"Yoxlanılmış məlumatlara əsasən, Kayrat Boranbayev heç vaxt Dağlıq Qarabağda olmayıb, orada hansısa layihəni maliyyələşdirməyib və ya maliyyələşdirməyi planlaşdırmayıb".
Bunu "Report"un sorğusuna cavab olaraq Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.Qazaxıstanlı iş adamı Kayrat Boranbayevin Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Şuşa şəhərindəki "Gövhər ağa" məscidinin bərpası üçün vəsait ayıracağı haqda məlumatı şərh edən diplomatik nümayəndəlikdən bildirilib ki, bu informasiyalar həqiqət deyil.
Qeyd edək ki, Azərbaycan mətbuatında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qudası, ölkənin ən varlı biznesmenlərindən biri olan Kayrat Boranbayevin Azərbaycanın işğal olunmuş ərazilərində - Şuşada məscid bərpasını maliyyələşdirəcəyi haqqında məlumat yayılıb.