ABŞ-dan xain addım: Türkiyə dəhşətli savaşın astanasında

ABŞ-dan xain addım: Türkiyə dəhşətli savaşın astanasında backend

Türkiyənin Menbiçdə YPG terror təşkilatına qarşı həyata keçirməyi planlaşdırdığı əməliyyata mane olmaq istəyən ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) mahala yeni hərbi qüvvə göndərib.

Publika.az xəbər verir ki, “Assoşieyted Press” agentliyi Mrnbiçə göndərilən yeni Amerika əsgərlərinin fotolarını paylaşıb.

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra YPG-nin nəzarətində olan Suriya ərazisinin bərpası üçün nəzərdə tutulan 200 milyon dolların ayrılması prosesini dondursa da, digər tərəfdən Menbiçdəki xüsusi əməliyyatlar birliyini bu həftə genişləndirib.

ABŞ ordusunun sözçüsü və koalisiyanın ictimaiyyətlə əlaqələr üzrə komissarı, polkovnik Tomas Veal bölgəyə göndərilən yeni əsgərlərin sayını açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, yeni əsgərlər regiondakı koalisiya güclərinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

“Amerikanın səsi” radiosunun Suriyanın şimalındakı müxbiri isə bildirib ki, ABŞ qüvvələri Menbiçin şimalındakı Sayur çayı vadisi boyunca yerləşdirilib.

Ankara YPG terrorçularının Menbiçdən çıxarılmasını ABŞ-dan israrla tələb edir. Türkiyə ən yüksək rəhbərlik səviyyəsində bir neçə dəfə Menbiçdə əməliyyatın keçiriləcəyi barədə anons verib. Menbiç əməliyyatı barədə qətiyyət son olaraq Türkiyənin Milli Təhlükəsizlik Şurasının bəyanatında da ifadə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın Menbiç şəhərinə bir gecə qəfildən girə biləcəyini bəyan edib.

“Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik”, - prezident deyib.

Məlumata görə, martın 30-da Vaşinqtona səfər edən Türkiyənin Xarici İşlər nazirinin müşaviri Ümid Yalçının gündəmində olan əsas mövzu da məhz YPG-nin Menbiçdən çıxarılması olub. Daha əvvəl isə Xarici İşlər naziri Mövlud Çavuşoğlu YPG terrorçularının bölgədən çıxarılması ilə bağlı Ankara və Vaşinqtonun “anlayış” içində olduğunu söyləyib.

Lakin “Assoşieyted Press” agentliyinin Menbiçdən çəkərək paylaşdığı fotolar ABŞ YPG terrorçularını dəstəkləməkdə israrlı olduğunu göstərir. Fotolarda üzərində ABŞ-ın bayrağı olan zirehli avtomobillər də görünür.

Qeyd edək ki, daha əvvəl “Faynənşl Tayms” nəşri ABŞ-ın Suriyada sərgilədiyi mövqeyin artıq davam etdirilə bilməyəcəyi barədə xəbərdarlıq edib. Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD/YPG terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.

“ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə səbəb ola bilər”, - “Faynənşl Tayms” mümkün müharibəni proqnozlaşdırıb.
Diaspora