Malta “Skripal işi” ilə əlaqədar Rusiyadakı səfirini konsultasiyalar üçün geri çağırır.
Muxalifet.az xəbər verir ki, bu haqda Malta hökumətindən bildirilib.“Solsberidə qeydə alınan hücumun kontekstində Malta hökuməti siyasi konsultasiyalar üçün səfiri Moskvadan çağırır. Malta hökuməti ümumi təhlükəsizliyimizin ciddi çağırışı fonunda Böyük Britaniya hökuməti ilə tam həmrəyliyi ifadə edir”, - hökumətin Tvitter səhifəsində qeyd edilib.
Qeyd edək ki, “Skripal” işi ilə əlaqədar daha əvvəl Slovakiya konsultasiyalar üçün Rusiyadakı səfirini geri çağırıb. Skripal işi” ilə əlaqədar Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı isə 24-ə çatıb.
Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib. Martın 18-də isə Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, Kreml SSRİ-nin dağılması vaxtlarından sinir-iflic maddəsinin yeni ehtiyatlarını yaradırdı.
Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.
Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.
Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.