Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözügedən qurumun sessiyasında “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirədəki çıxışı qardaş ölkədə qürur hissi ilə qarşılanıb.
Axar.az xəbər verir ki, məşhur “Hürriyyət” qəzeti Səməd Seyidovun Türkiyəyə dəstək çıxışını “alqışlanan çıxış” kimi təqdim edib.“Milliyyət” qəzeti isə Seyidovun çıxışını sosial şəbəkədə “Yaşasın iki dövlət, bir millət” başlığı ilə paylaşmasını iki qardaş ölkənin vətəndaşları arasında coşqu ilə qarşılandığını yazıb.
Bundan başqa, digər media orqanları da azərbaycanlı millət vəkilinin çıxışına böyük yer veriblər.
Qeyd edək ki, Səməd Seyidov AŞPA-dakı çıxışı zamanı Türkiyənin Afrindəki antiterror əməliyyatları haqda bunları demişdi:
“Bu nə işğal, nə də müdaxilədir. Bu, terrora qarşı hərbi əməliyyatlardır. İki istiqamətdə müdafiədir. Beynəlxalq səviyyədə tanınan İŞİD və PKK kimi terror təşkilatlarına qarşı mübarizədir. Hər iki terror təşkilatı bəşəriyyət, Avropa və insanlar üçün təhlükəlidir. Türkiyə bu xərçəngə yoluxmuş əraziləri təmizləmək, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş şərait yaratmaq üçün bu əməliyyatları başlayıb”.