“Vətənimin sizə qarşı mücadiləsinə müqəddəs haqqı var!”
Stalinlə ilk görüşünü illər sonra o, belə xatırlayacaqdı:“Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllələrində bir fabrikanın işçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarşımıza zəif, üzgün və ortadan bir az uzun boylu birisi çıxdı.
Bəsit qiyafəli olan bu zatın çiçək pozuğu ilə çopurlanmış üzünə diqqət etdim, ciddi bir tövrlə gülümsünürdü. Bizi təbii və sərbəst bir əda ilə qarşıladı. Gürcü ləhcəsi qüvvətlə hiss olunan rus dilində danışırdı. Adi xoş-beşdən sonra söz siyasi və sosial məsələlərə keçdi”.
Bu görüşü onun əmisi oğlu Məhəmmədəli Rəsulzadə təşkil etmişdi. Məhəmmədəli bəy həmin vaxt Bakı Petrol Sənayesi İşçiləri Sindikatında katib vəzifəsində idi. Təşkilat gizli şəkildə çar quruluşu əleyhinə siyasi fəaliyyət göstərirdi.
Kobadan Stalinə çevriləcək bu şəxslə tanışlıq Məhəmmədəmin bəyin həyatında maraqlı hadisələrə səbəb olacaqdı. Onu evindən gizləyəcək, məhbəsdən xilas edəcəkdi. Qarşılığında isə o da bir dəfə məhbəsdən xilas olacaqdı.
Amma Məhəmmədəmin bəy başa düşürdü ki, Koba ilə yolları artıq tamam ayrılıb. O, Vətəninə azadlıq bəxş edən şəxs idi, Koba isə Vətənini işğal edən şəxslərdən biri...
İkinci birincini əsla yaşatmayacaqdı. Amma Kobanın da hələ ki onunla bağlı planları vardı. Ona komissar vəzifəsi təklif etmək və ölkədəki nüfuzundan öz məqsədləri üçün istifadə etmək. Çünki Rəsulzadə ən güclü partiyanın lideri idi, onun bolşeviklər tərəfinə keçməsi Koba üçün böyük zəfər olacaqdı.
Bu məqsədlə Koba onu Pankratovun əlindən xilas edir, özü ilə Moskvaya aparır. Amma Rəsulzadə 15 il idi Kobanı tanıyırdı. Ona qarşı çıxdığı təqdirdə öldürüləcəyini bilirdi. Ona görə də ilk fürsətdəcə elmi-tədqiqat adı ilə Moskvadan Peterburqa gedir, Musa Begiyevin yardımı ilə gecə etibarlı qayıqçı ilə yola çıxır, Finlandiyaya gəlir.
1922-ci ilin sentyabrında Berlinə, oradan da Parisdən keçməklə İstanbula ayaq basır. İstanbulda Azərbaycan mühacirətini bir araya toplayır, “Yeni Kafkasya” jurnalını çap etdirir. Amma onu keçmiş münasibətləri xatirinə həbsdən xilas edən Kobanı da unutmur. Ona tarixin, bəlkə də, bir düşmənə yazılacaq ən ehtiramlı məktubunu yazır.
Avropaya keçdikdən sonra Stalinə göndərdiyi bu məktub bəlkə ona çatmayıb düşüncəsi ilə “Yeni Kafkasya”nın beşinci sayında dərc etdirir.
Həmin məktubun tam mətnini təqdim edirik:
(Mətn Türk Tarix Qurumu tərəfindən ötən il çap edilmiş “Məhəmmədəmin Rəsulzadənin “Yeni Kafkasya” yazıları (1923-1927)” adlı kitabdan dilimizə uyğunlaşdırılıb)
***
Rəsulzadə Məhəmmədəmin bəyin bir məktubu:
Möhtərəm Stalin!
Xilasım dostlarıma xoş bir heyrət təsiri bəxş edib. Təbii ki, onlar haqlıdırlar. Fəhlələrdən bir çoxu məhz müsavatçı olduqları üçün güllələnmədilərmi?! Belə bir şəraitdə adı çəkilən firqənin rəisi olmaq sifəti ilə mənim xilasım bir növ möcüzə imiş. Hadisənin izahı bu təbirə uyğundursa, insaf tələb edər. Qeyd edim ki, bu möcüzənin kəramətinə səbəb sizsiniz: çünki keçmiş dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağı lazım bildiniz.
Moskvada olduğum iki il əsnasında dostluğunuzdan istifadə etdim. Bəzi məhrumiyyətlərə məruz qalsam da, bunlar hər kəsin təhəmmül etdiyi məhrumiyyətlər idi, xüsusilə mənə aid deyildi. Əksinə, bəzən olurdu ki, mən bir sıra imtiyazlardan yararlanırdım. Bunun üçün sizə təşəkkür edirəm.
