Toğrul İsmayıl: “Rusiya-Qərb qarşıdurması dərinləşsə, Qərbin və Rusiyanın Bakıdan seçim tələbi gündəmə gələr bilər”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BBC-yə müsahibəsində Qərb və Rusiyanın münasibətlərinin “soyuq savaş” dövründən daha pis olduğunu deyib. Rusiya xarici siyasət idarəsi rəhbərlinin fikrincə, bu vəziyyətin əsas səbəbi tərəflər arasında əlaqə kanallarının məhdud olmasıdır. Mövcud durumu “çox təhlükəli” adlandıran Lavrov deyib ki, məhz Qərb ölkələri, xüsusən də ABŞ və Böyük Britaniya bu kanalları bağlayıb.Qeyd edək ki, Lavrovun bu sözləri əsasən Suriyadakı vəziyyət, xüsusən də kimyəvi silah iddiaları və bundan sonra ABŞ, Britaniya və Fransa koalisiyasının bu ölkəni bombalaması ilə yaranan vəziyyəti nəzərdə tutaraq deyib. O bildirib ki, son bombardmanla “Moskva Qərbdəki dostlarına sonuncu inam qırıntılarını da itirib”.
Ancaq aydın məsələdir ki, hazırda Rusiya və ABŞ arasında böyük gərginlik var, Vaşinqton Moskvanın iqtisadi “nəfəsliklərini” bağlamağa çalışır. Embarqolar Rusiya iqtisadiyyatına ciddi zərbə vurub, rusiyalı oliqarxlar böyük pul itkisi ilə üzləşib. O cümlədən ABŞ-ın sübuta yetirilməmiş nüvə ittihamları ilə Suriyanı bombalaması əslində Əsəddən daha çox Putini hədəfə alıb. Çünki Suriya savaşının qalibi faktiki olaraq Putindir və Rusiya lideri Yaxın Şərqdə, o cümlədən dünyada nüfuz qazanır. Vaşinqton Suriyanı bombalamaqla Putinə qarşı, onun güclü olduğu hər yerdə sərt davranacağını nümayiş etdirdi. Gündən-günə sərtləşən sanksiyalar isə, Lavrovun dediyi kimi, Qərb və Rusiya arasında sonuncu bağları da qoparır. Qərb Rusiyanı təcrid etmək, uğurlarına kölgə salmaq və iqtisadiyyatını çökdürməyə çalışır.
Qərb və Rusiyanın bu şəkildə qarşı-qarşıya gəlməsi bizim üçün də təhlükəlidir. Doğrudur, hələlik Vaşinqton və Moskva Suriyada “güclərini sınayır”. Amma heç kim bu qarşıdurmanın Rusiyanın təsirli olduğu digər regionlarda, o cümlədən Cənubi Qafqazda yaşanmayacağına təminat verə bilməz. Üstəlik, Lavrov özü də etiraf edir ki, artıq danışıq üçün kanallar qalmayıb.
Ankarada yaşayan siyasi şərhçi, dosent Toğrul İsmayıl deyir ki, vəziyyətin bu həddə çatmasında həm də Rusiya günahkardır. Ekspertin fikrincə, Rusiyanın aqressiv siyasəti son nəticədə onun təcrid olunmasına və Qərbin şiddətli təzyiqləri ilə üzləşməsinə səbəb oldu: “Lavrov haqlıdır, münasibətlər ”soyuq savaş" dövründən daha pisdir. Amma burada qəbahət təkcə Qərbdə deyil. Rusiyanın aqressiv ekspansiv siyasətini də unutmamaq lazımdır. Xüsusən də Suriya məsələsində Rusiyanın mövqeyi bütün dünyadan fərqləndi. Müqayisə eləsək, bəlkə də Rusiya özünü Sovetlər Birliyinin yerində görərək bu cür bənzətmələr edir. Üstəlik, sovetlər daha balanslı bir siyasət aparırdı, dünyanın nizamını təyin edirdi. Üstəgəl, SSRİ böyük hərbi, siyasi, iqtisadi gücü olan birlik idi. Ancaq indiki Rusiya o imkanları özündə daşımır. Bir tərəfdə dünya iqtisadiyyatının az qala üçdə ikisinə nəzarət edən Qərb var. Digər tərəfdə isə dünya iqtisadiyyatında 1 faizlik göstəriciyə sahib olan Rusiya dayanıb".
T.İsmayıl deyir ki, vəziyyətin yaxşı və ya pis olması aparılan siyasətə bağlı olacaq: “Rusiya İraq, Liviya böhranları zamanı özünü sakit apardı, hər hansı qarşıdurmaya getmədi. Rusiya dövlətinin atdığı addımlar, beynəlxalq hüquqla bağlı laqeyd yanaşma Rusiyanın beynəlxalq imicinə zərbə vurub. Başqa ölkələrin daxili işlərinə qarışan bir ölkə kimi tanınmasına səbəb olub. Önəmli olan özünü dünyaya necə göstərməkdir. Amerika mələk deyil, qəddar, aqressiv xarici siyasət qərarları var. Ancaq, dediyim kimi, daha çox özünü necə göstərməkdir. Qərb çalışır ki, Rusiyanın mənfi imicini, hücum edən, aqressiv ölkə imici yaratsın”.
Ekspertin fikrincə, hazırda münasibətlər pis həddədir və bundan daha pis vəziyyət - müharibə də ola bilər: “Rusiyanın isə təkbaşına ABŞ və Avropaya qarşı savaş aparması isə şübhəli və riskli məsələdir. Belə bir müharibə ancaq nüvə savaşı ola bilər. Buna da nə Rusiya, nə Amerika, nə də başqası getməz. Amma ”soyuq müharibə" illərində olduğu kimi, lokal mandat savaşları ola bilər. Bu çərçivədə Azərbaycan və Ermənistan arasında da savaş ola bilər. Ancaq belə bir savaş bölgədəki böyük güclərin izn verdiyi qədər keçərli ola bilər".
O ki qaldı region ölkələrinin, o cümlədən Azərbaycanın bu vəziyyətdən nə qədər təsirlənməsi mövzusuna, T.İsmayıl deyir ki, Rusiya-Qərb qarşıdurması bizim regionda da dərinləşsə, həm Qərbin, həm də Rusiyanın Azərbaycan hakimiyyətindən tərəf seçmək tələbləri gündəmə gələr bilər: “Hər halda bu cür məsələlər bizim kimi ölkələrə mənfi təsir edir. Bir deyim var, siyasi proseslər haqqında da deyilir. ”Fillər sevişərkən də, savaşarkən də otlar əzilir". Yəni çalışıb “fil savaşlarında ot olmamaq” lazımdır. Yəni seçim qarşısında qalmaq ehtimalımız bu dəfə olduqca yüksəkdir. Amma bu o demək deyildir ki, mütləq belə bir tələb olacaq. Olmaya da bilər, çünki hər şey irəliləyən prosesdən asılı olacaq. Yəni hər şey regiondakı faktorlardan asılı olacaq".
“Yeni Müsavat”