Qafar Çaxmaqlı: “Bütün bunlar o məqsədə xidmət edir ki Naxçıvan məsələsi gündəmə gəlsin...”
Ermənistanda həyata keçirilmiş növbəti seçki şousu ərəfəsində və elə aprelin 9-dakı andiçmə günü düşmən ölkənin təbliğat vasitələri çox güman ki, diqqəti daxildən yayındırmaq üçün təxribatçı məlumatlara geniş meydan verdilər. Belə ki, erməni mediası aprelin 8-i və 9-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan ərazisinin guya atəşə tutulması barədə məlumatlar yaydılar.Naxçıvanla bağlı xəbərlərin yayılmasından bir gün sonra ermənilər Tavuş vilayətinin atəşə məruz qaldığını iddia etdilər. Bundan əvvəl isə Ermənistan mediası “Naxçıvandan qaynaqlanan hərbi təhdid” barədə hay-küy salmışdılar. Ermənistanda hakim koalisiyanın ortağı olan Daşnaksütyun Partiyasının lideri Kiro Manoyan Naxçıvan məsələsində Azərbaycanın Türkiyə ilə birgə hərəkət etdiyini deyib (Virtualaz.org). Onun sözlərinə görə, Qarabağ məsələsində Azərbaycan Türkiyənin birbaşa iştirakının olmadığını göstərir, amma Naxçıvan məsələsində fərqli situasiyadır. “Naxçıvan məsələsində diqqətli olmaq lazımdır. Türkiyə və Azərbaycan Naxçıvanı hərbiləşdirir və oradan təhlükə yarana bilər. Və bu halda tamam ayrı situasiya meydana çıxacaq” - Manoyan bildirib. Daşnak siyasətçinin sözlərinə görə, əgər Azərbaycan Qarabağda hücuma keçsə, Rusiyanın buna reaksiya verib-verməyəcəyi hələ sual altındadır. Naxçıvandan hücum zamanı isə həm Rusiya qarışacaq, həm Ermənistan “bütün arsenalını” işə salacaq. “Ermənistan ərazisinin istənilən hissəsinə yönəlmiş bu cür hərəkətlər belə nəticələr meydana çıxaracaq. Amma Naxçıvan istiqaməti daha təhlükəlidir. Çünki bu təhlükə ağlasığmaz nəticələrə gətirib çıxara bilər” - daşnak deyib.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayaraq düşməni təkzib edib. “Son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istinadən növbəti dəfə təxribat xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma xəttində gərginliyi artırmağa cəhd göstərir” - bəyanatda deyilir.
Düşmənin məkrli siyasət yürütdüyünü “Yeni Müsavat”a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı da təsdiqlədi: “Kiro Manoyan Daşnaksütyun Partiyasının İrəvan bürosunun rəhbəridir. Onun fikirləri diaspor erməniliyinin ortaya atdığı və gərəkli hesab etdiyi düşüncələrin diqqətə çatdırılmasıdır. Diaspora Dağlıq Qarabağ məsələsində Ermənistanın hər hansı güzəştini qəbul etmir və düşünür ki, Azərbaycan nə vaxtsa öz torpaqlarını nəinki işğaldan azad etməyə, hətta Ermənistanı bir dövlət kimi xəritədən silməyə qərarlıdır. Onlar Ermənistanla olacaq müharibədə ilk zərbəni Naxçıvandan alacaqlarını bilirlər və qorxuları da bundandır. İkinci tərəfdən, Naxçıvan Moskva və Qars müqavilələri ilə özəl statusa malik bir bölgədir, Türkiyə burada haqq sahibidir. Naxçıvanın Azərbaycanın tərkibində qalması təqdirində Türkiyənin iddiaları yoxdur. Münaqişə Naxçıvanla bağlı olarsa, Türkiyə bu prosesin ortasında olacaq. Azərbaycanın burada güclü hərbi arsenala sahib olması da təbiidir. Ermənilər Naxçıvanı ”Böyük Ermənistan"ın bir hissəsi sayırlar və buraya iddialarını həm Ermənistan rəhbərliyi, həm də diaspora dilə gətirməkdədir. “Naxçıvandan bizi atəşə tuturlar”, “Naxçıvandan gələcək təhlükə” hardasa erməni təxribatıdır. Naxçıvana iddiaları yenidən gündəmə gətirmək üçün ortaya atılan yeni bir manevr də ola bilər".
Ekspertə görə, bu, həm də Rusiyanı ehtiyatlandırmaq təşəbbüsüdür: “Bir vaxtlar ermənilər Rusiyanı Qars və Moskva müqavilələrini ləğv etməyə çağırırdılar, həmin sazişlərin ermənilərin milli maraqlarından kənarda bir anlaşma olduğunu iddia edirdilər. İndi o iddiaları Koro Manoyanın dilindən səsləndirməyə başlayıblar. Həm də bunu ona görə edirlər ki, sanki rəsmi İrəvan bu fikri bölüşmür”.
Q.Çaxmaqlı əlavə etdi ki, ermənilər Rusiya ilə Türkiyənin münasibətlərinin normallaşdığı şəraitdə bu əlaqələri zədələmək üçün addım atırlar: “Bunlar belə dəyərləndirilə bilər ki, Rusiya məsələyə müdaxilə etsin və Azərbaycanı mümkün addımlardan çəkindirsin, Türkiyənin də bu proseslərdən kənarda durmasına nail olsun. Amma iddia da iddialığında qalsın. Ermənistan isə Naxçıvandan vaz keçməyəcək. Bütün bunlar o məqsədə xidmət edir ki, Rusiya bu məsələlərə müdaxilə etsin və Naxçıvan məsələsi gündəmə gəlsin. Dediyimiz həmin müqavilələrdə Rusiyanın da imzası var. Xatırlayıram ki, bir qrup erməni alimi ötən illərdə Putinə məktub göndərib Qars və Moskva müqavilələrinin ləğv edilməsini istəmişdilər, bu təxribatlar da həmin siyasətə xidmət edir”.
İrəvanda Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində andiçmə mərasimi baş tutan Ermənistanın yeni prezidenti Armen Sərkisyanın dedikləri ondan xəbər verir ki, işğalçı ölkənin siyasəti dəyişməyəcək və böyük savaş qaçılmaz olacaq. “Qoy heç kəsin şübhəsi olmasın ki, Qarabağın arxasında Ermənistan dayanır və bu məsələnin ədalətli həlli üçün bu gün də, sabah da mübarizə aparacaq” - Sərkisyan deyib. Yeni prezident Qarabağ münaqişəsinin həllinin Yerevanın əsas prioriteti olduğunu da diqqətə çatdırıb. O, həmçinin Ermənistan ordusunun möhkəmləndirilməsi üçün yeni proqram və silahların alınacağını da deyib. Göründüyü kimi, sərkisyanların yerini dəyişəndə İrəvanın siyasəti dəyişilməz qalır... (musavat.çom)