Moskvadan çıxarkən sizinlə görüşə bilmədim. Çünki Rusiyanı gizli şəkildə tərk etməyə qərar vermişdim. Bu hərəkətimdə sizə qarşı ehtiramsızlıq görməyəcəyinizə ümid edirəm. Səfərim üçün icazə istəmədim. İşin mənfi cəhətini nəzərə aldım. Bəlkə, siz icazə verməzdiniz; o zaman hər nə surətlə olsa da, Rusiyanı tərk etmək haqqındakı qərarımdan təbii olaraq vaz keçmək lazım gəlirdi.
Halbuki vaz keçmək mənim üçün qeyri-mümkün idi. Çünki bu, özü-özümü rədd etmək və əbədi surətdə tam bir fəaliyyətsizliyə məhkum etmək demək idi. Eyni zamanda bu, Rusiyada cərəyan edən hadisələrin və yaranacaq vəziyyətin lal bir müşahidəçisi olmaqdı.
Hazırda Rusiyada baş verən hadisələr isə bundan yüz il əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəl olduğu kimi, indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır.
Qədərin hökmü ilə iqtidara gələn Kommunist Firqəsi birdəfəlik məfkurə cəbhələrindən geri çəkilə-çəkilə keçmiş Rus imperiyasının bərpası fikrinə dayandı. Bu fikir isə firqənin ideoloji şüarlarından başqa, hakim olduğu mühitin cahangiranə təmayüllərindən doğmuş bir sıra mənafe və hədəfə malikdir. Bir hökumətin rəsmi məfkurəsi zadəgan şovinizmindən fəhlə kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyişməz və ən sonda geridə qalmış və az inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına (denasionalizə olması), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir nəticəyə səbəb olur.
Yerli fəhlə (proletariat) sinfinə istinad iddiası ilə ələ silah alaraq Qafqaz və Türküstan kimi ucqar vilayətlərdə yaranmış demokratik siyasi təşəkkülləri işğal etdiyiniz zaman, ümumiyyətlə, sabiq imperiyanın Çarizm siyasəti ilə ruslaşdırılmış müstəmləkə şəhərlərindəki rus fəhləsindən ibarət ən kiçik azlığın arzusuna uyğun olaraq böyük bir çoxluq təşkil edən yerli əhalinin ən qanuni bir haqqını kobud bir surətdə çeynəmiş olursunuz. Fəhlənin Azərbaycan və ya Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından başqa bir şey olmadığı gün kimi aşkardır.
Keçmiş Petroqrad dövrünün siyasəti də bundan başqa bir şey deyildi. Ucqar vilayətlərin muxtariyyat şəklindəki zahiri görünüşü də ciddi bir şey ifadə etməz. Azərbaycan xanlıqlarının ilk Qafqaz “Namesnikləri” (canişinləri) zamanındakı istiqlalları indiki Qafqaz cümhuriyyətlərinin “Zakraykom” (Zaqafqaziya vilayət komitəsi) baş katibləri zamanındakı istiqlallarından heç də az deyildi. Ortadakı fərq olsa-olsa, indiki cümhuriyyətlərin dağılması prosesi o zamankı xanlıqların dağılma prosesindən daha artıq olmasından ibarətdir.
Bolşevik Firqəsinin mərkəziyyətçi olduğunu bildiyimdən, bu firqənin bir cür özünəməxsus bir imperialist olduğunu sezmiş və zəruri bir dəyişiklik keçirəcəyini daha əvvəl söyləmişdim. Qeyri-ixtiyari müşahidəçi vəziyyətində olduğum üçün bu dəyişmə gözlərimin önündə baş verirdi. Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə Türk qövmlərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım.
Bunun üçün sisteminizdə millətin özü-özünə bəslədiyi bu imanın ta kökündən yox edildiyini və milli özünüdərk məfhumunun milli parçalanma məhfumuna dəyişdirildiyini soyuqqanlı şəkildə görə bilmirdim.
Sizin istədiyiniz bu dəyişiklik baş verə bilməz. Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı mücadilə edirlər və bu mücadilələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü.
Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınızla Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mücadiləyə qəhrəman Türkiyənin Antantaya qarşı icra etdiyi mücadilə qədər müqəddəs bir haqqı vardır.
Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda sizin də dostunuz olaraq qalır, şəxsinizə qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə mənə qarşı göstərdiyiniz diqqəti heç bir zaman unutmayacağıma inanmanızı xahiş ilə sizə yaxşı bir xidmət göstərmək fürsətini cani-dildən təmənni etdiyimi ərz edirəm.
Ehtiramla
Qanuni-sani, 1923
Rəsulzadə Məhəmmədəmin
P.S. Aşağıdakı foto Rəsulzadənin Rusiyadan qaçdıqdan sonra 1922-ci ildə çəkilmiş fotosudur. Foto Finlandiyanın Hüvinkəə şəhərində lentə alınıb.
Soldan sağa: Abdullah Battal Taymas (tatar mücahidi), Mustafa Salah (tatar tacir), Məhəmmədəmin Rəsulzadə, Lütfi İshaqi (tatar din xadimi).