“Ölkəmizə gələn xaricilər Azərbaycana qarşı aparılan kampaniyaların iftira olduğunu görürlər”.
Axar.az xəbər verir ki, bunu Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli Məclisdə I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan kampaniyaya həsr olunmuş dinləmələr zamanı deyib. O, son vaxtlar xarici mətbuatda Azərbaycana qarşı 4500-ə yaxın məqalənin yazıldığını bildirib:“Bunlar təkcə ölkəmizdəki insan hüquqları ilə bağlı deyil. Harada Azərbaycanı ləkələmək imkanları varsa, ondan istifadə edirlər. Sözügedən kampaniyanın geniş vüsət almasına səbəb beynəlxalq səviyyəli yarışların Azərbaycanda keçirilməsidir. Qərb ölkələrindən gələn qonaqlar Azərbaycandakı inkişafı görüb bu kampaniyanın yalanlar üzərində qurulduğunu başa düşürlər.
Azərbaycan əleyhinə kampaniyanın başında isə beynəlxalq erməni təşkilatları və lobbiləri dayanır. Ukraynada baş verən proseslərdən sonra ermənilər anlayırlar ki, artıq Dağlıq Qarabağ problemi dünyaya açılmalıdır. Azərbaycan Avropada və ABŞ-da ciddi iş aparmalıdır. Ermənilərin buyuruğu ilə işləyənlər dərhal ifşa edilməlidir”.