Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının təməli qoyulandan sonra prezident Rəcəb Tayyib Ərdoğan tvitter mikrobloqunda rus dilində paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan Türkiyənin 30 illik AES arzusunun bu gün gerçəkləşdiyini qeyd edərək Rusiya ilə tarixi müqaviləyə imza atdıqlarını bildirib: "Bu işdə zəhməti keçən hər kəsə təşəkkür edirəm. Akkuyu AES 2023-cü ildən etibarən istismara veriləcək. Bu müddət ərzində birlikdə çalışacağıq. Rusiya ilə regional məsələlərdə əməkdaşlığımız hər gün inkişaf edir".Qeyd edək ki, Türkiyədə AES-in tikilməsi məsələsi 1955-ci ildə gündəmə gəlib. Bu istiqamətdə konkret addım 2010-cu il mayın 12-də atılıb.
Xatırladaq ki, hazırda dünyanın 31 dövlətində 192 AES fəaliyyət göstərir. 16 ölkədə isə 55 AES tikilir. Pakistan, Qazaxıstan və İrandan sonra Türkiyə AES-ə malik olacaq 4-cü müsəlman dövlətidir.