Qüvvələr nisbəti Bakı və Ankaranın xeyrinə dəyişir – yeni şans pəncərəsi

Qüvvələr nisbəti Bakı və Ankaranın xeyrinə dəyişir – yeni şans pəncərəsi backend

Putinin son Türkiyə səfərindən mühüm mesajlar; Qarabağda müharibə olsa, Kremlin seçimi nə olacaq? Rusiyalı analitiklər: “Ərdoğan çox gözəl oynayır və Putini güzəştə məcbur edir...”

Rusiya prezidenti Vladimir Putin Türkiyədə indiyədək görünməmiş təmtəraqla qarşılandı. Bu, əslində təkcə Ankara-Moskva münasibətlərinin yüksəlişdə olmasının təzahürü və iki paytaxtın bir sıra regional və qlobal məsələlərdə mövqe ortaqlığının nümayişi deyildi, eyni zamanda dünyaya, Qərbə (ABŞ və Avropa Birliyinə) növbəti, aydın bir mesaj idi.

Səfər bu xüsusda həm də yeni anlaşmaların imzalanması və Akkuyu AES-in təməlinin qoyulması ilə qardaş ölkənin atom ölkəsinə çevrilməsi yolunda olduqca mühüm, tarixi addımın atılması ilə yadda qaldı. Bundan əlavə, prezident Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransında vurğuladığı kimi, Ankarada tərəflər saat əqrəblərini bir daha tutuşdurdular. Bu, əslində həm də elə maraqların tutuşdurulması idi.

Türkiyə-Rusiya əməkdaşlığının inkişafda olmasının bir sübutu da Moskvaya qarşı Qərb sanksiyalarına və diplomatik savaşa Ankaranın qoşulmaması, əksinə, bu iki dövlət arasında əlaqələrin yeni və daha yüksək fazaya keçməsi sayıla bilər. Türkiyə kimi qüdrətli dövlətin, regional supergücün, nəhayət, NATO üzvünün bu dəstəyi Qərbin izolyasiya eləməyə çalışdığı şimal qonşumuz üçün hazırda hava-su kimi lazımdır və Moskva bunun qarşılığını yəqin ki, verəcək. “Yeni Müsavat”ın səfər öncəsi yazdığı kimi, bu qarşılıq həmçinin Azərbaycanın yer aldığı Cənubi Qafqaz bölgəsində Türkiyənin maraqlarının daha ciddi nəzərə alınması şəklində də ola bilər.

*****

Putinin son Türkiyə səfərini bu rakursdan analiz edən rusiyalı politoloqların fikirləri diqqət çəkir.

“Türkiyə Rusiyanın hər zaman rəqibi olub”. Bunu gazeta.ru saytına açıqlamasında rusiyalı siyasi ekspert, türkoloq Yuri Mavaşev deyib (axar.az). Onun sözlərinə görə, indiki zamanda Türkiyə Rusiyaya öz əməkdaşlığını çox baha qiymətə satacaq və Moskvanı böyük güzəştlərə məcbur edəcək.

“Bu, özəlliklə onlarla heç razılaşmadığımız sahələrdə olacaq. Bura misal olaraq Cənubi Qafqazı göstərmək olar. Ankara öz hədəfini Qərbin Skripalla bağlı mövqeyini bölüşmədən gerçəkləşdirməyə çalışacaq. Bu, çox gözəl oyundur. Xaricdə onlar göstərəcəklər ki, hər şey yaxşıdır, amma bağlı qapılar ardında öz şərtlərini irəli sürəcəklər. Mən münasibətlərin hansısa formada pisləşəcəyini demirəm. Bu, sadəcə, siyasətdir və hər kəs ondan maksimal şəkildə fayda götürməyə çalışır”, - deyə o qeyd edib.

