Ermənistanın paytaxtı Yerevanda Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müəllifi olduğu “Gücün oyanması” adlı kitabının təqdimatı ləğv edilib.
Tədbirin keçiriləcəyi Yeqişe Çarentsin ev-muzeyindən bildirilib ki, tədbir texniki səbəbdən ləğv olunub.Məlumata görə, təqdimatın təşkilinə dair razılıq ev-muzeyinin nümayəndələri ilə yanvarın 25-də əldə olunsa da, bir gün sonra tədbirin texniki səbəbdən ləğv olunduğu bildirilib.
“Sputnik Armeniya”nın xəbərinə görə, həm Ermənistanda, həm də Gürcüstanda sosial şəbəkə istifadəçiləri təqdimatın siyasi səbəblərdən ləğv olunduğunu iddia edir.
Belə ki, istifadəçilər kitabın üz qabığının şəklini sosial şəbəkələrdə paylaşaraq təqdimata Ermənistan Mədəniyyət Nazirliyi tərəfindən yasaq qoyulduğunu iddia ediblər. Nazirlik, öz növbəsində, insidentlə əlaqəli olmadığını iddia edib.
Kitabın tərcüməçisi Naapetyan “Facebook” hesabında təqdimatın ləğv olunmasının əsl səbəbindən xəbərsiz olduğunu bildirib.
“Gücün oyanması” adlı kitabın təqdimatının növbəti tarixi fevralın 7-nə təyin olunub.
(apa)