Türkiyənin TRT HABER televiziya kanalı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı geniş reportaj yayıb.
AZƏRTAC xəbər verir ki, reportajda erməni-daşnak silahlı dəstələrinin Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı törətdikləri soyqırımı aktından bəhs olunub. Reportajda 1918-ci ilin mart qırğınlarından, eləcə də Bakıdakı Şəhidlər xiyabanından kadrlar yayımlanıb. Tamaşaçılara məlumat verilib ki, ötən əsrin ilk illərindən sürətlə silahlandırılan erməni quldurları Azərbaycanda müsəlman əhaliyə divan tutublar.1918-ci ilin martında ermənilərin Bakıda beş gündə 12 min günahsız azərbaycanlını qətlə yetirdiyi videomaterialda xüsusi olaraq vurğulanıb.
Reportajda həmçinin Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından da bəhs edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı Bakının qurtuluşu ilə bağlı Qafqaz İslam Ordusunun rəşadətini həmişə xoş hisslərlə xatırlayır və qəlbində yaşadır.