da az deyil. Bütün hallarda Azərbaycan tərəfinin təcavüzkar ölkəyə müxtəlif yollarla təsirlər etməsinin vacibliyi vurğulanır. Ermənilərin zamanında Azərbaycan daxilindəki qarışıqlıqdan istifadə edərək, torpaqlarımızı işğal etdikləri önə çəkilir, ölkəmizin düşmənə cavab verməsi üçün zamanın yetişdiyi qeyd olunur.

Lakin beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hesab edir ki, Azərbaycan hərəkətə keçərsə, bu, Sərkisyan rejiminin müsbətinə olar: “Azərbaycan torpaqlarını işğal olunduğu zaman tamam başqa dövr idi. Müstəqillik yeni əldə edilmişdi, dövlət institutları kövrək, ordu quruculuğu, silahlanma özünün ilkin mərhələsində idi. Bunların əvəzində Rusiyanın Ermənistana açıq və hərtərəfli yardımları sayəsində işğal baş vermişdi. Bu gün isə Azərbaycan, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, istənilən vaxt uğurlu hərbi əməliyyatlara başlaya bilər. Doğrudur, şimal qonşumuzun və Qərbin buna müxtəlif - hətta ola bilər, daha kəskin reaksiyalarının şahidi olaq. Amma ədalətli tərəf olduğumuz üçün bu reaksiyalardan heç vaxt çəkinməməliyik. Bu gün Ermənistanda Qarabağ probleminin ədalətli həll olunmasını istəməyən uzun illərdir hakimiyyətdə kök salmış Serj Sərkisyan və Qarabağ klanıdır. Onlar hakimiyyətə Qarabağ müharibəsi dalğasında gəliblər və bu faktorla da hakimiyyətlərini qoruyurlar. Bu klanın hakimiyyətdən getməsi problemin sülh yolu ilə həll olunmasına müəyyən ümidlər verir, amma qalması isə ümidləri sıfır səviyyəsinə salır. Bu gün Ermənistanda Sərkisyan klanı əleyhinə gedən mitinqlər, etirazlar davamlı olacaqsa, tezliklə Sərkisyan klanının sonu çata bilər. Belə bir məqamda Azərbaycan tərəfin sərhəd boyu hər hansı hərbi əməliyyatlara başlaması, biz istəməsək belə, Serj Sərkisyanın maraqlarına xidmət edər. Bundan istifadə edərək insanların diqqətini konfliktə yönəltməklə mövqelərini möhkəmlədər, müxalifətini zəiflədər. Özünün isə müqavimət gücünü artırar. Ona görə də inanmıram ki, Ermənistan daxilində olan bugünkü qarışıqlıqdan istifadə edərək Azərbaycan cəbhə boyu hər hansı əməliyyata başlasın. Amma əksinə, əminəm ki, Serj Sərkisyanın özü vəziyyətinin ağırlaşacağı təqdirdə sərhəd boyu təxribatlara əl atıb sistemli atəşkəs pozuntusuna gedə bilər və bunların Azərbaycan tərəfindən törədildiyini bəyan edər. Biz bilirik ki, Ermənistanda insanların əksəriyyəti mövcud rejimdən narazıdır və eyni zamanda Dağlıq Qarabağ konfliktinin Ermənistana ziyan verdiyini, hətta gələcəkdə dövlət olaraq məhvə apardığını söyləyənlərin sayı da gündən-günə artmaqdadır. Əvvəllər onları sakitləşdirməyin yolu psevdopotriotizm idisə, indi o da işləmir. Ona görə də onun üçün yeganə yol qalır ki , o da təmas xəttində sabitliyin pozulması və bununla da özünə müxalif olanları vəziyyətin bu həddə çatmasında günahlandırmasıdır”.

Politoloq Əhəd Məmmədli isə bunları dedi: “Fikrimcə, rəsmi Bakı bu hadisədən istifadə etməyəcək, etməməlidir də. Çünki Sərkisyanın əlində bəhanə olacaq ki, bax, görürsüz, müxalifət aranı qatdı, Azərbaycan da bundan istifadə edəcək. Onsuz da erməni müxalifətinin növbəti üsyanı yenə də yatırdılacaq. Bu, çox yaxın zamanda baş verəcək. Çünki Rusiya nə vaxta qədər güclüdürsə, o vaxta qədər Putinin vassalı Sərkisyan özünü qoruya biləcək. Azərbaycan bunlardan istifadə edib göstərməlidir ki, Ermənistanda demokratiya yoxdur və s. Yalnız məsələ ondadır ki, demokratiya məsələsində Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Amma yenə Azərbaycan Ermənistana qarşı ifşa kampaniyası başlatmalıdır. Hazırda müharibə real görünmür. Bir az da prosesləri izləyək”.

“Yeni Müsavat”
Diaspora