Digər rusiyalı ekspert İlşat Sayetov da bəzi məsələlər barədə razılığın bağlı qapılar ardında veriləcəyini deyib: “Suriya ilə konfliktdə hər bir tərəfin öz marağı var. Onlar heç də həmişə üst-üstə düşmür. Türkiyə Rusiyanın da maraqlı olduğu hansısa addımlara hazırdır. ”Zeytun budağı" əməliyyatı Moskvanın çox da xoşuna gəlmir, amma Rusiya hansısa razılaşmalara görə geri çəkilir. Bugünkü (dünənki - red.) görüşdə İran, Türkiyə və Rusiya bölgənin təsir zonalarına bölünməsi, kürdlərin statusu və başqa şeylər haqqında razılaşa bilərlər".

*****

Bir şey dəqiqdir və Kreml başçısının Türkiyə səfəri də bunu təsdiqlədi ki, qardaş ölkə hələ uzun müddətə, ən azından orta perspektiv üçün Rusiyadan ötrü vacib, vazkeçilməz bir dövlət olaraq qalacaq. Söhbət həm də ikitərəfli iqtisadi-ticari maraqlardan, energetika sahəsində çoxmilyardlıq layihələrdən (“Türk axını”, Akkuyu AES) gedir.

Bu, o deməkdir ki, minimum yaxın 5 ildə Moskva Ankara ilə hər hansı şəkildə toqquşmaqda maraqlı olmayacaq, bundan yayınmağa çalışacaq. Demək, Azərbaycan üçün də yeni manevr imkanları açılır - o cümlədən Dağlıq Qarabağ məsələsində. Məntiqlə, Qarabağda müharibə zamanı Rusiya erməni tərəfdə Türkiyə ilə üz-üzə gəlməkdən qaçacaqsa, demək, Bakı daha inamlı antiterror əməliyyatı həyata keçirə bilər.

Bu üzdən Moskva yeni hərbi əməliyyatlarda maraqlı olmayacaq. Müharibədən qaçmaq üçünsə Rusiya Qarabağ məsələsində Azərbaycan və Türkiyə üçün məqbul həll variantına köklənməli olacaq. Əks halda, qeyd edildiyi kimi, Ankara ilə labüd toqquşma vəd edən böyük savaşı gərək göz önünə alsın. Erməniyə görə belə bir riskə dəyərmi?

*****

Sözsüz ki, Kreml öz forpostunu mümkün olana qədər qoruyacaq, erməniləri sakitləşdirmək üçün onlara bəzi müasir silahlar da verəcək. Ancaq böyük siyasətdə əbədi müttəfiqlər yox, əbədi maraqlar var. Rusiya imperiyasının tarixi də göstərir ki, Moskva daha böyük maraqlar naminə erməniləri, Ermənistanı asanca “xərcləyə” bilər. İşğalçı tərəfdə son vaxtlar Türkiyə-Rusiya yaxınlaşmasından dolayı artan təlaşın əsas motivi məhz budur.

Hər halda, Suriya məsələsində Türkiyə-Rusiya-İran anlaşmasının Qarabağ məsələsinə uğurlu inikası tamamilə mümkün görünür. Maraqlıdır ki, son vaxtlar bir sıra rusiyalı tanınmış analitiklər (Aleksandr Duqin, Oleq Kusnetsov, Maksim Şevçenko) Qarabağ nizamlanması üçün belə bir üçlü formatın vacibliyini tez-tez dilə gətirirlər.

Deyilə bilər ki, Yaxın Şərqdə, konkret olaraq Suriya məsələsində Moskvanın təsir imkanları, rıçaqları Ankaranın imkan və rıçaqlarından az olduğu üçün o, Türkiyə ilə daha tez anlaşmaq zorundadır. Qarabağı, Güney Qafqazı isə Kreml özünün “arxa bağçası”, “həyati maraqlar zonası” hesab edir.

Ancaq zaman, dəngələr, şərtlər sürətlə dəyişir. Yəni günün birində həmin “arxa bağça”da Türkiyəyə də yer ayrıla bilər - Kremlin razılığı və ya buna məcbur qalması nəticəsində... (musavat.com)
Diaspora