“Yeni Birlik”-in müəllifi İlnur Çevik, bugünkü yazısında ABŞ-ın Suriyada qurduğu terror qruplarının İrana qarşı bir təhdid yaratdığını, Türkiyənin bu təşkilatlarla mübarizə apardığı üçün İranın Türkiyəyə borclu olduğunu söyləyib.
İlnur Çevik, bugünkü yazısında Türkiyənin hərbi gündəmini qiymətləndirib.“Bu güclənən Kürd terrorçu gücü həm Şimali Suriyada muxtar bir inzibati quruluşa çevrilir, həm də Suriyanı bölür" - deyən Çevik, bu gücün Türkiyə üçün ciddi bir təhlükəsizlik təhdidi olduğunu deyib.
Müəllifin yazısından bir hissə:
"Amma işin incəliyinə baxdığınız zaman bu gücün əsasında eyni zamanda İrana qarşı Amerikalıların formalaşdırdığı bir qüvvə olduğu ortaya çıxır.
Amerikalılar hər baxımdan bu YPG, PYD və PKK terrorçularını gücləndirib, İranın Suriyada İsrailə təhlükə yaratmasını ortadan qaldırmağa çalışırlar. Bu güc yalnız Suriyadakı İran milisləri, Hizbullah və hətta İran İnqilab Qvardiyasına qarşı istifadə olunmayacaq, eyni zamanda bu silahlı qüvvə İrana bağlı Haşdi Şabi milislərinin İraq üzərindən Suriyanın şərq sərhədlərindən sızmasının da qarşısını alacaq.
İsrail onsuz da Suriyada İrana qarşı cənubda bir cəbhə yaradıb. İndi Kürd terrorçular da şimaldan İranı sıxışdırıb, İranın Suriyada saxladığı əsgərləri və dəstəklədiyi gücləri məngənəyə alacaqlar.
Bu işi daha da möhkəmləndirmək üçün ABŞ Kürd terrorçulara Suriya neftinin 70 faizini özündə cəmləşdirən neft sahələrini verdi, həm də gələcək il büdcəsində bu terrorçulara 550 milyon dollar verəcək.
Amma Türkiyə bu incə hesabları pozur, Türkiyə və Azad Suriya Ordusu Afrindəki hərəkatla YPG, PYD və PKK-nı çətin duruma saldı. Əməliyyatların əvvəlindən bəri demək olar ki, terrorçular 2 min 500 hərbçi itirdilər. Buna görə Amerika üçün Raqqa bölgəsində döyüşən terrorçular indi silahlı qüvvələrinin yarısını Afrinə göndərirlər. Bu da İrana qarşı yaradılmaq istənən cəbhəni zəiflədir.
Yəni, nəticədə İranın bu məsələdə Türkiyəyə bir təşəkkür borcu var".
Müxalifət.az