Ukrayna qoşunlarının Krımdan müqavimətsiz çıxarılması haqqında qərar prezident administrasiyasının başçısı Sergey Paşinskinin təşəbbüsü ilə qəbul edilib.
Publika.az xəbər verir ki, bu haqda Feysbuk səhifəsində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk bildirib.Serdyuk müdafiə naziri səlahiyyətlərinin keçmiş icraçısı İqor Tenyuxun dindirilməsi protokolunun surətlərini dərc edib. Dərc edilmiş fraqmentlərə əsasən, o, 2014-cü il martın 23-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında yarımadadakı vəziyyət haqqında məruzə ilə çıxış edib. İddia edilir ki, o, “Krıma sıçrayış etməyi” təklif edib.
“Nazir barəsində hər şey aydındır, o, müharibə istəyir, başqa üzvləri dinləyək”, - Paşinskiy deyib.
Bildirilir ki, Milli Qvardiyanın komandanı, hazırda Ukraynanın müdafiə naziri olan Stepan Poltorak “qürurla qaldırılmış bayraqlarla hissələrimizi Krımdan çıxarmağı təklif edirəm" deyib.
İddia edilir ki, Tenyux cavabında dərhal istefa verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, yarımadanın müdafiəsi üzrə Ukrayna hərbçilərinin bütün təklifləri həmin vaxt baş nazir vəzifəsini tutan Arseniy Yasenyuk və keçmiş baş nazir Yuliya Timoşenko tərəfindən bloklanmışdı.
Rusiyanın “İzvestiya” nəşri ilə danışan politoloq Boqdan Bezpalkonun sözlərinə görə, qoşunların Krımdan çıxarılmasını dəstəkləyən şəxslər bu qoşunların Rusiya Silahlı Qüvvələrinə heç vaxt müqavimət göstərə bilməyəcəyini anlayırdılar. Politoloq əminliyini ifadə edib ki, Kiyevin istənilən hərəkətləri Krıma Rusiya Federasiyasının tərkibinə “qayıtmasına” mane olmazdı.
Xatırladaq ki, Krım 2014-cü ilin martında referendumun nəticələrinə görə Rusiya ilə birləşdirilib. Ukrayna hakimiyyəti, həmçinin Qərb yarımadanı “işğal edilmiş ərazi” hesab edərək referendumun nəticələrini tanımaqdan imtina edir. Moskva isə təkid edir ki, birləşmə proseduru beynəlxalq hüququn normalarına tamamilə uyğun idi.
Daha əvvəl “Blomberg” agentliyi yazmışdı ki, ABŞ 2014-cü ilin əvvəlində Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin başlanmasının qarşısını alıb.
Agentliyin əməkdaşları “Ukrayna ötən il Krımı Rusiyanın “yaşıl adamcığazları”ndan niyə müdafiə etmədi” sualına cavab tapmaq üçün araşdırma aparıblar. Bildirilir ki, Rusiya tərəfindən Krımın ilhaqı başlananda Ukrayna hökuməti “yaşıl adamcığazlar”la vuruşaq, yoxsa vuruşmayaq” müzakirələrini apardığı bir vaxtda Barak Obama administrasiyasından dəqiq siqnal gəlib: Moskva ilə hərbi qarşıdurmadan yayınmaq.
Agentlik qeyd edir ki, Ağ Evdən gələn siqnal sadəcə bir əmr deyildi, bir neçə konkret amilə söykənirdi: “Birincisi, aydın deyildi ki, Rusiya nə etmək istəyir. İkincisi, Ukrayna qoşunu Rusiyanın “xüsusi təyinatlı dəstələri”nə qarşı durmaq vəziyyətində deyildi. Üçüncüsü isə, həmin vaxt Kiyevdə müvəqqəti hökumət var idi. Ukrayna nümayəndələri bizə dedilər ki, Avropa hökumətləri də Kiyevə eyni siqnalı göndərmişdilər. Amerika nümayəndələrinin sözlərinə görə, Ağ Ev ehtiyat edirdi ki, Ukrayna qoşunları Krımda silahlı müqavimət göstərsə, bu, Putinin Ukraynaya böyük hərbi müdaxiləsinə bəraət verərdi. Putin həmin məntiqdən istifadə edərək 2008-ci ilin avqustunda Gürcüstan ərazisinin çox hissəsini tutmuşdu və Rusiya qoşunları Gürcüstanın iki vilayətini bu günə qədər işğal edir”.
“Bloomberg” bildirir ki, bir çox ekspertlər və rəsmi nümayəndələr Krımda Rusiya ilə qarşıdurmadan yayınmaqla təcavüzün qarşısınının alınacağına ümid edirdi. “Amma bu hesablama səhv idi. Demək olar ki, Krım unudulub. Rusiya tərəfindən dəstəklənən separatçılar Ukraynanın iki böyük vilayətinin xeyli hissəsinə nəzarət edirlər və tərəflər arasındakı atəşkəsin iflası təhlükəsi var”, – agentlik yazır.